"Kommunikasiya, təhlükəsizlik və etibarlılıq baxımından Bakı danışıqlar prosesində həm Ukrayna, həm də Rusiya üçün əlverişli məkandır".
Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna probleminin çözülməsində Bakının oynaya biləcəyi rolu şərh edərkən deyib:
"Bakının bu sahədə təcrübəsi də var. Dəfələrlə ABŞ və Rusiyanın yüksək rütbəli hərbçiləri məhz Bakıda görüşüb, danışıqlar aparıblar. Azərbaycan Ukraynada sülhün bərqərar olmasına töhfə vermək üçün müəyyən xoşniyyətli xidmətlər göstərə bilər. Bakının bu fonda öz ərazisini görüşlər üçün təqdim etməsi mümkündür".
Bununla belə, həmsöhbətimiz indiki mərhələdə danışıqlar mövzusun o qədər də aktual olduğu qənaətində deyil:
"Problemlə bağlı vasitəçiliyə gəldikdə Bakının vasitəçiliyindən söhbət gedə bilməz. Çünki vasitəçilik daha böyük bir iştirak tələb edən məsələdir. Yəni tərəflərin mövqeyi fonunda vasitəçinin də hansısa öz mövqeyi olmalıdır. Amma bütün hallarda düşünürəm ki, indiki mərhələdə Kiyevlə Moskva arasında danışıqlar aktual deyil. Çünki tərəflər hələ də öz mövqelərini dəyişməkdən uzaqdır. Digər tərəfdən, hiss olunur ki, tendensiya Ukraynanın xeyrinə cərəyan edir. Bu baxımdan Kiyev indiki mərhələdə danışıqlara getməyi o qədər də istəmir. Ruslar isə düşünür ki, daha çox güc tətbiq etməklə bəlkə də məsələni öz xeyirlərinə həll edə bilərlər".
Milli.Az