Siyasət

Türkiyədən nə istəyirik və ya bizi Türkiyədə tanıyan varmı?

17 Yanvar 2022 09:46
2 Şərh     Baxış: 3 277

Sovet hakimiyyətinin bomboz illərində Türkiyə azərbaycanlılar üçün işıqlı, rəngli dünya demək idi. Elə ki, Sovet hakimiyyəti süquta uğradı, azərbaycanlılar getməyə qonşu ölkə seçməklə təkcə ölkə yox, həm də mövqe, tərəf, düşüncə seçmiş oldular. Azərbaycana cənub qonşusundan gələn qara parçalar, zəncir idisə, Türkiyədən Azərbaycana təhsil, milli düşüncə gəlirdi.

İllər keçdi, həyat dəyişdi. Azərbaycan, azərbaycanlılar dəyişdi. Dincimizi aldıq, dirçəldik, qalib də olduq.

Amma bəzi şeyləri dəyişmək üçün demək ki, təkcə zamana, gücə yox, həm də diribaşlığa, sürətli düşünmə qabiliyyətinə də ehtiyac var imiş.

Azərbaycan vətəndaşı, dövlət qurumları, Azərbaycanda yaşayanı, xaricdə yaşayanı əlindən gələni, gəlməyəni pis-yaxşı ölkəni tanıtmaq, təmsil etmək üçün bacardığını edib.

Ümumiyyətlə təkcə yaxın ölkələrdə deyil, bütün dünyada artıq torpağı işğal altında olan, qaçqını, köçkünü olan ölkə yox, qalib ölkəyik. Kimin üçünsə torpaq, vətən, qalibiyyət Avropa havası alandan sonra mənasız, dəxlisiz gözlə görünməyən, əllə tutulmayan nəsnəyə çevrilirsə, onlar üçün də qeyd edim ki, torpağına qurban olduğunuz Avropa dünən də, indi də bir qarış torpaq üçün yüz minlərlə insan öldürüb. Bu gün də dünyaya qlobalizm sırıyanların ölkəsində qalib partiyalar millətçi, hətta faşist partiyalardır. 

Azərbaycanın hazırkı qalib imicinə görə isə hansısa təşkilat və ya quruma yox, Azərbaycanın Ali Baş Komandanı və Ordusuna minnətdarıq.

Avropada at oynadan ermənilərə gəlincə, onlar təkcə at yox, elə yüz ildən çoxdur ki, avropalıları da barmaqlarında oynadırlar.  Yazıq, zülmkeş imicləri ilə Avropadan hər cür imtiyaz almaqlarına baxmayaraq, bu illər ərzində Avropaya, dünyaya tük qədər xeyirləri dəyməyib. Avropanın imtiyazı, pulu ilə yaşayan, oxuyan hansı erməni ailəsindən ciddi yazıçı, rəssam, sənət adamı, elm adamı çıxıb? Bu sualı ermənilərə verəndə isə deyirlər ki, çaynik altını, qab tutacağını, unitaz qapağını biz kəşf etmişik.

Bu ucuzluqlarla yanaşı, ermənilər şəbəkə formasında işləməyi, əlaqə qurmağı, şəxsi münasibətləri siyasi sferaya qədər gətirib, çıxarmağı yaxşı bilirlər. Bu bacarıqları təkcə Avropada yox, elə Rusiyada, Türkiyədə də alınır.

Əgər Türkiyədə tanınmağa nə ehtiyacımız var, deyəcəksinizsə, demək ki, dünyadan xəbəriniz yoxdur.

Türkiyəyə köçənə qədər mən də inanırdım ki, bizi qardaş ölkədə tanıyırlar. Əlbəttə ki, bizi tanıyırlar. Amma necə?

1.Türkiyədə Qars , İğdır, Ərzurum, Ardahanda yaşayan qarışıq ailələr, hətta yaxından-uzaqdan azərbaycanlılıqla əlaqəsi olmayanlar da özlərini "azeri" kimi təqdim edir, belə də sənədləşdirirlər. Bununla yanaşı həqiqətən də, yeddi nəsli azərbaycanlı olub, Türkiyə tarixinə, azadlıq mübarizəsinə, cümhuriyyət quruculuğuna hər cür xidmətlər göstərmiş nəsillər var ki, bu haqda Türkiyədə geniş şəkildə məlumatı olan çox az insan var.

2. Türkiyə tarixində, cümhuriyyətdən əvvəl, cümhuriyyət qurulduqdan sonra Türkiyənin səhiyyə, hüquq, təhsil quruculuğunda böyük xidmətləri olmuş azərbaycanlılar haqda yalnız konkret ixtisas sahiblərinin xəbəri var.

3. Doxsanıncı illərin əvvəllərində Azərbaycanda iqtisadi böhran, müharibə, məcburi köçkünlər, sosial vəziyyətin ağırlığı müxtəlif yollarla insan alveri qurbanına çevrilən qadınların sayını artırdı. Ərəb ölkələri ilə yanaşı, Türkiyə də azərbaycanlı qadınların insan alveri qurbanı kimi aparıldığı ölkələrdən biri oldu. İllər keçdikcə, iqtisadi vəziyyət, təhsil, məlumatlandırma sayəsində bu sahə demək olar ki, çökdü. Ancaq damğası qaldı. Təəssüf hissi ilə qeyd edək ki, bəzi yaşanmışlıqlar unudulmur.

