İran

İrandakı prezident seçkisində II tura keçən Məsud Pezeşkiyan kimdir? - DOSYE

29 İyun 2024 14:17
Baxış: 2 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumatı İran Mərkəzi Seçki Komissiyası yayıb. 

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

İkinci turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.

Musavat.com rəqib namizədlər haqqında məlumatı təqdim edir:

Azərbaycanlı olan Məsud Pezeşkiyandır "islahatçı" qanadı təmsil edir. Pezeşkiyan 1954-cü ildə İranın şimal-qərbində - Mahabad vilayətində, etnik azərbaycanlı ailəsində dünyaya gəlib. Orta təhsili Urmiyada, ali təhsili isə Təbrizdə alıb. Tibb təhsili alıb, kardioloqdur. Daha sonra 9 ilə yaxın Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində işləyib.

Pezeşkiyan siyasətə islahatçı prezident Məhəmməd Hatəminin zamanında gəlib. Hatəminin birinci prezidentliyi (1998-2001-ci illərdə) dövründə səhiyyə nazirinin müavini, ikinci müddətdə isə (2001-2005-ci illərdə) səhiyyə naziri postunu tutub. Nazir kimi bir sıra fikirləri qalmaqallara və zarafatlara səbəb olub. Hətta parlamentdə impiçment edilib. Ancaq postunu qoruyub saxlayıb. Nazir olduğu dövrdə kənd yerlərində tibb xidmətlərinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib, ölkədə nüfuz qazanıb.

Hatəmidən sonra hökumətdən gedib və İran parlamentinə Təbrizdən deputat seçilib. 2008-2020-ci illər ərzində parlamentin deputatı, 2016-2020-ci illərdə isə vitse-spiker postunu tutub. Parlamentdə Türkiyə-İran dostluq qrupunun üzvü olub. Keçmiş prezident və islahatçı qanadın nüfuzlu lideri Məhəmməd Hatəmi, keçmiş xarici işlər naziri Cavad Zərif elə kampaniyanın ilk günlərindən Pezeşkiyanı dəstəkləyəcəyini elan edib.

Önəmli nüans:

Hələ seçkidən öncə ekspertlər deyirdilər ki, , azərbaycanlı olması Pezeşkiyan üçün əlavə səs gətirəcək amil hesab olunur. Bundan başqa, islahatçılara aid mediada  Pezeşkiyanın ciddi kampaniyası başlamışdı.

İranla bağlı mütəmadi xəbər hazırlayan Qərb mediası da Məsud Pezeşkiyanı müsbət nümunə olaraq təqdim edirdi.

Hesab olunur ki, indiki zamanda Pezeşkiyanın seçilməsi İran üçün sərfəlidir. Çünki Qərbin sanksiyasına məruz qalan İran Pezeşkiyan vasitəsilə Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşa bilər.

Pezeşkiyanın şəxsi həyatı: 

Pezeşkiyan həyat yoldaşını və bir övladını avtomobil qəzasında itirdikdən sonra ailə qurmayıb və uşaqlarına özü baxıb. Bundan başqa, digər siyasətçilərdən fərqli olaraq övladları İrandadır və bu da onun üçün müsbət məqam olaraq qeyd edilir.

Lakin kardioloqun bir neçə mənfi tərəfi də var. Pezeşkiyan həm əvvəlki illərdə, həm də indi bir çox qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Həddən artıq kəskin fikirləri olan namizədin bəzi fikirləri sonradan onun əleyhinə çevrilir. Pezeşkiyan açıq şəkildə keçmiş lider Hatəminin proqramına sadiq olduğunu vurğulayıb.

Səid Cəlili kimdir?

Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. 1965-ci ildə Məşhəd şəhərində anadan olan Cəlili siyasi elmlər üzrə təhsil alıb, "Məhəmməd Peyğəmbərin (s) xarici siyasəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İran-İraq müharibəsində iştirak edib, bir ayağını itirib. Buna görə də ona "canlı şəhid" deyirlər.

Cəlili sonradan universitetdə dərs deyib və paralel olaraq XİN-də və dini liderin ofisində çalışıb. Hazırda Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür. Cəlili bir neçə dəfə prezidentliyə namizəd olsa da, heç birində qalib gələ bilməyib. Cəlili İran nüvə müzakirəsi qrupunun rəhbəri kimi Qərblə danışıqlar prosesinə rəhbərlik edib. Mühafizəkar qanadın nüfuzlu simalarından hesab olunur. Rəisinin seçildiyi 2021-ci il seçkilərində namizədliyini onun xeyrinə geri götürüb və təklif olunsa da dövlət vəzifəsi istəməyib.

Cəlili digər  namizədlərdən fərqli olaraq dövlət postları tutmayıb, haqqında korrupsiya və rüşvət ittihamı yoxdur, sanksiyalara daxil edilməyib, müharibə veteranıdır, mühafizəkar camiədə birmənalı qəbul olunur. Əgər bəlli mərkəzlər, o cümlədən, SEPAH kimi güclü təsisatlar ona qarşı çıxmasalar Cəlilinin də şansı böyükdür.

Ümumilikdə hər iki namizədin seçilmə şansı yüksək qiymətləndirilir. Nəticəni isə 5 iyulda biləcəyik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.