Maraqlı

COVİD - 19 virusunun insanlar üzərindəki psixoloji təsirləri nələrdir?

28 May 2020 20:55
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus son vaxtlar dünya gündəmində geniş yer tutan pandemiyadır. Koronavirusun yaratdığı fizioloji problemlər haqqında danışılsa da, virusun təsir dairəsi günbəgün artmaqla yanaşı, insanlarda müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur. Virusun yayılması barədə əks olunan məlumatlar səbəbindən insanlarda müxtəlif fikirlər formalaşır: "koronavirusa yoluxa bilərəm?", "yoluxmamaq üçün nələr etməliyəm?", "əgər yoluxsam, müalicə oluna bilər?" və s. bu kimi özündə təşviş və narahatlıq ehtiva edən suallar yaranır. Bu suallar adətən hava limanının işçiləri, ictimai yerlərdə asayişi qoruyan insanlar, xəstəxanalarda çalışan tibb işçiləri və həkimlər tərəfindən soruşulsa da, uşaqdan böyüyə hər kəsin psixikasına təsir göstərir.
Koronavirus hansı psixoloji problemləri yarada bilər?
Milli.Az dushunce.az-a istinadən bildirir ki, bununla bağlı ortaya çıxacaq psixoloji problemlərdən ilki təşviş pozuntusudur. Təşviş, zehnimizdəki mənfi düşüncələrin (bir çox hallarda obsessiv düşüncələrin) təsirilə formalaşan psixoloji narahatlıqdır. Gündəlik həyatımızda bir çox şeylə bağlı təşviş hissi yaşasaq da, dünyanı əhatə edən və ümumilikdə hər kəsə mənfi təsir göstərən koronavirusa qarşı da eyni təşviş ortaya çıxır.
Qeyri-müəyyənlik təşviş pozuntusunu daha da artırır
Koronavirusla bağlı təşvişi artıran bir başqa faktor isə virusla əlaqədar qeyri-müəyyən vəziyyətdir. Xəstəliyin müalicəsinin tapılmaması isə təşviş pozuntusunu stimullaşdırır. Pandemiya ilə bağlı yaranan psixoloji problemlərdən digəri isə depressiyadır. İnsanın özünü evə qapatması və ya xoşbəxt və hüzurlu hiss etdirəcək fəaliyyətlərdən məhrum qalmasının nəticəsində depressiv hal formalaşa bilər. Bu depressiv epizod ilə insan, həyatdan zövq ala bilməyən vəziyyətə gələ bilər. Həmin vəziyyətin ardından isə özünü həyatdan izolyasiya edər, sosiallıqdan qaçdığı üçün depressiv vəziyyəti hər gün daha da ağırlaşar və nəticədə xroniki vəziyyətə keçid alar.
Virusla bağlı yarana biləcək psixoloji narahatlıqlar arasında obsessiv-kompulsiv pozuntunu da qeyd edə bilərik.
Qeyd olunan psixoloji narahatlıqlar daha çox kimlərdə müşahidə oluna bilər?
Stressə meyilli, təşviş pozuntusundan əziyyət çəkən, ipoxondriya müşahidə olunan, depressiv, isterik, paranoid və obsessiv-kompulsiv şəxsiyyət tipi olan insanlarda aldıqları məlumatlardan dolayı müəyyən psixoloji narahatlıqlar müşahidə oluna bilər.
Hansı profilaktik tədbirləri görə bilərik?
Əvvəlcə təşvişlə hərəkət etməməli, bunun əvəzinə sakit və şüurlu şəkildə xəstəliyə qarşı profilaktik tədbirlər görməliyik,
Gündəlik gigiyenik qaydalarımıza diqqət etməli, əllərimizi gün ərzində tez-tez yumalı, yuma fürsətimiz olmazla spirt tərkibli əl antiseptiki ilə təmizləməliyik,
İzdihamlı mühitlərdə yaxın təmasdan qaçmalı və yoluxma riski aradan qalxana qədər salamlaşarkən əllə görüşməməyə diqqət göstərməliyik,
Xəstəliklə bağlı məlumatsız insanların sosial mediada yaydığı şərhlərə aldanmamalı, mövzu ilə bağlı mütəxəssislərin açıqlamalarını diqqətə almalıyıq. Əks təqdirdə sosial media üzərindəki yalan xəbərlərdən dolayı təşviş səviyyəsi artacaq. Eynilə xəstəliklə bağlı olan mənfi fikirlər də təşviş pozuntusuna səbəb ola bilir,
Əgər övladınız varsa, mövzuyla bağlı lazımi məlumatlandırmaları edərək xəstəliyə qarşı profilaktik tədbir görməlisiniz.
Yaşadığımız vəziyyətin psixoloji təsirlərinin öhdəsindən gələ bilmədiyinizi düşünürsünüzsə, mütəxəssisdən psixoloji dəstək almağa çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.