Azərbaycanlı qadının imici Sürəyya Ağaoğlu və hazırda Türkiyə universitetlərində, böyük xəstəxanalarda, elm ocaqlarında illərini qoymuş digər azərbaycanlı qadınlar kimi yox, fərqli obrazda bilinir.

4. Həmçinin, azərbaycanlı kişi təkcə Aksarayda alver edən, Osmangazidə fəhləlik edən adam deyil. Türkiyədə azərbaycanlı kişi həm də nadir ixtisaslarda dərs deyən mütəxxəssisdir.

Azərbaycanlılar düşdükləri yerdə ən kiçik imkanları belə dəyərləndirə bilən, o imkanları fürsət bilib, genişləndirən insanlardır. Biz, bizə olunan ən kiçik yaxşılıqları belə unutmuruq. Bu yaxşılıqlar fərdi olmasa belə, yaddaşımızda əbədi iz qoyur. Mən, bir azərbaycanlı olaraq xilaskar Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolunu bilirəm. Könül istərdi ki, hazırda yaşadığım qardaş ölkənin jurnalisti, tarixçisi, dilçisi, alimi Çanaqqaladakı azərbaycanlı şəhidləri tanısın. Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Mirzə Gökgöl (Hacızadə), Nuri Berköz (hərbçi) Dilşad Talıbxan Elbrus (atom fiziki), İbrahim Safi (rəssam), İsmayıl Saryal və oğlu Nuri, Mehmet Emin Darğazadə (Əbdülhəmidin mebeynçisi) haqda danışanda onların azərbaycanlı olduğunu bilsin və eyni minnət hissi ilə ansın.

Bizi kim tanıtmalıdır?

Deyə bilərsiniz ki, Türkiyədə bizə bütün qapılar açıqdır, istədiyimiz tədbiri keçirə bilirik. Əlbəttə ki, elədir. Türkiyədə oteldə konfrans zalı, qonaqlar üçün nömrələr kirayələmək heç kim üçün problem deyil. Bunu inquş, çaxur, həmşin də edə bilər. Bir-birimizi mükafatlandırmaq üçün Azaldan baha biletlər alıb, İstanbula gəlmək həqiqətən də çətindir. Amma bu bizə Azərbaycan mədəniyyətinin, tarixinin cəmiyyətinin tanıdılmasında kömək etmir.

Arqument olaraq Türkiyənin dövlət kanalı olan TRT-ni gətirəcəksinizsə, bu da boşunadır. İki ölkənin dövlət kanalı arasında müqavilə var. Müqavilə əsasında bəzi sənədli filmlər və ortaq yayınlar həyata keçirilir. Dövlət kanallarına baxanların yaş qrupu isə məlumdur. Azərbaycan haqqında özəl televiziyalar və qəzetlərdə material yox dərəcəsindədir.

Türkiyədə türk dilində Qarabağ tarixi, işğal tarixi ilə bağlı axtarış versəniz, demək olar ki, ələgələn material çıxmayacaq. Hətta olub ki, Türkiyə jurnalistləri özlərinə əziyyət verməyib. İlk çıxan materialdan istifadə edib. İstinad üçün isə Agos qəzetinin saytından istifadə etməli olub. Qınaya bilərikmi? Xeyr. Çünki jurnalistə material, yazı lazımdır. Ona başqa ölkənin tarixini güdmək, nüfuzunu qorumaq yox, yazı təhvl vermək maraqlıdır. Yazını isə yazan istinad mənbəyinə çevrilir.

Türkiyə kiçik Amerikadır. Bəzən burda yaşayanlar buranı dünyanın mərkəzi hesab edir. Burada siz özünüzü tanıtmayana qədər sizi kiminsə tanımağa həvəsi və vaxtı yoxdur.

Dilimizə yeni yapışan, hələ mənasını bilmədiyimiz informasiya müharibəsində qalib deyilik. Çünki düşdüyümüz yerdə bir-birimizi didmək, parçalanmaq, təşkilat-təşkilat olmaq əlimizdə su içimi kimi bir şeydir.

Reallıq acı-filan deyil. Bal kimi gedir. Məqsədimiz birdirsə, bir-birimizin sözünü dinləməyə məcburuq. Ortada özünü ifadə etmək və tanıtmaq problemi var. Bu problem isə A4 vərəqi ilə mükafatlandırma ilə həll edilmir.

P.S: Bir ara "Bizdə dünya səviyyəsində sənədli film yoxdur" deyənlər üçün: Yutubda "Zamanını gözləyən libas", "Kağız ev" adlı sənədli filmləri axtarın. Azərbaycan Televiziyası istehsalıdır. Hər cür süzgəcdən keçib. İşğalın, ağrının nə demək olduğunu qısa vaxtda bütün dünyaya çatdıra biləcək yoldur. Keyfiyyətinə və səviyyəsinə cavabdehik. Xarici televiziyalarda yayımlanmasına maneə yoxdur. Buyurun.

Günay Arda
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.