Təhsil

Nazirdən narazı müəllimlərə cavab - “Biz ədalətsiz qərar vermirik”

24 İyun 2025 20:44
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili və ədəbiyyat müəllimlərinin builki sertifikatlaşdırma prosesi ilə bağlı narazılıqlara münasibət bildirib.

Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacağını qeyd edib.

"Əgər təhlillər zamanı ciddi fərqlərin olduğunu görsək, müəyyən qərarlar verə bilərik. Xahişim odur ki, müəllimlər səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik", - E.Əmrullayev bildirib.

Nazir əlavə edib ki, imtahanlarla bağlı hər zaman sual çətinliyi məsələsi gündəmə gəlir:

"Amma sualların nə dərəcədə çətin olduğunu müəyyən etmək üçün ayrı-ayrı fikirlərə yox, bu çətinliyi ölçən rəsmi cədvəllərə baxmaq lazımdır. Cəmiyyətin başa düşməli olduğu əsas məqamlardan biri də budur ki, biz müxtəlif illərdə fərqli testlər təqdim edirik. Təbii olaraq, testlər eyni olmadığından çətinlik səviyyəsində müəyyən fərqlər ola bilər. Sual isə budur: bu çətinlik fərqi nəticələrə təsir edəcək qədər əhəmiyyətlidirmi, ya yox? Bu kimi suallar bizə də çatır, eşidirik, bilirik".

E.Əmrullayevin sözlərinə görə, hazırda testlərin təkrar yoxlanılması prosesi aparılır:

"Mənim yanaşmam belədir ki, bu, nazirlik üçün yüklü, amma müsbət və vacib bir prosesdir. Hər gün gecə saatlarınadək test sualları üzərində iş aparılır. Bu proses başa çatdıqdan sonra daxil olan bütün müraciətlərə mütləq şəkildə baxılacaq. Məqsəd kiminsə nəticəsini dəyişmək və ya əlavə bal yazmaq deyil. Məqsəd obyektiv təhlildir. Əgər aparılan təhlillər nəticəsində bəzi testlər arasında ciddi çətinlik fərqlərinin olduğu müəyyənləşərsə, o zaman müvafiq qərarlar verilə bilər. Yəni bu prosesin nəticələri elmi və obyektiv olacaq. Bizim tərəfimizdən bununla bağlı təhlillər aparılır və mən müəllimlərdən bir qədər səbirli olmalarını xahiş edirəm. Ona görə də bu təhlil prosesi bir neçə həftə çəkə bilər. Paralel olaraq, bizim digər proseslərimiz və prioritetlərimiz də mövcuddur.

Hər bir savadlı, bacarıqlı müəllim daim Elm və Təhsil Nazirliyinin dəstəyini hiss edəcək və onların yanında olduğumuzu bir daha nümayiş etdirəcəyik".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.