İran hökumətinə yaxın Mehr xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pəzeşkiyan da bazar günü Tehranda tələbələrlə birlikdə anti-Amerika yürüşündə iştirak edib.
Etirazçılar əllərində "Amerikaya ölüm", "Böyük döyüşə hazırıq" yazılmış plakatlar tutublar.
Onlarla insan ABŞ-nin nüvə obyektlərinə etdiyi hava hücumlarına etiraz olaraq Enghelab meydanında toplaşıb.
Bəzi etirazçılar Ali Dini Lider Ayətullah Əli Xameneinin portretlərini, bəziləri isə oyuncaq silah tutan uşaqları nümayiş etdirib.
Etirazlara dair görüntülər sosial mediada, o cümlədən Telegram və İran Tələbə Xəbərləri Agentliyi (ISNA) tərəfindən yayımlanıb.
İran hökumətinə bağlı Press TV kanalının verdiyi məlumata görə, minlərlə insan Tehranın mərkəzində ABŞ-a qarşı aksiyalarda iştirak edib.
İranın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, ABŞ-ın üç nüvə obyektinə etdiyi hücum nəticəsində təxminən on nəfər yaralanıb, onlardan dördü xəstəxanaya yerləşdirilib.
İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur isə bildirib:
"Xoşbəxtlikdən, klinikalara yerləşdirilən şəxslər arasında heç bir radiasiya çirklənməsi aşkarlanmayıb."
İranın sürgündə olan müxalifət lideri və şahzadə Rza Pəhləvi bazar günü verdiyi açıqlamada, ABŞ-nin hücumlarını "İslam Respublikasının sonunun başlanğıcı" kimi dəyərləndirib.
"İslam Respublikasının süqutundan sonra ölkənin gələcəyi ilə bağlı narahat olmağa dəyməz.
İran vətəndaş müharibəsi və xaosla qarşılaşmayacaq. Bizim İranın gələcəyi və rifahı üçün hazır planımız var."
"Biz ilk 100 gün üçün, keçid dövrü və milli və demokratik hökumətin qurulması üçün hazırıq - İran xalqı üçün və İran xalqı tərəfindən."
Lalə Qüdrətova
Milli.Az