Siyasət

“Prezident Paşinyana dedi ki, məsələni həll etməliyik”

8 Noyabr 2025 01:21
Baxış: 327

"May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Prezident İlham Əliyevin onunla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Orada Prezidentin öncədən planlaşdırılmamış qeyri-formal görüşü baş tutdu. Bu görüş bir saatdan artıq çəkmişdi. Həmin görüş zamanı Prezident Paşinyana müraciət edərək məsələni həll etməli olduqlarını bildirib".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan "Təmas xətti" verilişində deyib.

Nazir qeyd edib ki, N, Paşinyanın ilkin reaksiyası kifayət qədər konstruktiv olub və hakimiyyətə yeni gəldiyini, onun üçün çətin olduğunu, bəlli bir vaxt lazım olduğunu, münaqişənin həlli üçün lazımi addımları atacağını söyləyib:

"Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə qarşılıq verilməməsi ilə bağlı tapşırıq verir. Nikol Paşinyanla ölkələr arasında bir qaynar xəttin təşkilinə razılıq əldə olunur və bu xətt formalaşdırılır ki, hansısa gərginlik olduqda dərhal tərəflər sabitliyi təmin etmək üçün addım atırlar".

C. Bayramov xatırladıb ki, 2019-cu ilin martın 29-da ATƏT-in Minsk qrupunun himayəsi altında Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü olur:

"İlk görüşdən təxminən 6 ay sonra Nikol Paşinyan mövqeyni tam dəyişir. Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm. Və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərlər. O, Prezidentə belə bir ritorik sual da edir, "Siz istəyirsiniz ki, məni öldürsünlər?" Prezidentin də buna cavabı belə olur ki, mən, ümumiyyətlə, heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalması anlamına gələ bilməz".

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.