Siyasət

Səfirliyimizə kimlər və niyə hücum etdi? - TƏFƏRRÜATLAR - FOTO

5 Avqust 2022 11:18
10 Şərh     Baxış: 6 751

Dünən ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Səfirliyimizə hücum edənlər isə Britaniyadakı "İttihad Həddam əl Məhdi" ("Mehdi Xidmətçiləri Birliyi", MXB) adlanan radikal təşkilatdır.

Əslən küveytli olan molla Yasər əl Həbibin başçılıq etdiyi bu təşkilat hüquqi olaraq ləğv edilsə də, fəaliyyət göstərir.

MXB-nin "Fəddak TV" adlı peyk telekanalı da var.

Özünü iranlı ayətulla Seyid Sadiq Hüseyni Şirazininin davamçısı elan etmiş Yasər əl Həbib "əsl şiəlikdən kənarlaşmış camaatlara və dövlətlərə cişad" elan edib.

Onun düşmən saydığı ölkələr arasında ilk yerləri Türkiyə, İran, Azərbaycan, Fars Körfəzi dövlətləri, postsovet məkanındakı müsəlman ölkələr var.

İran və İraqdakı ayətullaların tam əksəriyyətini, habelə Türkiyə və Azərbaycandakı din xadimlərini "mübtədi" ("yenilikçi") adlandıran əl Həbib bir vaxtlar İranın Qum şəhərində ayətulla Məhəmməd Ridhi əl Şirazinin tələbəsi olub.

Yasər əl Həbib İrandakı din xadimləri ilə "heç bir əlaqəsinin olmadığını" daims bəyan etsə də, o, ayətulla Müctəba əl Şirazinin kürəkənidir.

"Mehdi Xidmətçiləri Birliyi"nin üzvlərisə ayətulla Sadiq əl Şirazini özlərinə "mərcei-təqlid" ("təqlid olunan din xadimi") seçiblər.

Qruplaşma radikal anti-sünni mövqeyi, bəyanatlarında və təbliğat mətnlərində sürəkli olaraq Hz.Ömərlə Hz.Aişəni təhqir etməsi ilə tanınır.

1979-cu ilin yanvarın 20-də Küveytin paytaxtı Əl Küveytdə doğulmuş, özünü "şeyx" və "höccətülislam" kimi təqdim edən Yasir əl Həbib radikal-ekstremist dini təbliğatına görə 2003-cü ilin noyabrın 30-da həbs olunmuşdu. Lakin 2004-cü ilin fevralında o, Küveytin Milli Günü münasibətilə ölkə əmirinin əfv fərmanı əsasında azadlığa buraxılıb.

Küveyti tərk edərək İraqa, daha sonra İrana yollanan Yasir əl Həbib sonucda Britaniyada gedərək orada siyasi sığınacaq alıb.

Hazırda Fulmer şəhərində yaşayır.

2013-cü ilin fevralında qruplaşma Britaniyanın Bekinhemşir qraflığındakı Fulmer şəhərində köhnə kilsənin ərazisini 1,2 milyon funt-sterlinqə satın alaraq orada "Əl Mühasin" məscidini inşa edib.

2018-ci ilin martın 10-da isə "Mehdi Xidmətçiləri Birliyi"nin xəncər və dəyənəklərlə silahlanmış 4 üzvü İranın Londondakı səfirliyinin eyvanına dırmaşaraq İran bayrağını cırıb yerə atmışdılar. Onların dediklərinə görə, ayətulla Hüseyn əl Şirazinin həbsinə etiraz ediblər.

2010--cu ilin fevralın 23-də Yasər əl Həbib "Mehdi Xidmətçiləri" ("Həddam əl Məhdi") adı ilə rəsmi qeydiyyata düşmək üçün müraciət hazırlayır. İngiltərə və Uelsin Xeyriyyəçilik Komissiyası (Charity Commission for England and Wales) təşkilatı xeyriyyə cəmiyyəti qismində 2010-cu ilin iyulun 21-də qeydə alıb.

O vaxtlar qruplaşmaya Adel Səlah, Əli Şübbər, Məhəmməd Səlah və Yasir Fövcan rəhbərlik edirdilər.

Britaniya polisi təşkilatın heç də "xeyriyyə cəmiyyəti" olmadığını anlayır və 2012-ci ilin aprelin 10-da "Mehdi Xidmətçiləri"nin qeydiyyatı ləğv olunur.

Lakin qrup "xeyriyyəçilik" adı ilə Britaniyanın müxtəlif şəhərlərində müsəlmanlardan pul yığmağa, həmin vəsaitlə daşınmaz əmlak almağa davam edirdi.

