Siyasət

Separatçıların ümidləri puç olur: Moskvanın vədləri gerçəkləşməyəcək

20 May 2022 13:10
2 Şərh     Baxış: 2 672

Moskvanın "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukrayna müharibəsi və bu müharibə ətrafında yaşanan proseslərlə bağlı Rusiya Federasiyasının rəhbərliyinin indiki mövqeyini "savaş düşərgəsi" ilə "praqmatiklər düşərgəsi" arasında sərt mübarizə kimi dəyərləndirmək olar.

Rusiya hakimiyyətində, siyasətində və xüsusilə də mediasında "savaş düşərgəsi" özləri real heç bir iş görməyən, sadəcə fasiləsiz olaraq absurd şüarlar söyləyən, çağırışlar edən və ölkə vətəndaşlarını "Rusiyanı məhv etmək istəyən Qərbə qarşı mübarizə"yə səsləyən propaqandonlardan ibarətdir.

"Savaş düşərgəsi" Rusiyanın vücudundan bütün həyat şirələri soran, qanını sümürən, dövlət büdcəsinə çox baha başa gələn xərçəng şişidir.

"Qərbin dərsini vermək", "dünya geosiyasətini dəyişmək" və s. kimi çağırışlar edənlər arasında mediadakı propaqandonlar Vladimir Solovyov, Marqarita Simonyan, Olqa Skabeyeva ilə yanaşı, dövlət məmurları da var.

Məsələn, "Bir "Sarmat" raketi ataraq bizə düşmən mövqe tutmuş qitənin sahilboyu ərazilərini məhv edə bilərik" təki hədə səsləndirən "Roskosmos"un baş direktoru Dmitri Roqozin təki.

"Qərbin dərsini verməyə" çağıranların sırasında radikal siyasətçilər, pravoslov-kommunist illüziyaları ilə yaşayıb bu ximeraları təbliğ edən marginallar da az deyil.

Onlar Ukraynaya, qanlı müharibənin getdiyi məkana yollanaraq döyüşə qatılmaq niyyətində deyillər.

Əsla.

Ən yaxşı halda Vladimir Solovyov kimilər Donetsk və ya Luqansk vilayətinə propaqanda məqsədilə iki-üç günlük gedə bilərlər.

Qərb ölkələrini hədələyən propaqanda mənsubları "kollektiv Qərbin cavabını verə bilərik" deyirlər, amma bu şəxslər Qərb ölkələrində dəbdəbəli villalara və apartamentlərə malikdir, övladları da məhz Qərb ölkələrində təhsil alır, çalışır və işləyirlər.

"Savaş düşərgəsi"ndə xüsusi yeri Çeçenistan rəhbəri Ramzan Kadırov tutur. Ukraynadakı "xüsusi hərbi əməliyyatda 100 faiz uğur əldə edilməsi"ndən danışan və fasiləsiz olaraq Rusiya vətəndaşlarını "könüllü səfərbərliyə" çağıran Kadırov Kremlə sədaqətinin müqabilində konkret mənfəət əldə etməkdə israrlıdır.

Propaqanda ilə məşğul olanlar telekanallardan çəkilmirsə, Rusiya Federasiyasının iqtisadiyyatı və maliyyəsi ilə məşğul olanların halına yalnız acımaq olar.

Ukraynada müharibə başlayandan bəri Rusiyanın iqtisadiyyatı faktiki olaraq hospisə çevrilib və sənaye ağır vəziyyətə düşüb. Rusiyanı artıq 1000-dən artıq iri xarici şirkət tərk edib: bu isə yüz minlərlə insanın işsiz qalması ilə yanaşı, ölkə iqtisadiyyatına investisiyaların dayanması deməkdir.

Rəsmi statistik məlumatlara görə, baş verən proseslər nəticəsində Rusiya Federasiyasının real gəlirləri bu ilin sonunadək 6,8 faiz, real maaşların həcmi - 3,8 faiz azalacaq, işsizlik səviyyəsi isə 6,7 faiz artacaq.

