Qədir-Xum (əslində Ğədir əl-Xümm) vahəsi Məkkə ilə Mədinə arasında yerləşir. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən təqribən 10 km. məsafədə Cühfə kəndi yerləşirdi. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz Cühfə yaxınlığında, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl Qədir-Xum hadisəsi baş vermişdir.
Milli.Az islam.az-a istinadən bildirir ki, Cühfədən təqribən 3 km. məsafədə Qədir-Xum vahəsi yerləşir. Ərəblər səhranın çökəklik yerlərinə "ğədir" deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. "Xümm" sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də "qamışlıq", "bulaq çıxan yer", "gölməçənin yanında qazılmış quyu" kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xumda bir quyu var idi, onu Peyğəmbərin (s) yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazmışdı.
Milli.Az