Sonucda 2014-cü ilin aprelin 7-də "Mehdi Xidmətçiləri"nin fəaliyyəti yasaqlanır, yoxlamalar başlanır.

Məlum olur ki, sən demə, təşkilat iki ildə "vur-tut" 25 min funt-sterlinq ianə toplayıbmış. Təşkilatın satın aldığı və sahib olduğu daşınmaz əmlakların toplam dəyəri isə, halbuki, on milyonlarla funt-sterlinqdən artıqdı.

2017-ci ilin noyabrın 8-də təşkilat yenidən leqallaşmaq qərarına gəlir və bu dəfə "Khoddam Al Mahdi Organization Ltd" adlı məhdud məsuliyyətli şirkət kimi qeydiyyatdan keçir. "Şirkət" kağız üzərində İsveç vətəndaşı Tamer Cundi Yəssama məxsusdu.

2019-cu ilin aprelin 16-da bu şirkətin də qeydiyyatı ləğv olunub.

Amma təşkilat yenə də fəaliyyətdədir - "könüllü əsaslarla xeyriyyə cəmiyyəti" kimi. Yəni illeqal olaraq, qanunsuz çalışaraq.

"Mehdi Xidmətçiləri Birliyi"nin (MXB) Azərbaycanın Britaniyadakı səfirlik binasına hücum etməsinin səbəblərinə, radikal qruplaşmanın bu aksiyanı keçirməkdə motivlərinə gəldikdə isə, vəziyyət sadə deyil.

Hazırda sadəcə Küveyt yox, həmçinin Fars Körfəzindəki monarxiyalardakı radikal dini və ekstremist cəmiyyətlərlə fondlardan "maliyyə yardımı" adı ilə pullar alan MXB-nin eyni zamanda, Londonda fəaliyyət göstərən və əslən Hindistandan olan bəzi qruplarla da əlaqələr qurduğu iddia edilir.

"Hədəf" qismində Azərbaycan səfirliyinin seçilməsi təsadüf deyil.

Livan və Suriyadakı "Hizbullah" hərəkatının Britaniyada "kiçik klonu" olan "Həddam əl Məhdi" dəstəsini yaradan, bu dəstəyə 16 nəfəri cəlb edən Yasər əl Həbib özünü və qruplaşmasını bir daha gündəmə gətirmək üçün vəsilə arayırdı.

Onun səfirliyimizdəki aksiyasının özbaşına, fərdi və müstəqil şəkildə hazırlamadığı da ehtimal olunur.

MXB-nin son aksiyasının məqsədlərinə gəldikdə isə, onları hipotetik də olsa, təxminləmək mümkündür:

◾️  Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edərək oranı müvəqqəti, qısamüddətli olsa da "ələ keçirmək"lə radikal və sürətli aksiyalark keçirmək iqtidarında olmasını sifarişçilərlə maliyyə donorlarına göstərmək

◾️  Britaniyada guya "əsl dindar olan" qruplaşmanın mövcudluğunu bəyan edərək ölkədəki dini icmalara bu minvalla təhdid mesajı ünvanlamaq

◾️  Azərbaycan səfirliyinin mühafizəsinin "asanlıqla dəf edildiyi"ni göstərmək və qruplaşmanın İranın Londondakı səfirliyində illər əvvəl gerçəkləşdirdiyi aksiyanın təkrarlamaq iqtidarında olduğunu göstərmək

◾️  London polisinin diplomatik nümayəndəliklərin mühafizə işini "yarıtmaz təşkil etdiyi"ni göstərmək və bununla da mühafizə rejiminin sərtləşməsi ilə yanaşı, ölkdəki dini təşkilatlarla icma xeyriyə qurumlarına qarşı genişmiqyaslı təftiş aksiyalarının başlanmasına rəvac vermək

◾️  Aksiyanın çox emosional əks-sədha doğuracağına ümid edərək Azərbaycanda dini zəmində təfriqə və qarşıdurma yaratmağa cəşd göstərmək

◾️ Hz.Hüseynin (ə) mübarək adından çirkin və murdar məqsədlərlə istifadə edərək özlərini "əsl şiə" kimi təqdim edərək Azərbaycan, Türkiyə, İran, İraq, postsovet məkanı ölkələri və xüsusilə də Fars Körfəzin dövlətlərindəki şiələrə "mesaj" ünvanlamaq

◾️ Aksiya vasitəsilə özlərini naməlum "qüdrətli dövlətin xüsusi xidmət strukturunun himayəsindəki təşkilat" kimi qələmə vermək.

... Göründüyü kimi, sadalanan məqsədlər trivial, klassik terror və ekstremizm təmayüllü qruplaşmalara xas hədəflərdir.

