Maraqlı

Şərab və qumar nə üçün haramdır?

15 May 2021 21:20
Baxış: 2 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah-Taala Qurani-Kərimin "Maidə" surəsinin 90-cı ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Həqiqətən, şərab, qumar, bütlər, püşk oxları çirkin, şeytani işlərdəndir. Onlardan çəkinin ki, bəlkə nicat tapasınız!"

Ərəblərdə şeir və şəraba xüsusi bir bağlılıq vardı. Ona görə də, şərab qadağası tədrici şəkildə həyata keçdi. Əvvəlcə ayə nazil oldu ki, xurma və üzümdən içki, həmçinin yaxşı qida məhsulları hazırlamaq olar. ("Nəhl"/67.)

Digər bir ayədə qumar və şərabın zərərinin faydasından çox olduğu bəyan edildi. ("Bəqərə"/219.)

Daha sonra məst halda namaz qılınmasına qadağa qoyuldu. ("Nisa"/34.)

Nəhayət, qeyd etdiyimiz ayə nazil oldu. Şərab, qumar, bütlər və püşk oxları çirkin və şeytani əməl sayıldı. Allah bütün bu işlərə qadağa qoydu.

Ayədəki "xəmr" sözü örtmək mənasını verir və "ximar" sözü ilə eyni kökdəndir. Qadınların örtüyü olan məqnə (yaylıq) də "ximar" adlandırılmışdır. Çünki yaylıq başın tükünü örtür. Şərab da insanın ağlını bir növ örtdüyündən "xəmr" adlandırılmışdır.

"Məysir" sözü "yusr" sözündən olub, asanlıq mənasını bildirir. Qumarda insanlar heç bir zəhmət çəkmədən pul qazandığından qumar "məysir" adlandırılmışdır.

Kəbə ətrafında düzülmüş daşlar "nusub" adlandırılırdı. Bu daşlar üzərində qurbanlıq kəsilərdi. Ayədə Peyğəmbərin (s) "ənsab" sözünün mənası haqqında belə buyurduğu nəql olunur: "Ənsab" odur ki, müşriklər bütlər üçün qurbanlıq edirdi. ("Kafi", c.7, səh.123.)

"Əzlam" cahiliyyət dövründə rəvac tapmış oxlarla püşk atma və qumar növüdür.

İmam Baqir (ə) ayədəki "xəmr" sözü haqqında buyurmuşdur: "İnsanı məst edən hər bir şey haramdır." ("Təfsiri-Nurus-səqəleyn".)

Peyğəmbər (s) buyurmuşdur: "İstənilən bir vasitə ilə, hətta qozla belə qumar oynamaq haramdır." ("Kafi", c.5, səh.123.)

Hədisdə buyurulur: "Şərabxor bütpərəst kimidir." ("Biharul-ənvar", c.27, səh.234.)

Şərabın istehsalında istənilən növ həmkarlıq, onun yayılması və məsrəfi haramdır. İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, o həzrət şərabxorluqda müəyyən yollarla fəaliyyət göstərən on qrupa lənət oxumuşdur: "(Şərab məqsədi ilə) üzüm tənəyi əkən, onu səmərəyə çatdıran, şərabı düzəldən, içən, paylayan (saqi), daşıyan, əldə edən, satan, alan, istənilən formada onun gəlirindən faydalanan." ("Təfsiri-Nurus-səqəleyn".)

Növbəti ayədə, yəni "Maidə" surəsinin 90-cı ayəsində də buyurulur:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

"Həqiqətən, şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq, sizi Allahın zikrindən və namazdan ayırmaq istəyir. Belə isə (bütün bu fəsadları nəzərə alıb) bu işdən əl çəkəcəksinizmi?"

Statistikadan məlum olur ki, qətillərin, cinayətlərin, avtomobil qəzalarının, boşanmaların, ictimai fəsadların, psixoloji və fizioloji xəstəliklərin çoxunun səbəbi spirtli içkilərin istifadəsidir. Amma Qurani-Kərim bu ayədə uyğun qadağanın fəlsəfəsini iki nöqtədə açıqlayır: Biri kin-küdurətdən ibarət olan ictimai zərər, digəri isə namaz və Allah zikrindən qəflətdə qalma kimi mənəvi zərər.

Ayədə şərab və qumarın ən böyük təsiri kimi onun insanı Allah zikrindən və namazdan ayırması göstərilir. Sual oluna bilər ki, əgər ticarət, idman, təhsil, mütaliə kimi adi işlər insanın başını qatıb onu Allah zikri və namazdan ayırırsa, onları da şərab və qumarla eynimi tutmalıyıq? Bəli, insana Allahı unutduran bütün işlər bəyənilmir. Amma İslamda çətinlik yaratmamaq səbəbindən həmin işlər haram edilməmişdir.

BİLDİRİŞLƏR

1. Şərabxorluq və qumarbazlıq imanla bir araya sığmır.

2. Şərab və qumar bütpərəstliklə bir sırada dayanır. ("Ənsab"dedikdə bütlər nəzərdə tutulur.)

3. İslam çirkin işləri qadağan edir.

4. Nəinki şərab içməyin, hətta ona yaxınlaşmayın. Ayədə "içməyin" yox, "çəkinin" deyə buyurulmuşdur.

5. Halal tikə və haramdan uzaqlıq insanın xoşbəxtlik və qurtuluşunda əhəmiyyət daşıyır.

6. Xalq arasında kin-küdurət salan hər bir kəs şeytan kimidir.

7. Şeytanın təhrikləri daimidir.

8. Ədavətin rəvac tapdığı cəmiyyət şeytana qulluq edir.

9. Ülfət və birliyi hifz edək, vəhdətə qarşı yönəlmiş bütün işlərlə mübarizə aparaq.

10. İman əhli arasında ülfət və mehribanlıq Allahın xüsusi diqqətini çəkir.

11. Qumar və şərab kin-küdurət yaratmaq üçün şeytanın vasitələridir.

12. Namaz Allah zikrinin ən üstün simvoludur. (Namaz Allah zikri olsa da, onun adı ayrıca çəkilir.)

13. Dini hökmlərin fəlsəfəsinin bəyanı sözün başqalarına təsir amillərindəndir.

14. Kin-küdurətə səbəb olan bütün amillərlə mübarizə aparmalıyıq.

15. İlkin İslam dövründə şərab və qumarın haram buyurulmasına baxmayaraq, bu işə məşğul olan bəzi müsəlmanlar Allah tərəfindən məzəmmət olunurlar. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 3-cü cild, "Maidə" surəsi, 90-91-ci ayələrin təfsiri.)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.