Siyasət

İki eyni FACİƏ: fərqli mənzərə - Qərb cinayətkarları niyə gizlədir?

8 Aprel 2022 13:21
Baxış: 2 698

Dünyada ən çox qətliamlara, soyqırımlara məruz qalan xalq olaraq Azərbaycan bu günə kimi beynəlxalq ictimaiyyətdən lazımı dəstəyi ala bilməyib. Bu bir yana, heç beynəlxalq hüquq təşkilatları da bu günə kimi tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərə dürüst-düzgün qiymət verməyiblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım belə qanlı hadisələrdən biridir ki, bu cinayət əməli ilə bağlı Azərbaycanın dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlamasına baxmayaraq cinayətkarların törətdikləri qətliama görə məsuliyyətə cəlb edilməsi, beynəlxaq hərbi tribunala çıxarılaraq cəzalandırılmasının hələ də şahidi deyilik. Baxmayaraq ki, bu soyqırım faktı ilə bağlı Azərbaycanın əlində kifayət qədər tutarlı faktlar (Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil - red.), videogörüntülər, fotokadrlar, isti izlər mövcuddur. 

Təsadüfdənmi, yoxsa zərurətdəndir bu gün Ukrayna ilə müharibə aparan Rusiya ordusunun törətdiyi cinayət əməllərinin beynəlxalq ictimaiyyət tərəfindən qınandığı, təzyiqlərin artdığı, hüquqi qiymət verilməsi üçün səfərbər olduğu, rəsmi Moskvanın, xüsusən də bu hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılması istiqamətində imkanlarını səfərbər etdiyi bir vaxtda ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın (Ağdaban faciəsi zamanı erməni silahlı birləşmələri 779 nəfər dinc sakinə divan tutdular, eləcə də 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər ahıl, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, həmçinin, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Bu faciə zamanı 5 nəfər girov götürülüb, 2 nəfər itkin düşüb ki, indiyə kimi onlardan da bir xəbər yoxdur - red) törətməsindən isə düz 30 il ötür. 

Rusiya Silahlı Qüvvələrinin martın 31-də Ukraynanın Buça şəhərini tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlandı ki, bu iyrənc əməli dünya ictimaiyyəti artıq soyqırım olaraq tanımağa başlayıb. Hətta bu qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilir.

Əslində isə Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərindəki qanlı olaylarla istər Ağdaban, istərsə də Xocalıdakı qətliamlar arasında heç bir fərq yoxdur. Söhbət yüzlərlə dinc əhaliyə tutulan divan, edilən işgəncə, zorlama faktları, tükürpədici cinayət əməllərinin törədildiyi iki fərqli ölkənin ərazilərində baş verən cinayət əməlindən gedir.

Buçadakı hadisələri Xocalı soyqırımı ilə tək mən yox, elə faciənin qurbanı olan ölkə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də eyniləşdirib. O, rusiyalı əsgərlərin hərəkətini həm Xocalıdakı soyqırımı ilə, həm də ermənilərin Şuşadakı vandalizmi ilə eyniləşdirib (Bu barədə Ukraynanın Azərbaycandakı səfiri sosial media hesabından eyni zamanda məşhur azərbaycanlı vokalist Bülbülün Şuşada ermənilər tərəfindən güllələnən heykəlinin də görüntüsünü paylaşaraq bu iki oxşar hadisəni biri-biri ilə əlaqələndirərək "Yeni azad edilmiş Kiyev vilayətində (Borodyanka ş.) Taras Şevçenkonun işğalçılar tərəfindən güllələnmiş büstü və Qarabağın (Şuşa ş.) azad edilməsindən əvvəl Bülbülün büstü", - deyə o qeyd edib - red.)

Bizim üçün bütün dünyanı dəhşətə gətirən Buça hadisələri eyni ilə Xocalıdır. Təəssüf ki, bu, geridə qalan 30 il ərzində yalnız elə bizim üçün belə olub deyəsən. Lakin əgər Rusiya Buçadakı qətliama görə hadisənin törədildiyi tarixdən bir həftə sonra (ötən gün) BMT İnsan Hüquqları Şurasının üzvlüyündən kənarlaşdırıldısa, Ermənistanın Xocalıda törətdiyi soyqırımdan 30 il keçməsinə baxmayaraq bu vəhşiliyə görə bu zamana kimi İrəvana "gözün üstə qaşın var" deyən tapılmır və bu gün Ermənistan BMT İnsan Hüquqları Şurasının üzvüdür. 

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini (Sanksiyalar Rusiyadan daş kömür idxalının, Rusiyaya silah və hərbi texnika satışının, Rusiya bayrağı altında üzən gəmilərin Aİ ölkələrinin limanlarına daxil olmasının, yüksək texnologiya məhsullarının Rusiyaya satışının, Rusiya və Belarusun nəqliyyat şirkətlərinin Aİ-də fəaliyyətinin qadağan edilməsini nəzərdə tutur - red.) təsdiqlədiyi, Avropa Parlamenti Rusiyanın enerji idxalına: neft, qaz, kömür və nüvə yanacağına tam və dərhal embarqo qoyulmasını tələb edən qətnaməni dəstəklədiyi halda, bunun əksinə olaraq keçən 30 il ərzində soyqırıma məruz qalan, sivil insanları amansızcasına qətlə yetirilən, erməni vandalizminin qurbanı olan Azərbaycana yardım etmək əvəzinə Qərb, beynəlxalq təşkilatlar, güc mərkəzləri işğalçı Ermənistana yardımlar ayırdılar, onun azğın siyasətini davam etdirməsinə rəvac yaratdılar.

Bu, sadlanan bənzər olaylara Qərbin ikili standartdan yanaşmasını nümayiş etdirən növbəti faktdır. Amma bu yanlışlığı düzəltmək təbii ki, hələ də gec deyil və bu cür beynəlxalq təşkilatlar, ali qurumlar Azərbaycanın Xocalıya ədalət istəyini nəzərə alaraq tez bir zamanda sözügedən soyqırım aktına hüquqi qiymət verməlidirlər. Bu cür vəhşiliyin törədildiyi soyqırımı görməzlikdən gəldikdən sonra, ona hüquqi qiymət verilmədikdən sonra dünya heç cürə belə qətliamlardan sığortalana bilməz və heç kim, heç bir özünü "insan haqlarının keçikçisi" elan edən qurum zəmanət verə bilməz ki, cəzasızlıqdan azğınlaşan Ermənistan əlinə fürsət düşdüyü ilk məqamdaca Azərbaycan xalqına qarşı növbəti belə faciəni törətməyəcək.

Şübhəsiz ki, bu gün Buça kimi faciələrin yaşanmasının səbəbi 1992-ci ildə Xocalı soyqırımını törədənlərin cəzalandırılmaması, sanksiyalarla üzləşməməsi, beynəlxalq təşkilatlarda başda əyləşdirilməsidir. İndi Qərb əgər həqiqətən də Rusiya ordusunun Ukraynanın Buça şəhərində törətdiyi qətliamdan bu qədər narahatdırsa, bu, onların əsas rəqibi olan Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməklə çökdürmək məqsədi üçün edilən hay-həşirdən başqa bir şey deyilsə, o zaman Xocalıdakı soyqırım aktına da nəhayət düzgün qiymət verməyə çalışmalıdır. Əks təqdirdə onların bu "canfəşanlığı" özünü ifşadan başqa bir çey olmayacaq.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.