Sağlamlıq

Süd vəzi xərçənginin əlamətləri - Sağalma şansı nə qədərdir?

3 May 2021 23:20
Baxış: 1 346

Qadınlarda ən çox rast gəlinən onkoloji xəstəlik süd vəzinin xərçəngi qadının bütün ailəsinə stress yaşadan, hər il dünyada 100 minlərlə qadında rast gəlinən şiş növüdür.

Son illər Azərbaycanda da çox sayda qadına, özü də gənc qadına bu diaqnoz qoyulur. Yaxşı haldır ki, süd vəziləri ayrılıqda bədənin içində olmadığı üçün onda yaranan şiş vaxtında aşkarlanarsa, metastaz vermədən vəzilər əməliyyat olunub, qadın xilas edilə bilir.

Milli.Az süd vəzi xərçəngi ilə mübarizə ayında bu patologiya haqqında ən geniş materialı və həkim məsləhətini təqdim edir:

Qadının süd vəzilərində çoxlu sayda alveol - süd yığılan hissəciklər, birləşdirici piy toxuması, geniş damar və limfa şəbəkəsi var. Qadında ən cüzi biokimyəvi proses və hormonal disbalans dərhal süd vəzisində özünü göstərir.

Qadınlar ömür boyu bir dəfə də olsa mastit, mastopatiya kimi süd vəzi problemindən əziyyət çəkir. Süd vəzinin daha çox xoşxasəlli şişləri də yayılıb- adenoma və fibroadenoma. Bəzi hallarda adenomalar bədxasəlliyə çevrilə bilir, ona görə bu şişlər daim nəzarətdə saxlanmalıdır. Lakin süd vəzi xərçəngi öz-özünə, heç bir düyün, kista ilə əlaqəli olmadan müstəqil yaranır.

Süd vəzisi toxumasında yaranan şişlərin 20 növü var. Şiş invaziv - sürətlə böyüyüb yayılan və qeyri-invaziv - zəif inkişaf edən olur. Həmçinin elə şiş hüceyrələri var ki, hormonlara qarşı həssasdır, aktiv reaksiya verir, hormonların təsirindən böyüyür, eləsi də var, hormonlardan asılı deyil.

Süd vəzi xərçənginin səbəbləri

Müxtəlif səbəblər səsləndirilsə də, tibb dəqiq səbəbi bilmir, əslində heç səbəblərin üzərində baş sındırmağa da dəyməz. Şiş varsa, yaranıbsa, artıq effektiv müalicə yolları tapılmalıdır.

Amma əsas səbəblər bunlardır:

-Genetik - nəsildə varsa, risk 50%-dir

-Hormonal səbəblər - estrogenlərin normadan artıq olması

-Heç vaxt doğmayan, süd verməyən qadınlar

-Çoxsayda abort etdirənlər və kontraseptiv qəbul edənlər

-Estrogen hormonu qəbul edənlər

-Gec menopauzaya daxil olanlar

-Qadında nə qədər estrogen hormonu aktivdirsə, çoxdursa, menstrual tsikl çox olursa, mutasiya riski bir o qədər çoxdur.

-Diabet, arterial təzyiq, ateroskleroz, süd vəzidə müəyyən xəstəlikləri, xoşxassəli şişləri olanlar, digər orqanlarda şişi olanlar da süd vəzi xərçənginə tutula bilər

-Alkoqol, siqaret vərdişi olanlar

-Radiasion şüalanmaya çox məruz qalma, zərərli peşədə çalışmaq

-Qeyri-sağlam qidalanma, heyvani yağlar çox yeyənlər

-Bir sıra çətin viruslara yoluxub immuniteti zəifləyənlər

Süd vəzi xərçəngi aşkarlanmanın pik yaşı 60-67 yaşdır. 30 yaşından aşağı yaşda az halda süd vəzi bədxassəli şişi aşkarlanır.

Süd vəzi xərçəngi necə aşkarlanır?

Süd vəzi xərçəngi məhz o növlərdəndir ki, insanın öz özünü müayinə etməsinə, nədənsə şübhələnməsinə imkan verir, çünki orqanlar içəridə yox, çöldədir, göz görür, əl yetir. Öz-özünü müayinə hər həftə, heç olmasa ayda bir dəfə tamam çılpaq halda güzgü qarşısında dayanıb süd vəzilərini əllə yoxlamaqdan gedir. Hər bir qadın öz süd vəzisini tanıyır və tanımalıdır. Dərisi, düyünlər, sərtlik, gilədə dəyişiklik, şişkinlik- hər hansı bir dəyişikliyi görməmək mümkün deyil.

Dünya statistikasına görə də, 70% hallarda elə qadın öz-özündə nəsə tapıb həkimə gələndə süd vəzi xərçəngi diaqnoz olunub. Amma bizim qadınlar bir şey görsələr də unudub, boş verib həkimmə getmir, bununla da qiymətli vaxtı itirir.

