Dağlıq Qarabağ münaqişəsi

"Azərbaycan Qarabağı təhlükəsiz ərazisi kimi görür, insanlar sülh şəraitində yaşayacaqlar"

29 Oktyabr 2020 16:14
Baxış: 763

"Azərbaycan əsrlər boyu etnik, milli, dini baxımdan müxtəlif xalqların bir yerdə qarşılıqlı anlaşma şəraitində yaşadığı, xalqların bir-birinin dəyərlərinə, adət-ənənələrinə, mənəvi-psixoloji fərqliliklərinə hörmətlə yanaşdığı bir yer olmuşdur. Məhz bu harmoniyanın nəticəsidir ki, bu gün etnik, milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətən uğrunda gedən müharibədə birlik, həmrəylik nümayiş etdirir. Eləcə onu demək kifayətdir ki, ötən bir ayda iki rus əsilli azərbaycanlı Vətən müharibəsində həlak oldu. Sadəcə bu fakt Azərbaycanın bu ölkədə yaşayan bütün xalqlar üçün Vətən olduğunu deməyə əsas verir. Azərbaycan xalqı öz şəhid oğullarını heç zaman unutmayacaq. Ulu Öndər Heydər Əliyevin "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir, ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır" sözləri hər zaman olduğu kimi bu gün də aktualdır".

Milli.Az bildirir ki, bu sözləri Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

T.Cəfərova qeyd etmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dünyanın bir çox aparıcı dövlətlərinin, xüsusilə Avropanın multikulturalizm siyasətindən imtina etdiyi bir vaxtda Cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə multikulturalizmin Azərbaycan modeli işlənib hazırlanmış və dünyada böyük maraqla qarşılanmışdır. Cənab Prezidentin 2016-cı ili "Multikulturalizm ili" elan edərkən, çıxışında qeyd etdiyi "multikulturalizm Azərbaycanda həyat tərzidir və alternativi yoxdur" sözləri bu yanaşmanın bariz təzahürüdür. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanının tarixən formalaşmış multikultural təbiətindən irəli gəlir. Cənab Prezident İlham Əliyev bütün bunlara əsaslanaraq multikulturalizmi Azərbaycan xalqının həyat tərzi adlandırmışdır.

Son bir ayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın tanınmış telekanalarına və mətbuat qurumlarına verdiyi müsahibələrdə beynəlxalq ictimaiyyətə Qarabağın və münaqişənin tarixi, münaqişənin həllinin beynəlxalq hüquqi bazası və Azərbaycanın apardığı azadetmə əməliyyatlarının gedişi haqqında həqiqətləri çatdırmaqla bərabər, həm də Azərbaycanın tolerant, multikultural ənənələrə əsaslanan ölkə olduğunu və milli-dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin Azərbaycanda dinc yanaşı yaşadığını faktlarla dünyaya çatdırdı.

Cənab Prezident İlham Əliyev ABŞ-ın "Fox news"televiziyasına müsahibəsində qeyd edib ki, "Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib".

Cənab Prezidentin bu sözlərinin Azərbaycanın tolerant, multikultural ənənələrə sahib, çoxkonfessiyalı ölkə olduğunu əks etdirdiyini vurğulayan millət vəkili qeyd etdi ki, cənab Prezident öz müsahibələrində bütün dünyaya bəyan edir ki, "Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək".

Cənab Prezidentin Fransanın "Figaro" qəzetinə müsahibəsində dediyi sözlər Azərbaycanın Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazi kimi gördüyünü bir daha əks etdirir: "Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb. Heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır ".

Bu fikirin davamını Prezidenti İlham Əliyevin oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibədə də görürük: "mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq".

T.Cəfərova qeyd edib ki, tarixi həqiqətlər onu deməyə əsas verir ki, uzun illər boyunca azərbaycanlılar bir çox etnik-milli azlıqlarla yanaşı ermənilərlə də sülh şəraitində, əmin-amanlıqla yaşamışdır. Azərbaycanda yaşayan digər erməni vətəndaşlarımız kimi, işğal altında olan torpaqlarımızda yaşayan ermənilər də Azərbaycan dövlətinin himayəsində, bütün qanuni hüquqları təmin olunmaqla yaşayacaqdırlar. Cənab Prezidentin bu sözləri bu fikirləri bir daha təsdiq edir: "Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda da birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq".

Sonda millət vəkili Tamam Cəfərova qeyd etdi ki, Azərbaycan milli-dini mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəsin Ana Vətənidir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı üçün ən Ali dəyərdir.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.