Maraqlı

117 il yaşayan qadının uzunömürlülük sirri açıqlandı - hər gün 3 porsiya...

28 Sentyabr 2025 00:41
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

117 il yaşamış Maria Branyas Moreranın genetik kodu araşdırılıb. Elmi nəticələr göstərib ki, bu qədər uzun yaşamağın sirri həm genetik şans, həm də sağlam həyat tərzi ilə bağlıdır.

ABŞ-də doğulmuş, İspaniya vətəndaşı Maria Branyas 2024-cü ildə 117 yaşında vəfat edib. Onun genomu Barselonadakı Josep Carreras Leykoz Tədqiqat İnstitutu tərəfindən analiz edilib və nəticələr Cell Reports Medicine elmi jurnalında dərc olunub.

Tədqiqatı aparan Dr. Manel Esteller bildirib ki, Maria Branyas yaşlanma ilə bağlı bir çox xəstəliklərə qarşı qoruyucu genlərə malik olub. Bu genlər:

İmmun sistemini gücləndirir,

Beyin fəaliyyətini dəstəkləyir,

Yağ mübadiləsini tənzimləyir.

Ancaq onun yalnız genləri deyil, həyat tərzi də çox sağlam olub:

Heç vaxt siqaret və alkoqol istifadə etməyib,

Kənd mühitində yaşayıb,

Hər gün 1 saat gəzintiyə çıxıb,

Aralıq dənizi pəhrizinə üstünlük verib.

Qatıq və gənc bağırsağın sirri

Tədqiqatçılar bildiriblər ki, Maria hər gün 3 porsiya qatıq yeyirmiş. Bu vərdiş onun bağırsaq mikroblarını gənc saxlayıb, iltihabı isə aşağı səviyyədə tutub.
Mütəxəssislər qeyd edirlər ki, təkcə qatıq möcüzə yaratmır - onun ümumi həyat tərzi və sağlam qidalanması bu nəticəyə səbəb olub.

Alimlər vurğulayır ki, Maria Branyasın həyatı yaşlanmanın hər zaman xəstəlik və zəifliklə əlaqəli olmadığını göstərir. King's College London professoru Claire Steves deyib:

"Yaşlılıqla xəstəlik eyni şey deyil. Bəzi bioloji mexanizmlərlə bu proses dəyişdirilə bilər."

Mütəxəssislər hesab edir ki, uzunömürlülüklə bağlı gen və zülalların müəyyənləşdirilməsi gələcəkdə yeni müalicə üsullarına yol aça bilər. Dr. Estellerin sözlərinə görə, məqsəd hər kəsi 117 yaşına çatdırmaq deyil - yaşlılıq dövründə xəstəlik və əzabları minimuma endirməkdir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.