Siyasət

Azərbaycan və Pakistan arasında yeni Protokol imzalandı

2 Dekabr 2021 15:26
0 Şərh     Baxış: 782

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının Pakistan İslam Respublikası tərəfindən həmsədri, Pakistanın müdafiə istehsalatı naziri Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 3-dək Azərbaycan-Pakistan Birgə Komissiyasının 7-ci iclası ilə əlaqədar ölkəmizdə rəsmi səfərdədir.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən Milli.Az-a bildiriblər ki, xanım Zobaida Calalın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Dekabrın 1-də keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasında Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, müdafiə sənayesi naziri Mədət Quliyev və Pakistan İslam Respublikası tərəfindən həmsədri Zobaida Calal ilk növbədə tədbirə qatılan 23 qurumun səlahiyyətli nümayəndələrini, həmçinin iclasa Pakistandan onlayn qoşulan iştirakçıları və digər qonaqları salamlayıblar.

Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrdən bəhs edib. Nazir dövlətimizin başçısının Pakistan Prezidenti Arif Alvi və Baş naziri İmran Xan ilə şəxsi dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynadığını qeyd edib. Nazir 44 günlük Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirərək, Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Toplantı çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi, ticarət dövriyyəsinin həcminin artırılması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması ilə bağlı gələcək perspektivlər müzakirə olunub, bank, enerji, müdafiə sənayesi, nəqliyyat və rabitə, kosmik fəzadan dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı, gənclər və idman, ədliyyə, elm və təhsil, səhiyyə, qida təhlükəsizliyi sahələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 2-də Azərbaycan-Pakistan Birgə Komissiyasının yekun iclası olub. Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini xüsusi qeyd edib.

Səmimi görüşə və qonaqpərvərliyə görə nazirə minnətdarlığını bildirən xanım Zobaida Cəlal Pakistan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq bu münasibətlərin əbədi və sarsılmaz olacağından əminliyini ifadə edib. Zobaida Cəlal Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. O, səfərdən məmnunluğunu ifadə edərək Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 7-ci iclasının əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verəcəyini söyləyib.

Sonda Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasının yekununa dair Protokol imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.