Maraqlı

Albaniyanın 9 gəzməli-görməli məkanı - FOTO

26 Yanvar 2020 21:44
0 Şərh     Baxış: 540

Albaniya Avropanın ən xudmani guşəsində - Balkan yarımadasında, isti İon dənizinin və Adriatik dənizin sahillərində yerləşir. Ona qonşu olan ölkələr - Yunanıstan və Monteneqro turislər arasında daha populyardır. Bununla belə, Albaniya istirahət üçün ən cəlbedici yer şöhrətini tədricən onların əlindən alır. Albaniyada istirahətin əsas üstünlüklərindən biri burada qiymətlərin münasib olmasıdır. Turistlərin axını hələlik bu ölkəni korlamayıb, məhsullar və mənzil kirayəsi çox ucuzdur. Albaniyada gəzməli-görməli, istirahət etməli yerlər çoxdur: təmiz çimərliklər, mənzərəli kanyonlar, bakirə təbiət, tarixi yerlər adama "gəl-gəl" deyir. Servis yetərincə yüksəkdir. Avropa səviyyəsindədir desək, yanılmarıq. Yerli sakinlər çox qonaqpərvərdir, səyyahlara mehriban münasibət bəsləyirlər.

Albaniyada, ilk növbədə, yerli mətbəxlə tanış olmaq lazımdır. Yerli təamlar çox dadlıdır və turistlərin xoşuna gəlir. Paytaxt Tirana ilə bərabər, Berat, Poqradets və Saranda şəhərlərinə getməyi məsləhət görürük, çünki baxılası yerlər həmin şəhərlərdə də çoxdur.

Albaniya ərazisinin kiçik olması əslində bu ölkənin üstünlüklərindən biridir. Axı onun bütün gözəllikləri ilə cəmi bir səfər ərzində tanış olmaq mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən Albaniyanın ən maraqlı və gözəl görməli məkanlarını oxuculara təqdim edir.

1.Berat şəhərində Milli Etnoqrafiya Muzeyi

Berat şəhərində muzey nisbətən yaxın keçmişdə -1979-cu ildə açılıb. Ənənəvi Berat memarlığı üslubunda inşa edilmiş binanın özü də, onun tam mənası ilə içinə quraşdırılmış qeyri-adi daşınmaz mebeli də diqqəti dərhal cəlb edir. Milli Etnoqrafiya Muzeyi yerli sakinlərin məişəti, onların ənənələri və sənət növləri, o cümlədən zeytun yağının istehsalı prosesi ilə tanış olmağa imkan verir. Muzeyin kolleksiyasında mindən çox eksponat var.

2.Skanderbeq meydanı

Əgər Tirana Albaniyanın əsas şəhəridirsə, Skanderbeq meydanı onun döyünən qəlbi - əsas binaların və görməli yerlərin yerləşdiyi mərkəz hissəsidir. Ətrafda Hacı Ethem Bey məscidi, Tirana Milli Tarix Muzeyi və 1822-ci ildə inşa edilmiş Saat-Kuda saat qülləsi kimi maraqlı tikililər yerləşir. İtalyan klassisizmi üslubunda yaradılmış Skanderbeq meydanını ölçülərinə görə Qızıl meydanla müqayisə etmək olar.

3.Tirana Milli Tarix Muzeyi

Əsası 1981-ci ildə qoyulmuş bu muzey, qeyd etdiyimiz kimi, Skanderbeq meydanında yerləşir. Albaniyanın ən böyük muzeyinin beş min eksponatdan çox kolleksiyası var. Muzeydə, ilk növbədə, Paleolit dövrünün eksponatlarının toplandığı Qədim dövrlər pavilyonu ilə tanış olmağı məsləhət görürük. Burada Orta əsrlər pavilyonu, habelə antifaşizm, müstəqillik və etnoqrafiya bölmələri var. Bütün eksponatlar turistlər üçün çox rahat yerləşdirilib. Bu da Albaniya tarixinin bütün mərhələləri ilə tanış olmağa imkan verir.