Süd vəzi hər menstruasiya başa çatandan 2-3 gün sonra yoxlanmalıdır.

Əsas nəyə fikir verməlisiz:

-Süd vəzilərinin simmetrikliyinin pozulması - biri çox böyükdür, ya kiçikdir, ya əyridir.

-Dərisinin rəngi, nahamarlığı

-Əllənə bilən düyü, ağrı, şişkinlik

Əgər şübhəli nəsə görsəz, həkim mammoloqa müraciət edin. O, manual müayinə edəcək, USM, rentgen, mammoqrafiya, bir sıra analizlər təyin edərək, cəmi 1-2 günə tam diaqnoz verəcək. Əgər o şişdən şübhələnərsə, dərhal biopsiya götürüb, histoloji analizə verəcək.

Ağrı vermir

Əgər qadında süd vəziləri ağrıyırsa, istidirsə, müəyyən günlərdə ağrı çoxalırsa, ağrı qollara, kürəyə verirsə, çox güman ki, bu xoşxəssəli şişdəndir, nəinki bəd. Çünki süd vəzi xərçəngi gizlidir, ağrısızdır, heç ağrı siqnalı verməz. Ona görə onu ilk mərhələdə yaxalamaq olmur.

Adətən bəd xassəli şişlər əl altında hərəkət etmir, sakitdir, konturları nahamardır, yəni tam yumru deyil, dəridə çökəklər yaradır, üstündə dəri qatları, qırışları yarana bilir.

2-3cü mərhələdə şiş ətraf limfa düyünlərinə yayılıb, onları da şişirdə bilər.Ona görə süd vəzi ətrafı limfa düyünləri də yoxlanılır.

Ən qabarıq əlaməti - gilədən axıntı gəlməsidir. Axıntı irinli və qan qarışıq ola bilər.

Xəstəliyin dərəcələri

Süd vəzi xərçənginin bütün şişlərdə olduğu kimi 4 mərhələsi ayırd edilir. Hər mərhələ üçün simptomlar buketi, müalicə sxemi var.

I - başlanğıc mərhələdə şiş 2 sm-i keçmir, metastaz verməyib, limfalar təmizdir, bir əməliyyatla təkcə şişi götürmək və bir iki dərmanla müalicəni tamamlamaq olur

II mərhələdə - şiş 3-5 sm-dir. Limfalara yayılıb.

III mərhələ ağır sayılır - şiş 5 sm, yayılıb.

IV -mərhələr bütünlükdə süd vəzi şişdir, digər orqanlara, hətta beyinə metastaz verib.

Süd vəzi xərçənginin müalicəsi

Süd vəzi xərçənginin müalicəsi ilk mərhələdə asan, digər mərhələlərdə uzun və çətindir. Amma dünya tibbi hər il süf vəzi xərçəngi müalicəsi üzrə uğurlu müalicə metodları, dərmanlar əldə edir.

İlk növbədə əməliyyat aparılır. Lakin sonuncu ağır və çox metastazlı mərhələdə əməliyyat olunmur.

Əvvəllər hətta kiçik şişdə belə radikal mastektomiya- süd vəzilərinin tamam alınması əməliyyatı aparılırdı. Həm həkim, həm xəstə şiş olan süd vəzidən bacardıqca tez xilas olmaq istəyirdi. Lakin əməliyyatdan sonra çox qadınlar dərin depressiyaya girirlər və bədənlərindən qorxur, utanırdılar.

İndi daha çox orqan qorunma əməliyyatları icra edilir. Lampektomiya əməliyyatında yalnız şiş olan hissə kəsilir və ya süd vəzinin içi boşaldılır, dəri və gilə saxlanılmaqla dərhal içəri silikon və ya protez süd vəzi qoyulur.

Daha sonra şişin növündən asılı olaraq, kimya və radio terapiya seçilir. Bir çox şişlər hormonal müalicə ilə müalicə olunur, estrogenin miqdarı azaldılır.

Xəstəliyin residivliyinin qarşısını almaq üçün onkoloq nəzarətində daim müayinələr, qan analizləri aparılır, xüssusi adyunvant terapiya seçilir.

Sağalma şansı nə qədərdir?

Bu gün hətta 3-cü dərəcədə xəstəliyi aşkarlanan, əməliyyat olub, müalicə alan xəstələr var ki, 10 ildir yaşayırlar.

1-2-ci mərhələdə aşkarlanarsa xəstənin xilas şansı 80%, bəzən 90%-dir.

III dərəcədə 40-50% 5 illik yaşama şansı.

IV dərəcədə - yaşama şansı xəstənin yaşı, immuniteti, xərçəngin aqressivliyindən, metastazlardan asılıdır. Bu dərəcədə də 4-5-6 il yaşayan xəstə faktları var. /medicina.az

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.