Maraqlı

Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil

3 Oktyabr 2026 00:45
Baxış: 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur.

Milli.Az xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmış Ville di Montecoronaro qəsəbəsində yer kürəsinin ən maraqlı bioloji irsi mövcuddur. Kəsildiyi an içi qarpız kimi parlaq qırmızı rəng alan "Pera Kokomerina" adlı əsrlik armud növü məhdud coğrafiyası ilə dünyanın ən nadir meyvələri sırasındadır.

Qeyri-adi meyvəni bənzərsiz edən ən heyrətamiz amil onun təkcə bir yerdə yetişməsidir. Bölgədən götürülən tinglər başqa bir şəhərə və ya torpağa əkildikdə həmin o qırmızı və çəhrayı toxumasını tamamilə itirir; rəngsiz, iri və sıradan bir ağ armuda çevrilir. Alimlər bu sirli dəyişikliyi məhz həmin hündür dağ dərəsində mövcud olan xüsusi mikroklimat və gecə ilə gündüz arasındakı kəskin temperatur fərqi ilə əlaqələndirirlər.

Uzun illər yerli əhalinin sıradan bir bağ meyvəsi hesab edərək istehlak etdiyi "Pera Kokomerina"nın dünyadakı təkrarolunmaz dəyəri ilk dəfə 2001-ci ildə aparılan akademik araşdırma ilə üzə çıxıb. Aparılan yoxlamalar nəticəsində dünyadakı ümumi ağac sayının 40-dan aşağı düşdüyü müəyyən edilib. Öz doğma irslərinin məhv olmaq üzrə olduğunu anlayan qəsəbə sakinləri "Pro Ville" cəmiyyətini təsis ediblər. Ağacları tək-tək sayaraq qoruma dairəsinə alan sakinlər bu gün qorunan ağacların sayını 200-ə çatdırmağı bacarıblar.

Tərkibində yüksək miqdarda təbii şəkər ehtiva edən bu qırmızı armud budaqdan qoparıldıqdan sonra demək olar ki, zamanla yarışır. Yetişdikdən sonra ən geci 4-5 gün ərzində istehlak edilməli olan məhsul təravətini uzun müddət qoruya bilmədiyi üçün uzaq bölgələrə göndərilə bilmir. Qəsəbə sakinlər bu maneəni aşmaq üçün meyvəni emal edərək xüsusi marmelad, likör və dondurma halına gətirirlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.