Çinin "Ulefone" şirkəti "Armor 8 5G" smartfonunun əks olunduğu videoçarx dərc edib. O, dünyada zərbəyədavamlı korpusla təchiz edilən beşinci nəsil mobil rabitə şəbəkəsi dəstəkli ilk smartfon olacaq.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, videoçarxa görə, "Ulefone Armor 8 5G" məlumatların 443 Mbit/saniyə sürətlə real qəbulu və 114 Mbit/saniyə sürətlə ötürülməsi ilə seçilir. Sürət Çinin "China Telecom" mobil rabitə operatorunun şəbəkəsində ölçülüb. Smartfonun dizaynı "LTE" dəstəkli "Armor 8" qurğusunun əsas versiyasından fərqlənmir. Yeni smartfonun 8 giqabaytlıq operativ yaddaşla birlikdə işləyən "MediaTek Dimensity 800" prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Smartfonun quraşdırılmış yaddaş tutumu 128 giqabayt, "Full HD+" təsvir ölçülü ekranın diaqonalı 6,7 düym təşkil edəcək. Ön kamera ekranın yuxarı hissəsində damcıvarı şəkildə yerləşəcək.
Xatırladaq ki, bundan əvvəl "5G" dəstəkli ilk mühafizəli smartfon adına 2018-ci ilin sonunda təqdim edilən "Ulefone Armor 6" layiq görülüb, lakin qurğu naməlum səbəblərə görə seriyaya "5G" dəstəyi olmadan daxil edilib.
Hazırda "Ulefone Armor 8 5G" smartfonunun qiyməti barədə məlumat verilmir.
Milli.Az