Maraqlı

Halal ruzi, təyyib ruzi. Ruzini artıran amillər

30 May 2019 22:40
1 Şərh     Baxış: 2 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təqva insana çox sayda ruzi qazandırar. "Kim Allahdan qorxsa (təqvalı olsa), (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur". ("Təlaq" 2-3).

Təqva nədir? Təqva o şeydir ki, insan özünü hifz edər və günahdan qoruyar. Hər kimin təqvası az olar, o, dünyada nə edəcəyini bilməz. Belə ki, Quran vəd vermişdir ki, hər kimin təqvası olar, bu dünyada giriftar olmaz. Hər kimin təqvası olar, Allah ona gözləmədiyi yerdən qapı açar və ruzi qazandırar. "Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi". ("Nəhl" 71).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iki balıqçı dənizə gedib tor atırlar. Toru çıxardan zaman görürlər ki, biri üç və o birisi isə beş balıq tutmuşdur. Bu beş balıq tutan balıqçı nə dənizə, nə balıqla heç bir müqavilə bağlamamışdır. Allahdır ki, onun ruzisini o birisindən çox qərar vermişdir.

Bu fərq olmalıdır ki, insanların istedadları çiçəklənə bilsin. Əgər bütün insanlar eyni olsaydı, məlum olmazdı ki, kim səbir edə bilir, kim qənaət edə bilir. Birinə verir və görür ki, qüruruna səbəb olur. Birinə vermir və görür ki, səbir edir.

Allah Təala buyurur ki, nə zaman ehtiyacın olsa, başqa qapıya deyil, Mənim qapıma gəl. Bu Mənəm ki, sənə ruzi verərəm. "Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur". ("Nisa" 139).

"Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükür edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız". ("Ənkəbut" 17).

Bir nəfər yaramaz adam bir alma götürür və deyir ki, mən bu alma ilə İmam Sadiqin (ə) abırını aparacağam. Soruşurlar necə? Deyir ki, gedəcəyəm və İmama (ə) deyəcəyəm ki, bu alma mənim ruzimdir, yoxsa yox? Əgər desə ki, bu sənin ruzin deyildir, həmin almanı yeyəcəyəm. Sonra deyəcəyəm ki, sən yalan deyirsən. Əgər desə ki, sənin ruzindir, onu yeməyib əzəcəyəm. İmamın (ə) yanına gedir və bu sözləri deyir: "Ya İmam! Bu alma mənim ruzimdir, yoxsa yox?". İmam (ə) buyurur: "Əgər boğazından aşağı düşsə, bil ki, sənin ruzindir". Bu insan nə edəcəyini bilmir və pərt olur.

Hədislərdə oxuyuruq ki, hər kim namazdan sonra ruzisinin artması üçün dua edər, duası qəbul olar. Ruzi qazanmaq üçün hərəkət çox mühümdür Bəziləri deyirlər ki, ruzim yoxdur. Ancaq iş var, gərək ayağı qalxıb həmin işin dalınca getsin.

Hədislərdə oxuyuruq ki, Allah hər bir insana halal ruzi müəyyən etmişdir. Heç bir zaman bəndəsinə haram mal verməz. İnsan gərək bir qədər səbir etsin ki, bu halal ruzini qazana bilsin.

Başqa bir hədisdə oxuyuruq ki, günah ruzini qayçılayar. Yeməkdən əvvəl və sonra əlləri yumaq ruzinin artmasına təsir edər. Xüsusilə də dəsmalla qurulamasan. Hava açılmamış ruzi dalınca getmək ruzini artırar. Ruzi qazanan zaman izzətinizi əldən verməyin. Gecə namazı ruzini artırar. Günaha görə istiğfar etmək ruzini artırar. "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram". ("İbrahim" 7).

Zəkat ruzini artırar. İmam Hüseynin (ə) ziyarəti ruzini artırar. İnsanın həmişə dəstəmazlı olması ruzini artırar.

Ruzini artıran iki yoldan birincisi səydir. İkincisi isə dua. Gərək iki qanadımız olsun ki, Allah bizə ruzi versin. Yəni bir qanadımız səy və o biri qanadımız duadır. Bir nəfər evində oturub ruzisinin artması üçün dua edir və heç bir iş görmür və bunu İmama (ə) xəbər verirlər və İmam (ə) buyurur ki, onun bu duası qəbul olmaz.

Ruzidə iki şərt vardır. Biri halaldır, o birisi isə təyyib. Bəzi şeylər halaldır, ancaq təyyib deyildir. Təyyib, yəni fiqhi cəhətdən pak olan halal tikə.

Beləliklə deyə bilərik ki, ruzimizin artması həm bizdən və həm də Allahdan asılıdır. Əgər təqvalı olsaq və Allahın bizə təqdir etdiyinə razı olsaq, Allah da bizdən razı olar. Eyni zamanda müsəlman həm ruzisinin artması üçün dua etməli, həm də işləyib zəhmət çəkməlidir. Bu halda ruzisinin artmasını gözləyə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.