Kulinariya

Tat çığırtması necə hazırlanır? - VİDEO - FOTO

19 Mart 2023 22:12
Baxış: 2 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tat çığırtması Azərbaycanın şimal bölgəsində qonaqlara təqdim olunan ən dadlı təamlardandır. Adından göründüyü kimi, bu yemək bölgədə yaşayan azsaylı xalqlardan olan tatlara məxsusdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çiçi kəndi Qubanın rayon mərkəzindən 35 kilometr məsafədə yerləşir. Burada min nəfərə yaxın əhali yaşayır, onların hamısı tatlardır. Qubada ən dadlı tat çığırtması da məhz Çiçi kəndində bişirilir.

Çiçi kənd sakini, uzun illərdir kənd toylarında aşpaz kimi çalışan Maisə Hacıyeva bildirir ki, dadlı tat çığırtması kənd çolpasından hazırlanır. Bu yeməyi ləzzətli edən əsas cəhətlərdən biri də ocaqda bişirilməsidir.

"Xörəyin hazırlanmasında kənd çolpası, kərə yağı, soğan, yumurta, sarıkök, un, duz və istiotdan istifadə edirik. Toyuq təmizlənib bütöv parçalara ayrılır. Qaynayan suda pörtülür. Sonra toyuq əti başqa bir qazanda xırda doğranmış 4-5 ədəd baş soğanla birlikdə nehrə yağında qovrulur. Bir neçə dəqiqəyə toyuq qızarır. Sonra toyuğun qaynadıldığı suyu yeməyin içinə tökürük. Zövqə görə yemək bişirilərkən tomat və un da əlavə olunur. Yemək qaynamağa başlayınca onun üzərinə 4-5 ədəd yumurtanı qarışdırıb əlavə edirik. Bununla da tat çığırtması hazırdır", - deyə Maisə Hacıyeva bildirib.

Quba-Xaçmaz zonasında hər kəs çığırtmanı tatların hazırladığı formada bişirir. Tatlar bu yeməyi ən əziz qonaqlarına təqdim edirlər.

Maisə Hacıyeva deyir ki, kənd yerində hər fəslin özünəməxsus yeməkləri var: "Tatlar qədim adət-ənənələri, mədəniyyəti ilə yanaşı, ləziz mətbəxi ilə də seçilir. Qışda xəşil, xingal bişiririk. Qarşıdan yaz gəlir. Birazdan cürbəcür yeməli çöl göyərtiləri bitəcək. Biz yazda tərə qovurması, qutab hazırlayırıq. Kənd adamlarını gümrah, sağlam saxlayan təbii qidalardır".

Tat çığırtması şimal bölgəsinə gələn yerli turistlər arasında da ən çox sevilən yeməklərdəndir. Buna görə də regionun əksər restoranında bu yemək menyuda olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.