İran

Pezeşkianın nüfuzu artır: prezident olmaq şansı varmı?

27 İyun 2024 09:02
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pezeşkianın Təbrizdə belə qarşılanması gözlənilən idi. Ana tərəfdən kürd olmasına baxmayaraq, o, cəmiyyətdə azərbaycanlı olaraq qəbul edilib. Bunun seçkilərdə nə dərəcədə onun xeyirinə olacağını isə demək çətindir.

Milli.Az xəbər verir ki, bunu Axar.az-a tanınmış güneyli yazar və araşdırmaçı Məhəmməd Rəhmanifər Pezeşkianın Təbriz səfərinin seçkilərə təsirini şərh edərkən deyib.

İranda insanların sandıq başına gedib-getməmələrinin əhəmiyyət daşımadığını vurğulayan araşdırmaçı bildirib ki, seçkilərdə Xamenei və onun ətrafının müəyyənləşdirdiyi şəxs qalib gələcək:

"Seçkilərin taleyi ilə bağlı 3 ehtimalım var. Dünyaya meydan oxumaq istəsələr Cəlili, xarici və daxili siyasətdə cüzi yumşalmalara getmək istəsələr Pezeşkian, nisbətən orta vəziyyət yaradıb, Rəisi siyasi xəttini davam etdirmək istəsələr Qalibaf prezident vəzifəsinə gətiriləcək. Hazırda üçünün də şansı var. Son dövrlər Güney azərbaycanlı olaraq Pezeşkianın nüfuzu daha da artıb. Bu baxımdan güneyliləri susdurmaq üçün azərbaycanlı namizədi prezident edə bilərlər".

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlmə ehtimalının İrandakı seçkilərə bilavasitə təsir etdiyini deyən Rəhmanifər ehtimal edir ki, ölkənin mövcud durumuna görə Cəlilinin şansı aşağı düşür:

"Qalibaf və Pezeşkian arasında isə mənim baxış bucağımdan seçim eləmək çətindir. Hər ikisinin siyasi xəttində bənzərlik var. Cəlili tərəzinin bir tərəfində, Pezeşkian digər tərəfindədirsə, Qalibaf onların ortasında dayanır. Seçkilərə qatılanların sayının az olacağını da nəzərə alsaq, Pezeşkian üçün vəziyyət qənaətbəxş olmur. Onun qalib gəlməsi üçün, gərək, sandıq başında azərbaycanlı namizədin tərəfdarları anşlaq yaratsın, rejim tərəfdarlarının əl-qolunu bağlasın. Yəni rejim desə ki, sən seçilməmisən, bu, toplumda sərt reaksiyaya səbəb olsun. Elə bir vəziyyət yaranacağını isə proqnozlaşdırmıram".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.