Sağlamlıq

Tibb sahəsində mübahisəli yenilik: Reseptləri süni intellekt yazır

12 Yanvar 2026 01:01
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə sistemində köklü dəyişikliklərin anonsu verilib. ABŞ-ın Utah ştatında tibbi praktikada indiyədək görünməmiş bir pilot layihə istifadəyə verilib və bu addım artıq tibb ictimaiyyətini iki düşərgəyə bölüb.

Milli.Az-ın məlumatına görə, ChatGPT-nin səhiyyəyə uyğunlaşdırılmış versiyasının təqdimatından qısa müddət əvvəl Utah ştatı xroniki xəstəliklər üçün istifadə edilən 190 adda dərmanın reseptinin süni intellekt vasitəsilə yenilənməsinə rəsmi icazə verib. Bu, ABŞ üzrə ilk belə təcrübə hesab olunur.

Pilot layihə səhiyyə texnologiyaları sahəsində fəaliyyət göstərən "Doctronic" şirkəti ilə birgə həyata keçirilir. Layihənin əsas hədəfi səhiyyə xidmətlərinə çıxışı sürətləndirmək, tibbi xərcləri azaltmaq və artıq həddindən artıq yüklənmiş həkim və tibb işçilərinin işini yüngülləşdirməkdir.

Hazırda sistemdən istifadə üçün resept yenilənməsi zamanı simvolik olaraq 4 dollar ödəniş tələb olunur. Gələcəkdə bu xidmətin sığorta paketlərinə daxil edilməsi və ya illik abunə modeli ilə təqdim olunması planlaşdırılır. Bununla belə, bütün dərmanlar sistemə daxil edilməyib. Asılılıq riski daşıyan güclü ağrıkəsicilər və diqqət çatışmazlığı-hiperaktivlik pozuntusu (DEHB) üçün nəzərdə tutulan preparatlar bu siyahıdan çıxarılıb.

Şirkətin açıqlamasına əsasən, süni intellekt tərəfindən verilən resept qərarları real həkim qərarları ilə 99,2 faiz uyğunluq göstərir. Bu yüksək göstəriciyə baxmayaraq, mütəxəssislər tibbdə ən kiçik səhvin belə ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq ehtiyatlı yanaşma tələb edirlər.

Risklər və etik suallar

Süni intellektin səhiyyədə tətbiqi yeni olmasa da, onun resept yazmaq kimi həyati əhəmiyyətli bir səlahiyyətə sahib olması ciddi müzakirələr doğurur. Mövcud statistikaya görə, ABŞ-da tibb bacılarının təxminən 46 faizi artıq süni intellekt alətlərindən gündəlik və ya həftəlik işlərində istifadə edir.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu cür sistemlər bəzi hallarda:

dərmanlar arasındakı təhlükəli qarşılıqlı təsirləri nəzərdən qaçıra,

xəstənin vəziyyətindəki kritik dəyişiklikləri düzgün qiymətləndirməyə bilər.

Bundan əlavə, bir sıra elmi araşdırmalar tibbi süni intellekt alətlərinin qadınların şikayətlərini daha az ciddi qiymətləndirdiyini, eləcə də irq və etnik mənsubiyyətə bağlı qərəzli nəticələr çıxara bildiyini göstərir. Xüsusilə qaradərili xəstələrə aid risklərin alqoritmlər tərəfindən daha aşağı qiymətləndirilməsi onların vaxtında və adekvat tibbi yardım almasını çətinləşdirə bilər.

Hüquqi müstəvidə isə məsələ daha mürəkkəbdir. ABŞ-da tibbi fəaliyyət qaydaları əsasən ştatların səlahiyyətində olsa da, süni intellektə əsaslanan tibbi sistemlərin tənzimlənməsi Federal Qida və Dərman Administrasiyasının (FDA) nəzarəti altındadır.

Utahda aparılan bu pilot layihə uğurlu nəticə verərsə, yaxın gələcəkdə onun Texas, Arizona və Missuri kimi digər ştatlarda da tətbiq olunacağı gözlənilir.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.