Həddindən artıq saç tökülməsi saçlarda seyrəlməyə səbəb olur və onların sağlam görünməsinə mane olur. Bu hal isə qadınların psixologiyasına təsir edir, onların özü və görünüşləri haqqında özgüvən hissini itirməsinə səbəb olur. Baxımlı və sağlam xarici görünüş üçün sağlam saçlar əhəmiyyətli rol oynayır. Türkiyənin dəri xəstəlikləri mütəxəssisi Figen Akının sözlərinə görə, qadınların 25 faizində saç tökülmələri dəmir çatışmazlığı ilə bağlıdır. Aile.lent.az mütəxəssisin saç tökülmələrinin səbəbləri haqda fikirlərini öyrənib.
Həkim bildirir ki, menstruasiyası uzun müddət davam edən və çox olan qadınlarda da bu problem ortaya çıxa bilər. Saç tökülməsi müəyyən dövrlərdə bütün qadınlarda müşahidə edilə bilər. Həddən artıq saç tökülməsi isə bəzi qadınlarda hətta stressə səbəb olur. Bu problem xroniki xəstəliklər, ekoloji təsirlər, genetik səbəblərdən yarana bilər: "Gündə 100 saç telindən çox tökülmə müşahidə edirsinizsə, demək, bu, artıq problemdir. Yüksək hərarət, immunitet sisteminə təsir edən akut və xroniki xəstəliklər, tiroid xəstəlikləri, müxtəlif infeksiya xəstəlikləri, dəmir və sink, H vitamini çatışmazlığı, mövsüm dəyişikliyi və qidalanmada zülal çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Qəza və ya ağır əməliyyat keçirən, ölüm riski ilə üz-üzə gələn insanların keçirdiyi mental stress də saç tökülmələrinə şərait yaradır".
Doğuşdan sonra saç tökülməsi artır
F. Akın bütün saç dərisini əhatə edən və həddən artıq saç tökülmələrinin önəmli səbəblərindən birinin hormonal dəyişikliklər olduğunu da əlavə edir. Bu vəziyyət ən çox doğuşdan sonra ortaya çıxır: "Əsasən doğuşdan 2-4 ay sonra saçlarda tökülmə başlayır və bir neçə aydan sonra öz-özünə dayanır. Eyni şəkildə doğuş dərmanları və ya bu dərmanlara ara verilməsi də saçlarda tökülməyə səbəb olur. Tiroid vəzinin az və ya çox işləməsi, over, adrenal və ya hipofiz vəziləri kimi şişlər də saç tökülməsinə şərait yaradır".
Saç boyaları düşməndir
Saç boyaları başda olmaqla, saçlara tətbiq edilən bəzi kimyəvi maddələr də saçları korlayır. Saç qurutma alətləri, perma əməliyyatları, rəng açıcılar saçın quruluşuna zərər verir: "Saç boyanan zaman tətbiq olunan rəng açıcılar saça rəngini verən melanini oksidləşdirir. Eyni zamanda saçı struktur olaraq zəiflədir. Perma deyilən əməliyyatda saça tətbiq olunan məhlul isə saçın quruluşunda olan disulfid bağlarda qırılma və ya azalmaya səbəb olur. Bu isə saçın tökülməsinə gətirib çıxarır".
Çox yumaq məsləhət deyil
Saçların mexaniki zərər görməsi xarici faktorlarla da bağlıdır. Bu xarici faktorlardan biri də sudur: "Saçları həftədə ən çox 2-3 dəfə yumaq lazımdır. Saçlar ilıq su ilə yuyulmalı və istifadə edilən şampunun miqdarı çox olmamalıdır. Şampunun miqdarı çox olarsa, saçlardan asanlıqla təmizlənmir və kəpəklənməyə səbəb olur. Bundan başqa, saçları yuyan zaman saç dərisini sərt ovalamaq dəriyə ziyandır. Saç qırıqlarını azaltmaq üçün isə saça bərpaedici kremlər tətbiq olunmalıdır. Saça tətbiq olunan bərpaedici kremlər saçların daha dolğun və düz görünməsini təmin edir".
Milli.Az