Maraqlı

Müsəlman aləminin intibahı niyə tez bitdi, müsəlmanlar niyə belə oldular? - Elçin Alıoğlu yazır

8 May 2020 12:27
2 Şərh     Baxış: 11 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekklesiast Kitabı haqlıdır: "İzafi bilik izafi kədərdir". Nə qədər çox oxuyursansa, nə qədər çox bilirsənsə, o qədər qüssələnirsən.

Əzizlər, bilik çox qəribə nəsnədi. Həmişə sevindirmir insanı.

Məsələn, bu dəqiqəyədək bəlkə də bilmirdiniz ki, Litvada "klumpakoyis" adlı xalq rəqsi var. Bu rəqs zamanı taxta başmaqlar geyinilir və "Bax, bax, ayağımı yerə vururam!" oxunur, tərəf-müqabilə barmaq silkələnir.

Sovetlər Birliyinin bütün məkanlarında, o cümlədən Azərbaycandakı uşaq bağçalarında daim bu rəqs ifa olunurdu. Amma uşaqlar bilmirdilər bu sadə, ən tənbəl cocuğun belə asanlıqla öyrəndiyi rəqsin adını.

Hə, indi klumpakoyisin nə olduğunu bilirsiniz artıq. Bəxtəvər oldunuzmu? Bu bilik həyatınızı daha mənalı etdimi?

Düşünmürəm.

... "Dünya iqtisadiyyat nəzəriyyəsinin atası" kimi tanınan şotland Adam Smit həm də siyasi iqtisadın banisi sayılır. Halbuki onun yazdıqlarında 1332-ci ildə Tunisdə doğulmuş ərəb dahi, intellektual İbn Haldunun təsiri o qədər aşkar hiss olunur ki.

... Bir zamanlar dünya elminin, mədəniyyətinin, düşüncəsinin sübh ulduzu olan, alimlərinin və filosoflarının, düşünərlərinin və şairlərinin, kitablarının və mədrəsələrinin, ixtiralarının və kəşflərinin sayı bilinməyən İslam aləmi niyə indi o irəliləyişin kölgəsindədir?

Niyə müsəlman Şərqi xristian Qərbindən geri qaldı: axı Avropada romalıların tikdikləri akveduklar və termlər "Qaranlıq çağ"da katoliklərin anafemasında olanda, müsəlman Şərqində dünyanın ilk universiteti, ilk texniki kitabxanası, ilk pulsuz xəstəxanası, ilk elmi laboratoriyası... daha nə ilklər vardı.

On minlərlə tələbə, minlərlə alim elmi axtarışlarla məşğuldular.

Müsəlman alimlərin dünyanın məhvərin dəyişən, bəşər övladını gələcəyə aparan kəşf və ixtiralarını sadalasam, çox uzun siyahı alınar.

Çox uzun.

Bəs nə oldu sonradan? Daha doğrusu, niyə oldu?

Müsəlman aləminin intibahı niyə tez bitdi, "Qızıl dövr" nə üçün belə tez başqa çatdı və toran çökdü?

Dünyaya astronimiya, cəbri, həndəsəni, kompası, naviqasiya alətlərini, tibbi verən, ən nəhayət, yunan və Roma filosoflarını "həyata qaytaran" müsəlmanlar niyə belə oldular?

Ərəb xilafətinin çağladığı dövrlə ərəb ölkələrinin indiki durumunu şərh edəndə inkişafın səviyyə fərqi şok effekti yaradıb. Əsrlər boyu İslam aləmi bəşəriyyətin inkişafında və elmi-texniki uğurlar sahəsində lider idi.

8-ci əsrdə başlayıb 13-cü əsrədək davam edən "Qızıl dövr"...

Bağdad şəhəri dünya elminin mərkəzi, oradakı məşhur kitabxana və tərcümə mərkəzi "Beyt əl Hükma" isə elmi tədqiqatların Məkkəsi idi.

Dünyanın hər yerindən, hər dindən olan alimlər "Beyt əl Hükma"ya oxumağa və işləməyə gələrdilər ki, bu da elmi sürətlə inkişaf etdirirdi.

O qüdrətin indi sadəcə, izləri qalıb.

"Alqoritm", "kimya", "zenit", "kofe", "limon", "cərrahiyyə" və s. sözlər kimi.

Ərəb aləmində elm ruhu indi səhranı xatırladır.

Statistikaya baxaq: müsəlman ölkələrində hər 1000 nəfərə 9 alim, mühəndis və texnik düşür.

