Hadisə

Azərbaycanda bələdiyyə sədri avtoşluq etdi

1 İyul 2021 10:07
2 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oğlu Muradov avtoşluğa görə cərimələnib.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, olay ötən ay baş verib.

Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. Avtoş bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi VAZ-2107 markalı, 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb.

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib. Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.