Gürcüstan

Gürcüstan seçimə məcbur edilir: Qərb, yoxsa Rusiya daha faydalıdır?

14 Oktyabr 2024 21:41
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi yaxınlaşdıqca ölkəni iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirəcək dərəcədə ciddiləşən Qərb-Rusiya istiqaməti özünün ən yüksək mərhələsinə qədəm qoyub. Xüsusən də prezidentliklə hökumət arasında ziddiyyətlər bu gərginliyi maksimal həddə çatdırıb. Belə ki, Prezident Salome Zurabişvili Avropa İttifaqına inteqrasiya tərəfdarı olsa da, Baş nazir İrakli Kobaxidze Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. Gürcüstan və region üçün ən mənfi ssenari isə vətəndaş qarşıdurması və proseslərin məhvərindən çıxmasıdır. Artıq Salome Zurabişvili parlament seçkisindən əvvəl "keçid dövründə təsis ediləcək" texniki hökuməti elan etməyi də planlaşdırır və o, texniki hökuməti "Gürcüstanın seçimi Avropa olmalıdır" istiqamətində təqdim etməyi planlaşdırır. Bu kontekstdə paytaxt Tbilisidə ən böyük mitinqin keçirilməsi də gözlənilir və oktyabrın 20-nə "Gürcüstan Avropa İttifaqını seçir!" aksiyası planlaşdırılıb.

Milli.Az xəbər verir ki, oxu.az mövzuya yerli və xarici ekspertlərlə aydınlıq gətirib.

Gürcüstanın sabiq təhsil və elm naziri, İliya Dövlət Universitetinin Beynəlxalq Qafqazşünaslıq Məktəbinin direktoru Giya Nodiya parlament seçkisindən əvvəlki vəziyyəti qeyri-müəyyən adlandırıb:

"Çünki seçkidə kimin qalib gələcəyi bilinmir. Daha etibarlı hesab etdiyim ictimai rəy sorğuları göstərir ki, hakim Gürcü Arzusu Partiyasının təxminən 30 faiz dəstəyi var ki, bu da tam proporsional sistemdə qələbə üçün kifayət etməyə bilər".

"Müxalifət cəbhəsində isə dörd əsas siyasi blok var. Bunların hər biri, yenə də bu sorğulara əsasən, 5 faizlik maneəni keçməyi və sonra birləşərək koalisiya hökuməti yaratmağı planlaşdırır. Bu, tamamilə realist bir variantdır. Lakin digər tərəfdən, hakim partiya məğlubiyyət ehtimalını nəzərdən keçirmir və bir sıra televiziya kanallarının sorğusuna əsasən, ölkə əhalisinin 60 faizi Gürcü Arzusunu dəstəkləyir. Bu da qələbəyə zəmin yaratmaq üçün indidən elan edilir", - deyə sabiq nazir vurğulayıb.

O, əhalinin gözləntilərinin bir-birindən fərqləndiyini əlavə edib:

"Mənə elə gəlir ki, müxalifət düşərgəsi, hansı ki, ən azı paytaxtda üstünlük təşkil edir, indi daha optimist əhvali-ruhiyyədədir. Lakin heç kəs indidən nə baş verəcəyini birmənalı şəkildə deyə bilməz və müvafiq olaraq, bütün ölkə 26 oktyabrı gözləyir".

Rusiyalı politoloq Boqdan Bezpalko da hesab edir ki, Gürcüstanda siyasi elitalar arasında mübarizə gedir:

"Bir tərəfdən, elitanın bir hissəsi müxtəlif təşkilatlar vasitəsilə qlobal strukturlara inteqrasiya etmək istəyir, hansı ki, bunlar Gürcüstanla Avropa İttifaqı, Gürcüstanla NATO, Gürcüstanla ABŞ və s. arasında vasitəçilərdir və bununla şəxsi maraqlarını güdür, həm də uzunmüddətli perspektivdə qlobal elitaya ən aşağı rollarda olsa belə, daxil olmaq imkanı əldə etmək istəyirlər. Digər tərəfdən isə mövcud hökumət suverenlik və müstəqillik, o cümlədən əxlaqi qayda və normaları qorumağa çalışır. Buna görə də hökumət LGBT-nin fəaliyyətini ləğv etdiyi üçün ona təzyiqlər edilir. Düzdür, bu, siyasi proseslərə o qədər də aid olmasa da, ən azından, Gürcüstanın hazırkı vəziyyətini qorumaq üçün əsas səbəbdir".

"İndi baş verənlərə müəyyən mənada Gürcüstan elitasının ayılması da demək olar. Onların çoxu səmimi olsa, 2008-ci ildəki hadisələrin Rusiyanı sınamaq üçün təşkil edildiyini etiraf edər. Buna görə də həmin hadisələrə görə məhz Saakaşvilinin günahkar olduğu barədə bəyanatlar səslənir", - deyə politoloq vurğulayıb.