Müsəlman ölkələrində 1803 universitet var, lakin onlardan sadəcə 312-də elmi məqalələr sürəkli dərc olunur. Ən fəal 50 universitetdən 29-u Türkiyədə, 9-u İranda, 6-sı Malaziya və Misirdədir. Pakistanda 2, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistan, Livan, Küveytdə sadəcə, 1 universitet elmi fəaliyyətdə aktivdir.

Birləşmiş Ərəb Əmirliklərində ümumidaxili məhsulun (ÜDM) sadəcə, 0,87 faizi elmi tədqiqatlarla araşdırmalara sərf olunur. Səudiyyə Ərəbistanında bu rəqəm 0,82 faiz, Küveytdə 0,3 faiz, Omanda - 0,25 faiz, Misirdə - 1,1 faiz, Pakistanda 1,2 faizdir.

Müharibənin səngimədiyi Liviya, Suriya, Yəmən, İraq barədə danışmaq belə, yersizdir.

Dünyadakı 1,6 milyard müsəlmandan sadəcə, üç alim Nobel mükafatı alıb: 1979-cu ildə pakistanlı fizik Məhmməd Əbdüsə Səlama, 1999-cu ildə misirli kimyaçı Əhməd Zevəyl, 2015-ci ildə türk kimyaçı Əziz Səncar...

46 müsəlman ölkənin alimlərinin əsərləri dünyadakı çağdaş elmi ədəbiyyatın sadəcə, 1 faizini təşkil edir. Müqayisə üçün deyim ki, sadəcə, İspaniya və Hindistanda dərc olunan elmi məqalələrin sayı bütün (!) müsəlman ölkələrindən çoxdur.

13-cü əsrədək qabaqcıl elmi biliklərə malik olan xilafət sonradan gerilədi.

Geriləmə qəflətən olmadı, 7 əsr davam etdi.

Xilafətin çöküşü və monqol istilalarınadək Abbasilər xanədanı dünyanın ən qüdrətli dövləti idi. Həmin sülalənin hakimiyyəti illərində antik yunan, Roma, habelə Şərq alimlərinin və filosoflarının yüzlərlə əsəri ərəb dilinə tərcümə olundu.

Başqa mədəniyyətlərinin biliklərini əxz edən ərəblər sonradan həmin biliklər Qərbə və dünyaya yaydılar.

Xilafət çökəndə müsəlman elmi də gerilədi və Avropa sivilizasiyasının inkişafı başlandı. Öyrənənlər öyrətməyə başladılar.

Müsəlman intibahına son qoyan əsas amil, fikrimcə, xilafətin geosiyasi durumu idi. Hələ 10-cu əsrdə Abbasilərin dövləti muxtar bölgələrə bölünərək parçalanmağa başlandı, üsyanlar və qiyamlar alovlandı. 1258-ci ildə öldürücü zərbə oldu: xilafətə monqol istilası, İspaniyada isə rekonkista və ərəblərin torpaqlarının əllərindən alınması...

Digər önəmli amil İslam dinində çoxsaylı təriqətlərin və cərəyanların yaranması oldu. Məsələn, mütəzililərlə mübarizə zamanı minlərlə mədrəsə bağlandı və bu, on minlərlə tələbəni yeni biliklər əldə etmək imkanlarından məhrum etdi.

Qalan mədrəsələrdə tədris olunan fənlərin sayı dəfələrlə azaldıldı və qalan sadəcə, Quranın qiraəti, ərəb qrammatikasının, hədislərin və Şəriətin prinsiplərinin anlaşılması üçün gərəklilərdi.

Riyaziyyat və təbiət elmlərinin tədrisinə faktiki olaraq, son qoyuldu. Beləcə, Qərb alimlərin ixtiraları və kəşfləri müsəlman aləmindən yan keçdi.

Avropada isə ərəblərin tərcümələrinin əsasında yunan fəlsəfəsi, Roma hüququ öyrənilirdi ki, bu da sonucda universitetlərin yaradılmasına, elmlərin inkişafına çox güclü təkan verdi.
Aristotel, Evklid, Zenon, Ptolomey, Hippokrat, Qalenlə yanaşı, latın dilinə Qərbdə "Avisenna" kimi tanınan yarıözbək, yarıfars Əbu Əli Hüseyn ibn Abdulla ibn əl Həsən ibn Əli İbn Sinanın, habelə "İbn Rüşd" və "Averroes" kimi tanınan, Əndəlüsdə doğulub Mərakeşdə vəfat edən Əbu əl Valid Məhəmməd ibn Əhməd əl Kurtubinin əsərləri tərcümə olundu. Daha sonra ərəb alimlərinin əsərləri Avropanın bütün universitetlərinin tədris "proqram"larında yer aldı.

