Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu dəfəki cinayət işində təqsiləndirilən şəxs xanımdır.
Abşeron rayon sakini olan həmin xanım Anar adlı vətəndaşa onun övladı üçün sürücülük vəsiqəsi alacağını və Xırdalanda fəaliyyət göstərən məktəblərdən birinə müəllim vəzifəsinə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə zərərçəkmişdən 9000 manat pul alıb.
Təqsirləndirilən şəxs özünü zərərçəkmişə dövlət qurumlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edib. Lakin sonradan məlum olub ki, onun niyyəti sadəcə vətəndaşı aldatmaq olub.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra həmin xanım saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Müttəhim verilmiş ittihamla özünü təqsirli bildidiyini deyib. Eyni zamanda məlum olub ki, zərərçəkmişə dəymiş ziyanın 7000 manatı ödənilib. Təqsirləndirilən şəxs yerdə qalan 2000 manatı qısa müddət ərzində qaytarılacağına söz verib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Milli.Az