Qış transfer dövründə heyətini dünya ulduzları ilə gücləndirməyi planlaşdıran "Qalatasaray"ın əsas hədəflərindən biri "Liverpul"dan ayrılmaq üzrə olan Məhəmməd Salahdır. Misirli superulduzu heyətinə qatmaq istəyən İstanbul təmsilçisi bu transfer üçün ciddi maliyyə planı hazırlayıb.
Milli.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında "Liverpul"un son həftələrdə "Lids Yunayted"lə oynadığı oyundan sonra Məhəmməd Salahın komandadakı gələcəyi müzakirə mövzusuna çevrilib. Ardıcıl üç oyunda start heyətində yer almayan və "Lids"lə görüşdə forma geyinməyən Salah matçdan sonra bu vəziyyətdən narazı olduğunu açıq şəkildə ifadə edib.
Salahın açıqlamalarından sonra ulduz futbolçunun qış transfer dövründə komandadan ayrılacağı iddiaları güclənib. İtaliya mətbuatında, xüsusilə "Corriere dello Sport" nəşrində yayımlanan xəbərə görə, Səudiyyə Ərəbistanı klubları ilə yanaşı "Qalatasaray" da Salahla maraqlanan komandalar arasındadır.
Məlumata görə, "Qalatasaray" Salahın meneceri ilə əlaqə saxlayıb və illik 15 milyon avro məvacib təklif edə bilər. "Liverpul"un futbolçu üçün 50-60 milyon avro civarında transfer haqqı tələb etdiyi bildirilir. Salahın isə illik 20 milyon avro maaş istədiyi qeyd olunur.
Ulduz futbolçu cari mövsümdə "Liverpul" forması ilə 20 oyunda 5 qol və 4 assistlə yadda qalıb.
Lalə Qüdrətova
Milli.Az