Müsəlman ölkələrindəki şah, padşah, sultan və əmir hakimiyyətləri, təhsilə ögey və etinasız münasibət İslam aləminin elmi həyatına balta vurdu.

Ən nəhayət, müsəlmanlar elmi keçmişlərini unutmağa, əcdadlarının uğurları və kəşfləri ilə qürrələnməyə, o nailiyyətləri inkişaf etdirməyə meylli olmadılar.

Tarix amansızdır.

Yarandığı dövrdə əhəmiyyətsiz, xırda təsir bağışlayan bifurkasiya nöqtələri ilə hadisələr sonradan genişmiqyaslı, dinamik dəyişikliklərə səbəb olur.

Məsələn, tarixdə "İmam Qəzali" kimi qalan xorasanlı filosof, illahiyyatçı və mistik Əbu Həmid Muhəmməd ibn Muhəmməd əl Qəzali ət Tusinin fəaliyyətini müasirləri sonadək dərk edə bilmədilər.

Halonki İslam dünyasının elmi inkişafının dayanmasında bu adamın rolu müstəsnadır.

Məhz Qəzali "Allahın iradəsi" olmayan səbəb-nəticə əlaqələrinin mövcudluğu rədd etdi.

İbn Rüşd belə yaramazlığın fəsadlarını anlayır, əl Qəzalini "elmin və inkişafın cəlladı" adlandırır, fəlfəsini "bu qatildən" qorumağa çalışırdı.

... Dünya xəritəsinə baxaq. Yaşamaq üçün ən rahat məkanlar müsəlman ölkələrinin yerləşdiyi coğrafiyadır. Amma orada müsəlmanlar narahat ömür sürürlər - yaşam üçün narahat məkanlarda isə rahat ömür sürənlər yaşayırlar.

Fərqi hiss edək.

Müsəlmanlara ayıqlıq, bilik yanğısı və idman buyurulub. İdmana barmaqarası baxan iuadizm, büdpərəstliyin hopduğu pravoslavlıq və vücudun əzablarının münəvvər sayıldığı katoliklikdən fərqli olaraq.

İudaizmdə olduğu kimi, İslamda da ticarət, istehsalat, alış-verişdə uğur İslamda halaldırsa, xristianlıqda varidat Şərdir.

İslam buyurur ki, dəyər verdiklərini qoru, dəyərlərini savaşla olsa da, müdafiə et.

Ortodoks iudaizmdə belə deyil, xristianlıq isə "Yol yanağına vuranda sağ yanağını irəli ver, ora da vursunlar" deyir.

Nəzəriyyə budur - praktika isə tam tərsi...

Çünki nəzəriyyə ömrə hakim olsaydı, ən varlı dövlətlər müsəlman ölkələri, ən inkişaf etmiş elm müsəlman elmi, ən güclü texniki inkişaf - müsəlmanlarda, ən sağlam insanlar müsəlman diyarlarında olardı.

Bunu görürükmü?

Əvəzində şalvarın balağının uzunluğu, yaylıq və baş örtüyü ilə bağlı bitmək bilməyən mübahisələr...

Muhəmmədin əsl səhabəsi kimlər idi, Fatimə, Aişə və Zöhrənin kəlamları, Ömərin və Əbu Bəkirin əməlləri ilə bağlı sonu görünməyən qarşıdurmalar...

Məğrib (ikindi) namazında 3 rəkat, yoxsa iki rəkat? - budurmu ən aktual məsələ?

"Əl Ənfal" surəsinin 15-ci ayəsində müsəlmanlara buyurulub ki, döyüşdə yalnız yerdəyişmə üçün düşmənə arxa çevirmək olar.

Rus-türk savaşlarında bu ayə yada düşdümü? Ərəb-İsrail savaşlarında riayət olundumu ona?

Əvəzində saqqalın uzunluğu, yeməkdən sonra hansı barmaq ilk təmizlənməlildir dartışmaları, mələyin hərəkət sürətinin və iynənin ucuna nə qədər mələyin yığışa bilməsi ilə bağlı ehtimallar...

Qəflət yuxusunlan ayılmağın vaxtı çatmadımı?!

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.