Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.
Milli.Az xəbər verir ki, dəri səpgiləri, qaşınma, qızarıqlıq, burun axması kimi əlamətlər bir çox valideynləri narahat edir. Bu simptomlarla ev şəraitində mübarizə aparmaq bəzən çətin olur və nəticədə valideynlər həkimə üz tutmaq məcburiyyətində qalırlar.
Bir ananın dediyinə görə, altı aylıq körpəsinə ilk dəfə əlavə qida olaraq qabaq verdikdən sonra uşaqda güclü allergik əlamətlər yaranıb:
"Altı aylıq körpəm var. Əlavə qidalanmaya başladığımızda ona qabaq verdim. Yalnız 15 dəqiqə ərzində bütün bədənində səpgilər əmələ gəldi. Vəziyyətin sürətlə ağırlaşdığını görüb dərhal təcili yardım çağırdıq. Əgər vaxtında müdaxilə olunmasaydı, nəticəsi faciəvi ola bilərdi."
Uşaqlarda bu cür reaksiyaların başlıca səbəblərindən biri qəbul etdikləri ərzaqlardır.
Məsələ ilə bağlı həkim Nərmin Zakirlinin sözlərinə görə, onun çalışdığı klinikaya hər gün bu cür əlamətlərlə ən azı 15-20 uşaq gətirilir:
"Alma, banan, biskvit, dəniz məhsulları, yerfıstığı kimi məhsullar tez-tez allergik reaksiyalara yol açır. Bal isə xüsusilə təhlükəli sayılır və bu səbəbdən 3 yaşdan kiçik uşaqlara verilməsi məsləhət görülmür," - deyə həkim vurğulayır.
Mütəxəssis qeyd edir ki, belə hallarda vaxt itirmədən uşaq həkiminə və ya allerqoloqa müraciət olunmalıdır. Əgər evdə antihistamin preparatları varsa, onları həkimin tövsiyəsi ilə tətbiq etmək olar. Lakin mütləq şəkildə uşaq tez bir zamanda tibb müəssisəsinə aparılmalıdır. Gecikmə, ağır nəticələrə gətirib çıxara bilər.
Asya
Milli.Az