Uzun illərdir ki, dünya miqyasında müxtəlif xarici yardım proqramları vasitəsilə təsirini artırmağa çalışan ABŞ-nin xarici yardım siyasəti Donald Trampın prezidentliyi dövründə ciddi şəkildə dəyişib. Tramp və Elon Mask ABŞ-nin bu yardım siyasətini tənqid edərək aidiyyəti təşkilatları, o cümlədən USAID və NED-i "israfçılıq" və "sui-istifadə"də təqsirləndiriblər.
Tramp boş yerə maliyyənin israf edildiyini və ABŞ-nin resurslarının düzgün istifadə olunmadığını irəli sürərək USAID-in fəaliyyətini nəzərdən keçirməyə başlayıb.Trampın bu yanaşması xeyli işçinin işdən çıxarılması ilə nəticələnib.
Tramp niyə USAID-in fəaliyyətindən narazıdır?
Trampın USAID-in fəaliyyətini kəskin şəkildə tənqid etməsi onun bu cür proqramların yalnız "israfçılıq və korrupsiya" üçün vasitə olduğunu düşünməsindən qaynaqlanır. O, USAID-in müxtəlif ölkələrə milyardlarla dollar ayırmasını, "nəhəng korrupsiya mexanizmi" olaraq qiymətləndirib və bu genişmiqyaslı maliyyə əməliyyatlarını "otkat"sız mümkün olmayacağını irəli sürüb.
Tramp uzun müddətdir xarici yardımların əleyhinədir. O, USAID-i tənqid edərək onu "solçu radikal psixopat qrupu" adlandırıb və qurumun fəaliyyətini dayandırmaq üçün addımlar atıb. Trampın administrasiyası USAID-in 10 min əməkdaşından 2,7 minini məcburi məzuniyyətə göndərib və qurumun maliyyələşdirilməsini ciddi araşdırmağa başlayıb.
Venesuela prezidenti Nikolas Maduro USAID-in indiyə qədər ölkəsinin müxalifətinə 5 milyard dollardan çox nağd vəsait verdiyini və bu pulların mənimsənildiyini iddia edib. Ukraynada isə USAID-in 12 yaşa qədər uşaqlar arasında LGBT təbliğatı üçün 500 milyon dollar ayırdığı barədə iddialar irəli sürülüb.
NED-in əsl məqsədi
NED ABŞ hökumətinin maliyyələşdirdiyi və dünya miqyasında "demokratiyanın təşviqi" məqsədini güdən təşkilat olsa da, fəaliyyət göstərdiyi bir çox ölkələrdə, xüsusilə postsovet məkanında, siyasi müdaxilə ilə əlaqələndirilir. NED-in müxtəlif müxalifət qruplarını dəstəkləməsi, bəzi ölkələr tərəfindən daxili işlərə müdaxilə kimi qiymətləndirilir. Bu təşkilat, xüsusilə "rəngli inqilablar"la əlaqələndirilir və onun Gürcüstandakı Qızılgül İnqilabı (2003), Ukraynada Narıncı İnqilabı (2004) və Maydan hərəkatı (2014) kimi hadisələrdə rolu olduğu iddia edilir. NED-in bu tip dəstəyi, təşkilatın məqsədlərinin bəzən ABŞ-ın geosiyasi maraqları ilə uyğun olduğunu göstərir.
Tramp və Mask NED-in fəaliyyətini də tənqid edərək onun ABŞ-nin xarici siyasətinin uzantısı olduğunu vurğulayıb və təşkilatın maliyyəsini 2025-ci il üçün dondurub. Onların fikrincə, NED və buna bənzər təşkilatlar demokratiya və insan haqları məsələlərinə önəm verməkdən çox, ABŞ-nin siyasi təsirini artırmağa xidmət edir.
Demokratlar narahatdır
Tramp administrasiyasının xarici yardım siyasətini kökündən dəyişmək istəməsi demokratları narahat edir. Administrasiya xarici yardım proqramlarını məhdudlaşdıraraq daha çox "Amerika maraqlarına xidmət edən" layihələrə üstünlük vermək niyyətindədir. Prezident Tramp və onun komandası hesab edirlər ki, ABŞ uzun illər ərzində xarici dövlətlərə milyardlarla dollar ayıraraq iqtisadi və humanitar yardımlar göstərib, lakin bu yardımlar bəzən gözlənilən nəticələri verməyib. Bu yanaşma nəticəsində USAID və digər beynəlxalq yardım agentliklərinin maliyyələşdirilməsində ciddi azalmalar planlaşdırılır.
Demokratlar bu addımların ABŞ-nin qlobal təsirini zəiflədəcəyini düşünərək bu prosesə mane olmağa çalışırlar. Onlar ABŞ-nin qlobal təsirini artırmaq və beynəlxalq arenada liderliyini qorumaq üçün xarici yardımların davam etməsinin vacib olduğunu vurğulayırlar. Demokratların fikrincə xarici yardımlar sadəcə iqtisadi dəstəkdən ibarət deyil, həm də humanitar ehtiyacların qarşılanması məqsədini güdür. Demokrat senator Kris Merfi USAID-in bağlanmasının "konstitusiya böhranı" yaratdığını iddia edib. O bildirib ki, ABŞ-nin beynəlxalq arenada apardığı yumşaq güc siyasəti xarici yardımlar vasitəsilə həyata keçirilir və bu yardımların kəsilməsi ölkənin diplomatik təsir imkanlarını ciddi şəkildə azalda bilər. Demokratlar ABŞ-nin beynəlxalq nüfuzunun və humanitar missiyalarının ciddi şəkildə zərər görəcəyini düşünürlər. Onlar həmçinin hesab edirlər ki, ABŞ-nin xarici yardımları dayandırması və ya azaltması, Çinin və Rusiyanın beynəlxalq səhnədə daha güclü mövqe qazanmasına şərait yarada bilər.
Demokratların Senatdakı lideri Çak Şumer USAID-in fəaliyyətinin davam etməsi üçün əllərindən gələni edəcəklərini bəyan edib. O vurğulayıb ki, xarici yardımların məhdudlaşdırılması ABŞ-nin uzunmüddətli maraqlarına uyğun deyil və bu siyasətin həyata keçirilməsi ölkənin beynəlxalq ittifaqlara olan təsirini zəiflədə bilər. Digər demokrat siyasətçilər də Tramp administrasiyasının bu siyasətinə qarşı çıxaraq ABŞ-nin dünya üzrə diplomatik və humanitar səylərinin davam etdirilməsinin vacibliyini vurğulayırlar.
Tramp administrasiyası isə demokratların bu tənqidlərinə qarşı olaraq xarici yardımın daha strateji və effektiv şəkildə yönləndirilməsinin tərəfdarı olduqlarını bildirirlər. Onların fikrincə ABŞ öz vətəndaşlarının maraqlarını ön planda tutmalı və yalnız real nəticələr verən layihələrə investisiya etməlidir. Administrasiya hesab edir ki, bu yeni siyasət vergi ödəyicilərinin vəsaitlərinin daha məqsədyönlü və səmərəli şəkildə istifadə olunmasına imkan yaradacaq.
İslam
Milli.Az