Maraqlı

Dünyada hər üç nəfərdən birinin xəstəliyi: Hepatitdən necə qorunmaq olar?

8 Avqust 2020 20:40
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hepatit ən sürətlə yayılan xəstəliklər qrupuna aiddir. Hazırda A, B, C, D, F və s. növləri var. Ən böyük problem isə hepatit B və C-nin müalicəsi sayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər üç nəfərdən biri-2 milyarda yaxın insan hepatitdən əziyyət çəkir.

Hepatitlər yaranma səbəbinə görə infeksion və qeyri-infeksion olur. İnfeksion hepatit dünyada ən çox hepatit virusları deyilən bir qrup virus tərəfindən törədilir. Qeyri-infeksion hepatitin yaranma səbəbi isə toksinlər, alkoqol, dərman maddələri, qaraciyər piylənməsi, sirroz kimi xəstəliklər hesab olunur.

Hepatitə səbəb olan faktorlar arasında əsas yeri hepatit virusları tutur. Bütün hepatit virusları yoluxucudur. Lakin yoluxma yolları və yoluxduruculuq qabiliyyəti fərqlidir.

Hepatit A və E virusları əsasən fekal-oral yolla, hepatit B, C, D isə qan vasitəsi ilə, yaxın təmas və cinsi yolla yoluxa bilər.

Hepatit A virusuna qarşı ən təsiredici qorunma yolu gigiyena və sağlamlıq qaydalarına ciddi riayət etmək, həmçinin qoruyucu peyvənd tətbiq etməkdir.

Hepatit B virusu ( HBV) kiçik, hepatotrop DNT virusu olub təbii yolla yalnız insanları yoluxdurur. HBV qan, sperma, vaginal möhtəviyyat və başqa bədən mayeləri vasitəsi ilə yoluxur. Yoluxmaya səbəb olan faktorlar isə bunlar hesab olunur: Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması, hepatit B virusulu partnyorla cinsi əlaqə, doğuş zamanı, damar daxili maddə aludəçilərinin iynə və başqa materialları ortaq istifadə etməsi ilə və s.

Hepatit B-dən qorunmanın ən təsirli yolu qoruyucu peyvənd tətbiqidir.

Hepatit C virusu ( HCV ) kəskin və xronik hepatitə səbəb olan virusdur. Hepatit C virusu 80 % hallarda xronikləşir. HCV nin yoluxma yolları aşağıdakılar hesab olunur:

Hepatit C virusu daşıyan qan və qan komponentlərinin istifadəsi ilə, qorumasız cinsi əlaqə ilə, damar daxili maddə aludəçilərinin ortaq istifadə etdikləri iynə və başqa material vasitəsi ilə, döymə, piercing kimi əməliyyatlar zamanı, Hemodializ xəstələri arasında, doğuş zamanı (ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə), düzgün qaydada təmizlənməmiş tibbi material istifadəsi ilə və s.

HCV-yə qarşı qoruyucu peyvənd mövcud deyil.

Hepatit D virusu yalnız hepatit B virusu ilə yoluxmuş şəxslərdə xəstəlik törədir.

Qeyd edək ki, ötən il Azərbaycanda viruslu hepatit diaqnozu ilə 359 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 66 nəfəri kəskin A hepatiti, 156 nəfəri kəskin B hepatiti, 127 nəfəri isə kəskin C hepatiti olan xəstələr olub. A hepatitli xəstələrdən 45-i kişi, 21-i qadın, B hepatitli xəstələrdən 115-i kişi, 41-i qadın, C hepatitli xəstələrdən  110-u kişi, 17-si qadındır.

Kəskin A hepatitlilərdən 24 nəfəri 18 yaşadək, 42 nəfəri 18 və yuxarı yaşda olan şəxslərdir. Kəskin B hepatitlilərdən 11 nəfəri 18 yaşadək, 145 nəfəri 18 və yuxarı yaşda olanlardır. Kəskin C hepatitlilərdən 1 nəfəri 18 yaşadək, 136 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir.

Ötən il A hepatitindən 1-i kişi, 3-ü qadın olmaqla  4 nəfər, B hepatitindən 8-i kişi, 3-ü qadın olmaqla 11 nəfər, C hepatitindən 21-i kişi, 11-i qadın olmaqla 32 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.