Onun qənaətinə görə, gürcülərin əksəriyyəti Rusiya Federasiyası ilə münasibətlərin ciddi şəkildə korlanmasına təəssüflənir:

"Çünki Gürcüstan üçün əsas iqtisadi tərəfdaş məhz Rusiyadır. Gürcü şərabı, kənd məhsulları, meyvələri və s. Avropa İttifaqında və ya digər regionlarda heç kimə lazım deyil. Amma Rusiya üçün lazımdır. Üstəlik, Rusiyada gürcü diasporuna hörmət bəsləyirlər. Məsələn, bu yaxınlarda Rusiyadakı Federal Gürcü Milli-Mədəni Muxtariyyətinin prezidenti David Tsetsxladze Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olub. Ona görə də bu vəziyyətdə Gürcüstan və onun elitaları, ən azı müstəqillik və suverenliyi qorumağa çalışanlar, Rusiya ilə tərəfdaşlıq mühitində yaşamağın onlar üçün daha yaxşı olduğunu başa düşməlidirlər".

Siyasi şərhçi Xəyal Bəşirov isə hesab edir ki, Gürcüstanda parlament seçkisi ərəfəsində və ondan sonra etiraz aksiyalarının olacağı ehtimalı böyük idi:

"Gürcüstanda keçirilən sorğulara əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının seçkidə qalib gələcəyi ilə bağlı indidən cəmiyyətdə səs çoxluğu var. Bu da "Xarici təsirin şəffaflığı" və "Xarici agentlərin qeydiyyata alınması" barədə qanun layihələrinin qəbul edilməsi zamanı, həmçinin, LGBT ilə mübarizə çərçivəsində atılan addımlar zamanı Gürcüstana qarşı səfərbər olunan qüvvələri narahat edir. Təbii ki, həmin o qüvvələr öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər. Bu seçki, əslində, Gürcüstanın, həqiqətən də, hansı yolu seçməsi ilə bağlı məsələni müəyyən edəcək".

"2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı" oldu və prezident Eduard Şevardnadzenin devrilməsi və Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra Gürcüstanda qərbyönümlü siyasət yürüdülməyə başladı. 20 il ərzində Gürcüstan Qərb istiqamətində kifayət qədər ciddi addımlar atdı və bu müddətdən sonra Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinə razılıq verildi. Lakin 20 il ərzində Gürcüstanın əldə etdiyi bu addımın üzərindən bir gündə xətt çəkildi. Bu da Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul edilməsi idi. Qərbdən olan bəzi qüvvələr, əslində, Gürcüstana bir daha izah etdilər ki, Gürcüstan onların istəmədiyi qanunların qəbul edilməsində mövqe bildirə bilməz. Əslində isə bu qanun bir bəhanə idi və məhz bundan sonra münasibətlərdəki çatları bir daha gündəmə gətirdi. Bu baxımdan, Gürcüstanda tərəflər arasında münasibətlərin daha da gərginləşəcəyini düşünürəm və Rusiya da, Qərb də öz mövqelerini nümayiş etdirəcəklər", - deyə şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya çalışır ki, Qərb Gürcüstanı ələ keçirməsin:

"Xüsusilə də Ermənistanın Cənubi Qafqaz dövləti kimi Rusiyanın təsir dairəsindən çıxması ərəfəsində Gürcüstanı gözdən qoymamaq Moskva üçün vacibdir. Bu baxımdan, açıq şəkildə gərginliyi müşahidə edəcəyik. Çünki biz "Xarici agentlər haqqında" qanunun qəbul edilməsi zamanı, hətta mitinqlərdə xarici diplomatların, avropalı deputatlarının iştirakını gördük. Faktiki olaraq, bu, Gürcüstan dövlətinin daxili işinə qarışmaq deməkdir. Yəni hər vəchlə çalışdılar ki, bu qanunun qəbul edilməsinin qarşısını alsınlar".

"Hər bir halda həm Rusiya, həm də Gürcüstanın hazırkı hakimiyyəti münasibətlərin inkişafında qərarlıdırlar. Qərbdən olan dövlətlər də çalışacaqlar ki, ya hazırkı hakimiyyəti zəiflətsinlər və özlərinə yaxın olan hakimiyyət formalaşdırsınlar, ya da mövcud hakimiyyəti özlərinə yaxın olmağa məcbur etsinlər. İndi, təbii ki, bu ikinci variantın reallaşması o qədər də ehtimal olunmur. Hər bir halda mübarizəni biz həm siyasi səhnədə, həm də meydanlarda görəcəyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.