4. Skadar gölü

Eyni zamanda, həm Monteneqro, həm də Albaniya ərazilərində yerləşən Skadar gölü Balkan yarımadasının ən iri gölüdür. Bu göl turistləri mənzərəli sahilləri, zəngin flora və faunası, tərtəmiz suyu və dövlət tərəfindən mühafizə olunan, insan əli dəyməmiş təbiət əraziləri ilə cəlb edir. Skadar gölündə gəmiçilik yaxşı inkişaf edib. Buna görə də göldə səyahətə gəmi ilə çıxmaq məsləhət görülür.

5.Ksamil kurortu

Ksamil Albaniyanın ən məşhur kurortudur. Dumduru suyu və qeyri-adi çimərliyi ilə turistləri heyran qoyur. Əvvəlcə adama elə gəlir ki, çimərliyin qumu adi, lakin bəmbəyaz və çox iridir. Lakin diqqətlə baxanda görürsən ki, ayağının altındakı qum deyil, ovuntu şəklində daşlardır. Saranda şəhərinin yaxınlığında yehrləşən Ksamil kurortunun suyu eynən hovuzda olduğu kimi inanılmaz mavi rəngdədir. Bundan əlavə, burada bir neçə kimsəsiz adacıq var. Bu adalara üzə-üzə getmək olar.

6.Berat qəsri

Tirananın 123 kilometrliyində yerləşən Berat şəhərini muzey-şəhər adlandırırlar. Berat həqiqətən qədim memarlığa və tarixə malik əsl muzeydir. Düz mərkəzdə - yüksəklikdə yerləşən Berat qəsri şəhərin ən tanınmış yerlərindən biridir. Hələ XIII əsrdə inşa edilmiş içqala bütün şəhər və çayın məcrası üzərində ucalır. Qaladan ətrafa heyrətamiz mənzərələr açılır, içində isə tarixi artefaktlar kolleksiyası yerləşir.

7.Rozafa qalası

Rozafa qalası Şkoder şəhərinin yaxınlığında, qayalı təpəlikdəki mənzərəli yerdə, Drin və Boyan çaylarının əhatəsində yerləşir. Alimlər hesab edirlər ki, qalanı hələ eramızdan əvvəl III əsrdə inşa etməyə başlayıblar. Qala romalıların işğalının, osmanlıların mühasirəsinin, monteneqrolularla müharibənin şahidi olub. Turistləri, ilk növbədə, mənzərəli və qədim yerlər, bu yerlərin maraqlı tarixi cəlb edir, hərçənd qalanın özü bizim günlərə olduğu şəkildə gəlib çıxmayıb. Salamat qalmış binaların birində muzey yaradılıb.

8. "Mavi göz" karst bulağı

Albaniyanın cənubunda yerləşən bu bulağı çox sadə səbəbə - çox dolğun mavi rənginə görə belə adlandırıblar. "Mavi göz" bulağı hazırda milli parkın bir hissəsidir və dövlət tərəfindən qorunur. Bulağa getmək üçün bir neçə kilometr piyada yol qət etmək lazımdır. "Mavi göz" bəzən turistləri dərinliyinin tədqiq edilməməsi ilə qorxudur. Gölün dibi sözün həqiqi mənasında görünmür. Burada çimmək məsləhət görülmür. Gölün suyu buz kimi soyuqdur və hətta isti yay günlərində də 13 dərəcədən çox qızmır.

9.Butrunti Arxeoloji Muzey Qoruğu

Bu muzey-qoruq Albaniyanın cənubunda, Saranda şəhərinin, Yunanıstan sərhədinin yaxınlığında yerləşir. Qazıntı yerləri və orta əsrlərə aid Venesiya üslubunda qalası ilə məşhurdur. Arxeoloqlar Butrunti ərazisində akropolun divarlarını, eramızdan əvvəl III əsrə aid teatrı, habelə bir çox yaşayış və ictimai tikililərin qalıqlarını, o cümlədən mozaikalı termaları qazıb çıxara biliblər. Butrundi muzeyinə çimərliklərə gedərkən yolüstü baş çəkmək olar. Muzey sahilin iki kilometrliyində yerləşir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.