Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Prezidentin ailəsini şantaj edən F.S.-ni saxlayıb. Hadisənin detalları üzə çıxdıqca aydın olur ki, məsələ təkcə bir şəxsin cinayət əməli ilə məhdudlaşmır. Bu, planlı informasiya manipulyasiyası və ictimai rəyin yönləndirilməsi cəhdidir.
Milli.Az-ın İctimai Televiziyaya (İTV) istinadla yaydığı məlumata görə, saxlanılan şəxsin telefonunda olan görüntülər heç də iddia edildiyi kimi "real faktlar" yox, şantaj məqsədilə hazırlanmış saxta foto və videolardır. Bu materiallar sosial şəbəkə və 18+ saytlardan götürülüb. Və kadrlarda yer alan qadın həmin platformalarda "amber lulu" ləqəbi ilə tanınan biridir.
İstintaq artıq həmin şəxsin əsl kimliyini, yaşadığı ünvanı və sosial media fəaliyyətini də müəyyən edib. Yəni ortada nə "gizli çəkiliş", nə "ifşa", nə də "sensasiya" var. Sadəcə, ucuz manipulyasiya və məqsədli yalan var.
"Bloqer" maskası altında təşkilatlanmış kampaniya
Ən diqqətçəkən məqam isə budur: bu kampaniyanı aparan, özlərini "bloqer", "müstəqil araşdırmaçı", "jurnalist" kimi təqdim edən şəxslər bütün bunları bilməyə bilməzdilər ki, istifadə olunan görüntülər açıq mənbələrdən götürülüb;
• Kadrlardakı şəxs asanlıqla identifikasiya olunur;
• Sosial şəbəkələrdə həmin qadının kifayət qədər açıq profili mövcuddur.
Bu isə o deməkdir ki, kampaniyanın təşkilatçıları bilərəkdən yalan və böhtan yayır, ictimaiyyəti aldadır və konkret hədəfi nüfuzdan salmağa çalışıblar.
Məqsəd nə idi?
Bu sual artıq daha aydın cavab tapır:
1. Prezident ailəsinin adını qalmaqala çəkmək,
2. Cəmiyyət daxilində şübhə və etimadsızlıq yaratmaq,
3. İnformasiya məkanında xaos formalaşdırmaq.
Yəni bu, sadəcə, "şantaj" da deyil, xüsusi hazırlanmış informasiya hücumudur.
Saxta ssenari
Uzun müddət "ifşa", "sensasiya", "həqiqət" kimi təqdim edilən materialların əslində montaj, saxta əlaqələndirmə və məqsədli dezinformasiya olduğu artıq ortaya çıxdı.
Bu isə bir daha göstərir ki, sosial mediada yayılan hər "şok video"nun arxasında həqiqət yox, peşəkar şəkildə qurulmuş manipulyasiya mexanizmi dayana bilər.
DTX-nın həyata keçirdiyi bu əməliyyat yalnız bir nəfərin saxlanılması ilə bitmir. Bu, eyni zamanda, saxta "ifşaçıların" maskasını düşürdü, "bloqer fəaliyyəti" adı altında aparılan qarayaxma kampaniyası ifşa olundu. Və ən əsası, cəmiyyətə açıq mesaj verildi: Azərbaycan dövlətinə qarşı qurulan yalan üzərində kampaniyalar gec-tez çökür!
Yalan ayaq tutur, amma yerimir. (publika.az)
Milli.Az





