Autizm Spektr Pozuntusu (ASP) insanın sosial qarşılıqlı əlaqə, ünsiyyət və davranış sahələrində inkişaf fərqlilikləri ilə xarakterizə olunan nevroinkişaf pozuntusudur. Son illər ASP diaqnozu qoyulan uşaqların sayı dünyada və ölkəmizdə artmaqdadır.
ASP-nin simptomları adətən 2-3 yaşdan etibarən müşahidə olunur və fərqli uşaqlarda müxtəlif şəkildə özünü göstərə bilər. Bu səbəbdən "spektr" anlayışı istifadə olunur, hər bir fərdin təzahürləri və ehtiyacları unikaldır.
Müalicə və dəstək metodları
ASP üçün konkret və qəti müalicə yoxdur, lakin erkən diaqnostika və müntəzəm reabilitasiya proqramları uşaqların inkişafına əhəmiyyətli təsir göstərə bilər.
Bu sahədə çalışan mütəxəssislər, xüsusilə fizioterapevtlər və reabilitoloqlar, uşaqların motor bacarıqlarını, hərəkət koordinasiyasını və gündəlik fəaliyyətlərdə iştirak qabiliyyətini artırmaq üçün xüsusi yanaşmalar tətbiq edirlər.
Reabilitoloq-fizioterapevt Afaq Azad Milli.Az-a açıqlamasında bildirir ki, autizm yalnız psixoloji və ya davranış yönümlü yanaşma tələb edən bir vəziyyət deyil:
"Autizm yalnız psixoloji və ya davranış yönümlü yanaşma tələb edən bir vəziyyət deyil. Bu uşaqlarda tez-tez motor bacarıqlarında gerilik, əzələ tonusunda zəiflik və bədən koordinasiyasında pozuntular müşahidə olunur. Biz reabilitasiya prosesində uşaqlara həm fiziki, həm də funksional müstəvidə dəstək göstəririk. Əsas məqsədimiz onların gündəlik həyat bacarıqlarını artırmaq, müstəqil fəaliyyətlərini gücləndirmək və ailə həyatına daha aktiv qatılmalarını təmin etməkdir".
Beynəlxalq baxış:
Autizm üzrə tanınmış beynəlxalq ekspert Dr. Tony Attwood isə bildirir:
"Autizmi xəstəlik kimi deyil, fərqli bir zehni və emosional dünya kimi anlamaq vacibdir. Düzgün dəstək və erkən müdaxilə ilə bu uşaqlar cəmiyyətə inteqrasiya ola bilər və fərdi potensiallarını reallaşdıra bilərlər".
Hazırda Azərbaycanda ASP ilə yaşayan uşaqlar üçün bir sıra dövlət və özəl reabilitasiya mərkəzlərində xidmətlər göstərilir. Mütəxəssislər, valideynlərə bu uşaqlarla təmkinli, ardıcıl və sevgi dolu yanaşmanı əsas götürməyi tövsiyə edirlər.
Kənan
Milli.Az