Dünya

“Sülh planı 28-dən 20 bəndə endirilib”

8 Dekabr 2025 23:12
Baxış: 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Londondakı danışıqlar zamanı ABŞ-nin sülh planı 28-dən 20 bəndə endirilib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski bildirib ki, ölkə 2026-cı ildə ABŞ silahlarının alınması üçün PURL proqramı çərçivəsində 15 milyard dollara ehtiyac duyur.

Zelenskinin sözlərinə görə, PURL proqramı Ukraynaya əsas hava hücumundan müdafiə sistemlərini təmin edir və NATO ölkələri bu məqsədlə əlavə maliyyə mənbələri tapmalıdır. O, NATO Baş katibi Mark Rutteyə bu məsələnin vacibliyini müttəfiqlərə xatırlatdığı üçün təşəkkür edib. Zelenski qeyd edib ki, 2025-ci il üçün Ukraynanın bu proqram çərçivəsində hələ də təxminən 800 milyon dollarlıq çatışmazlığı var.

Brüssel və Londona səfəri zamanı Zelenski "sülh planı" ilə bağlı danışıqlara da toxunub. Onun sözlərinə görə, sənəd 28 bənddən 20-yə endirilib və açıq şəkildə "Ukraynaya uyğun olmayan" müddəalar çıxarılıb. Prezident vurğulayıb ki, Amerika tərəfi kompromislər axtarmağa meyllidir, lakin ərazilər məsələsi açıq qalır. Ukraynanın isə öz torpaqlarından imtina etmək hüququ yoxdur - nə hüquqi, nə də mənəvi baxımdan.

Prezident təhlükəsizlik təminatları məsələsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Əsas sual - müharibə bitdikdən sonra Rusiya Federasiyasının təkrar təcavüzü baş verərsə, tərəfdaşların buna hansı cavabı verəcəyi ilə bağlıdır. Zelenski deyib ki, bu suala hələlik qəti cavab verilməyib.

Ən real təminatlar arasında Zelenski iki variantı göstərib:

  • ABŞ Konqresi tərəfindən qəbul edilə biləcək qərar,
  • "İstəkli Dövlətlər Koalisiyasını" dəstəkləyəcək Avropa formatının yaradılması.

Zelenski bildirib ki, Avropa liderləri ilə danışıqlar məhsuldar keçib və yenilənmiş sülh planının yaxın günlərdə tamamlanaraq ABŞ tərəfinə təqdim olunacağı gözlənilir.

Prezident bir daha vurğulayıb ki, Ukraynanın ərazi məsələsi heç bir halda kompromis mövzusu ola bilməz. Onun sözlərinə görə, ölkə Konstitusiyası, beynəlxalq hüquq və mənəvi dəyərlər Ukraynaya öz torpaqlarından imtina etməyə icazə vermir. Zelenski qeyd edib ki, Rusiya hələ də Ukraynanın ərazi güzəştlərinə getməsini tələb edir, lakin Kiyev bunu qəbul etmir və müzakirə predmeti kimi görmür.

Zelenski təsdiqləyib ki, heç bir sülh təşəbbüsü ərazi güzəştlərini nəzərdə tutmur. O, bildirib ki, danışıqlarda bir çox çətin məqamlar qalır, lakin ABŞ kompromis axtarır - lakin ərazi məsələsində yox.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.