Hadisə

Sərhədçilərimizi öldürən şəxs saxlanıldı

16 May 2021 11:00
Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını güllələyən şəxs saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə'" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açmış və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılmış, saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram "marixuana" və 95 qram "metamfetamin", güclü təsir edən maddə olan 17715 ədəd "preqabalin" həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülmüşdür.
İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi Baş prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimiayyətə ətraflı məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.