Maraqlı

Azərbaycanla müqəddəs məkanların əlaqələr tarixinə bir baxış

30 İyul 2019 20:15
0 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı alimlər və Nəcəfdəki İmam Əli (ə) hərəmi

XIX-XX əsrlərdə bir neçə azərbaycanlı alim Nəcəfdəki İmam Əli (ə) hərəmində qılınan camaat namazlarına imamlıq etmək şərəfini qazanmışdı. Belə ki, Şeyx İbrahim Badkubeyi, Mühəmməd Əli Naxçıvani, Əbülqasim Ordubadi və b. hərəmdə imam-camaatlıq etmişlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Əlinin (ə) mübarək hərəminin hücrələrində dəfn edilmiş şəxslərin arasında ən azı 13 nəfər həmyerlimizin olması dəqiq məlumdur:

1. Şeyx Mühəmməd Əli Naxçıvani (1852-1916) - İmran məscidinə bitişik hücrələrin birində.

2. Ayətullah Mühəmməd Hüseyn Naxçıvani İsfahani Ğərəvi Kompani (1878-1942) - qızıl eyvanın altında, şimal minarəsinin yanındakı kiçik hücrədə, Əllamə Hillinin məzarının yanında.

3. Seyyid Mustafa Musəvi Naxçıvani (vəf. 1919) - Həzrət Əlinin (ə) məzarının arxasında, "Alimlər eyvanı"nın yaxınlığında.

4. Şeyx Əbülqasim Ordubadi (1857-1915) - 22 saylı hücrədə.

5. Şeyx Mühəmməd Əli Ordubadi (1895-1960) - 23 saylı hücrədə (böyük qapıdan (Bab əl-kəbir) sol tərəfdə).

6. Şeyx İbrahim Lənkərani (vəf. 1896) - qiblə tərəfdəki hücrələrdən birində.

7. Ayətullah Əbdülğəffar Lənkərani (vəf. 1956) - onun məzarının yanında.

8. Seyyid Rza Musəvi Lənkərani (1834-1904) - hərəmin həyətində Tusi qapısı istiqamətindəki 50 saylı hücrədə.

9. Şeyx Mühəmməd Cavad İrəvani (1870-1962) - hərəmin şimal-qərb küncündəki 53/1 saylı hücrədə.

10. Mirzə Əli İrəvani (1884-1935) - 23 saylı hücrədə.

11. Şeyx Sadiq İrəvani (vəf. 1978) - hərəmin həyətində, Fazil Şərabiyaninin məqbərəsinin qarşısında.

12. Seyyid Mir Badkubeyi (vəf. 1940) - hərəmin əsas qapısından (Bab əl-kəbir) sol tərəfdən birinci hücrədə (Axund Xorasani, Mirzə Həbibullah Rəşti, Seyyid Əbülhəsən İsfahani və onların oğulları da eyni hücrədə uyuyurlar).

13. Ayətullah Mühəmməd İbrahim Salyani (vəf. 1924) - hərəmin həyətində, şimal tərəfdəki hücrələrdən birində.

Nəcəfdəki Azərbaycan mədrəsələri

Nəcəfdəki bir neçə mədrəsə məhz Azərbaycandan gələn tələbələrin təhsil ocağı kimi tanınırdı. Bunlardan biri Badkubeyi mədrəsəsidir. Hacı Əli Nəqi Badkubeyi adlı imkanlı bir həmvətənimiz hicri 1325-ci (miladi 1907-ci) ildə Nəcəfi-əşrəfi ziyarət edib burada bir il qalır. Bu müddət ərzində o, Nəcəfin Mişraq məhəlləsində, Həzrət Əlinin (ə) müqəddəs hərəminin yaxınlığında, İmam Zeynül-abidin (ə) küçəsində öz vəsaiti hesabına bir mədrəsə və onun qərb tərəfində bir məscid tikdirir. Birmərtəbəli mədrəsənin 28 hücrəsi vardı. Onun şərqində, təqribən 100 kv.m.-lik həyətdə ikimərtəbəli daha bir tikili inşa edilmişdi ki, bu binada da 8 hücrə vardı. İki binanı enli küçə birləşdirirdi. Cəfər əl-Xəlili "Mövsuət əl-ətəbat əl-müqəddəsə" kitabında (VII cild, II hissə, səh. 150) yazır ki, bu mədrəsədə əsas etibarilə Buxaradan və Bakıdan gəlmiş 20 nəfərdən artıq tələbə qalırdı. Təəssüf ki, hicri 1383-cü ildə (miladi 1963/64-cü illər) yolun genişləndirilməsi bəhanəsi ilə mədrəsənin bir hissəsi uçuruldu. Cəmi 16 hücrəsi salamat qalmış mədrəsədə son onilliklərə kimi tələbələr məskunlaşmışdı. Daha sonralar mədrəsə baxımsız hala düşüb. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda Badkubeyi mədrəsəsində əsaslı təmir və bərpa işləri gedir, təhsil ocağı öz əvvəlki vəziyyətinə qaytarılır.

Kərbəla şəhərində, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) mübarək məqbərələri arasındakı ərazidə də Badkubeyi mədrəsəsi mövcud olmuşdur. Mədrəsə hicri 1270-ci (miladi 1854-cü) ildə tikilmiş və uzun müddət fəaliyyət göstərmişdir. Lakin ərazidə genişləndirmə və abadlıq işləri  aparılarkən, mədrəsə layihəyə mane olduğu üçün sökülmüşdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.