Bu, Rusiyaya qarşı fasiləsiz artan sanksiyalar pressinqinin sürəti nəzərə alınmadan açıqlanan rəsmi rəqəmlərdir.

Halbuki Avropa İttifaqı Rusiyaya qarşı yeni, yeddinci sanksiyalar paketini hazırlayır.

Rusiya Federasiyasında vəd olunan "idxalın yerli istehsalla əvəzlənməsi" prosesinin "çiçəklənməsi" də baş vermədi. Fransanın "Renault" avtokonserninin Rusiyanı tərk etməsindən sonra RF dövlət başçısının mətbuat katibi Dmitri Peskovun "Yeni "Moskviç" yaxşı avtomobil olara, Putin də özünə bu maşından istəyəcək" açıqlamasındakı söz oyunu da deyilənlərə dəlalət edir.

Rusiya Federasiyasının Prezident Administrasiyasının kreaturası olan Sergey Qalkinin də Federal Dövlət Statistika Xidmətinə (Rosstat) rəhbər təyin edilməsi təsadüfi deyil. Məqsəd rəsmi statistikanı formalaşdıracaq hər rəqəmin, hər göstəricinin, hər hesablamanın ilkin olaraq ciddi saf-çürük edilməsidir.

Məsələn, Rusiyaya qarşı ilk sanksiyalar tətbiq ediləndən bəri ölkədə inflyasiya həddi 22,4 faizə çatsa da, Rosstatın rəsmi açıqlamalarında bu rəqəm 15 faiz (!) kimi göstərilir.

Bu ilin üçüncü rübündə Rusiyada işsizlik səviyyəsinin pik həddinə çatması gözlənilsə də, rəsmi Moskvanı gözləyən əsas problem bu deyil. Problem Rusiyanın dövlət istiqrazları üzrə ödənişləri həyata keçirə bilməməsidir ki, bu da defoltu qaçılmaz edir.

Yəni Rusiya çağdaş tarixində ilk dəfədir ki, dünya bazarlarında neftin, təbii qazın, taxılın, metalların, gübrələrin qiymətlərinin rekord həddə çatdığı zamanda resessiya yaşayır.

Rusiya Federasiyasının propaqandası istədiyi qədər "biz böyük, qüdrətli dövlətik" deyə bilər.

Həyatın acı, amma qaçılmaz gerçəkliyi isə odur ki, böyük və qüdrətli dövlətdə insanların əksəriyyətinin yaşamı ağır, məşəqqətli, yoxsul olmur.

Rusiyadakı "praqmatiklər düşərgəsi" bunu anlayır və Kremli Gürcüstan, Ukrayna və Moldovadakı separatçı rejimləri öz ərazisinə qatmaq fikrindən yayındırmağa çalışır.

Dnestryanı bölgə, Luqansk, Donetsk, Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlər dünya birliyi ilə beynəlxalq təşkilatların tanımayacaqları, rədd edəcəkləri "referendum"lar keçirərək Rusiya Federasiyasının tərkibində yer almaq istəklərini fasiləsiz bəyan edirlər.

Moskvadakı "praqmatlar düşərgəsi" isə anlayır ki, Rusiyanın büdcəsi daim pul, yardım və təminat istəyən separatçılara davam gətirməyəcək.

Məhz bu səbəbdən Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya heç bir halda Rusiya əraziləri olmayacaqlar.

Ukraynanın şərqində və cənub-şərqində hazırda Rusiyanın ələ keçirdiyi, amma tam nəzarətə hələ də nail ola bilmədiyi əraziləri də eyni tale gözləyir.

Çünki həmin əraziləri "azad edən" Rusiyanın müharibə nəticəsində infrastrukturunu dağıtdığı məkanları nəinki indiki, həttta 1950-ci illərin səviyyəsindəki həddə bərpa və rekonstruksiya üçün maliyyə imkanları yoxdur.

İqtisadiyyat həmişə siyasəti müəyyənləşdirir.

Propaqanda bunu istisna etsə də.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.