"Mehdi Xidmətçiləri Birliyi" nə xeyriyyə, nə dini, nə də ictimai təşkilat olmadığını, İslam dini ilə pərdələnərək ekstremizm və terrorçuluqla məşğul olduğunu ortaya qoydu.

Söz indi Britaniyanın xüsusi xidmət və təhlükəsizlik strukturlarındadır. Onlar dərhal, təxirəsalınmaz və təcili şəkildə bu qruplaşma ilə məşğul olmalı, Britaniyada "Hizbullah"ın "təkrar"ını yaratmaq istəyənlərin arxasında duran təşkilatlarla gücləri dezavuasiya etməli, bu qruplaşmanın rəhbəri barədə gərəkli tədbir görməlidir.

Əks təqdirdə illər əvvəl Belçikanın hakimiyyət dairələrinin yol verdikləri çox kobud səhvin təkrarlanmayacağına kim təminat verə bilər?!

Xatırladım ki, 9 il əvvəl Brüsseldə iki radikal ekstremist saxlansalar da, az sonra onlar "sadəcə, dini təbliğatla məşğuldur" adı ilə buraxılmışdılar.

2016-cı ilin martında həmin şəxslər əvvəlcə Brüssel hava limanında iki partlayış törətdilər, sonra isə Brüssel metropolitenində partladıcı qurğunu işə saldılar.

Partlayışlarda 20 nəfər həlak olmuş, 106 nəfər yaralanmışdı.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Şərh yaz:

10 Şərh:

  • Anonim
    dd · 5 Avqust 11:3511

    hə biz də inandıq

    Cavab yaz
  • Anonim
    Mehdi · 5 Avqust 11:3550

    Azərbaycanın daxilində olan ifrati islam quruplarilə mütəmadi surətdə fikri mübarizə lazimdir. Radio və televizia və məktəblər və .... bu işdə səfərbər olmalıdılar.

    Cavab yaz
  • Anonim
    :) · 5 Avqust 11:5490

    Bu vəhşi manqurt sürüsü necə London kimi bir yerdə belə rahat hərəkət edə bilir o maraqlıdı... Başqa vaxt bunlara terrorist deyirlər, amma söhbət Azərbaycandan gedəndə adi insan olurlar...

    Cavab yaz
  • Anonim
    asi · 5 Avqust 12:1954

    “Fransıziski” “ağadan” sonra bir də “ anqliskiy” “ ağamız” oldu..İslamşüvənlik edən “ ağaların” hamısının da arxivi nədənsə o bəyənmədikləri kafir Avropaya gedib çıxır..Biri Fransada “ zühur edir”, tullanır irana və Azərbaycana din “ öyrədir”, biri Britaniyada oturub, Azərbaycana din öyrətmək planı qurur..Bütün bu təxribatları və təhlükələri nəzərə alıb, Azərbaycan özünün heç bir məzhəb və cərəyana köklənməmiş, heç kimə bağlı olmayan, heç kimdən əmr almayan din modelini ortaya qoymalıdır..İstəyən uyar, istəməyən rədd olar..

    Cavab yaz
    • Anonim
      Din düşməninə · 5 Avqust 16:1825

      Hə rədd olar, səni kimi

      Cavab yaz
    • Anonim
      Ceyhun · 5 Avqust 21:2202

      Dinin modeli olmur. Dini Allah göndərib. Kim istəyər əməl edər,kim istəyər etməz.... Başqa model axtarmağa ehtiyac yoxdur...

      Cavab yaz
  • Anonim
    Hu · 5 Avqust 13:4251

    Avropa terrorcularin siginacagina cevrilib.

    Cavab yaz
  • Anonim
    V.M · 5 Avqust 17:0313

    bunlar islam adi ilə şiə adı ilə ingilisə qulluq edən itlərdi.bunlarin ipi ingilisin əlindədi.düşmən şou yaratmaqla islama xüsusəndə şiəliyə qara yaxmaqla məşğuldu.amma bunlarin bizim dinlə heç bir əlaqəsi yoxdu.necəki amerika öz əkiz qüllələrin partlatdi.yəni bu birinci dəfə deyil dəfələrlə düşmənin belə hiylələrin görmüşük

    Cavab yaz
  • Anonim
    Zadə · 5 Avqust 20:1330

    Bayrağımıza əl vürduğunuz yerdə əliniz quruyardı kaş murdarlar!

    Cavab yaz
  • Anonim
    Ceyhun · 5 Avqust 21:2112

    Bu təşkilatın Hizbullahla heç bir əlaqəsi yoxdur axı... Qərəzli məlumat verirsiz "Milli.az"....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics