Xəbər verdiyimiz kimi, ABŞ-nin Bakıdakı səfirliyində iyunun 27-nə planlaşdırılan Amerikanın Müstəqillik Günü ilə bağlı Qəbul mərasimi təhlükəsizlik səbəbilə təxirə salınıb. Diplomatik nümayəndəlikdən dəvətlilərə göndərilən rəsmi məktubda bu qərarın regionda baş verən gərginlik fonunda ehtiyat tədbiri kimi qəbul edildiyi bildirilir. Bu addım, regionda artan siyasi və hərbi risklərin, xüsusilə İran-ABŞ münasibətlərindəki son gərginliyin diplomatik müstəviyə necə sirayət etdiyini göstərir.
Bu, ABŞ tarixndə ilkdirmi? İkincisi, ola bilərmi ki, Bakıdakı səfirliyə qarşı təxribat törətmək istəyənlər haqda kəşfiyyat məlumatı olsun?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimov deyib ki, ABŞ İrana qarşı müharibədə açıq-aşkar iştirak etdi:
"Uranın zənginləşdirilməsi üçün bunkerlərdə gizlədilən avadanlıq və silahların məhv edilməsində Birləşmiş Ştatların xüsusi qırıcı təyyarələri əməliyyatlarda iştirak etdilər. Bu isə İsrail-İran müharibəsinə ABŞ-nin qoşulması deməkdir. Ona görə də İran, ABŞ-nin ona yaxın ərazilərdə yerləşən hərbi bazalarını özünün legitim hədəfi olduğunu bəyan etdi. Bu hərbi bazaların hədəf seçilməsi başa düşüləndir. Çünki onlardan İrana qarşı istifadə olunur və yaxud oluna bilər.
Lakin müharibə şəraiti olsa belə, diplomatik nümayəndəliklərin hədəf alınması doğru deyil və bu, beynəlxalq hüquqda cinayət sayılır. İran bunu yaxşı bilir. Ona görə də İranın ABŞ-nin Bakıdakı səfirliyini vuracağı ilə bağlı gözləntilərin heç bir əsası yoxdur. Əgər İran Birləşmiş Ştatların Qətərdəki hərbi bazasını vuranda əvvəlcədən xəbərdarlıq edirsə ki, oranı boşaltsınlar və insan tələfatı olmasın, belə olan halda İran səfirliyə qarşı necə təxribat törədə bilər?
ABŞ müxtəlif ölkələrdə səfirliklərinin təhlükəsizliyi üçün hər zaman qərarlar qəbul edib. Səfirliyin boşaldılması, hətta bağlanması kimi faktlar məlumdur. Bakıdakı səfirlikdə Müstəqillik Günü ilə bağlı planlaşdırılan tədbirin ləğvi təəccüblü deyil. Görünür, ABŞ Azərbaycanın İranla qonşu olduğunu nəzərə alaraq, İranmeyilli qüvvələr tərəfindən hər hansı təxribat törədiləcəyindən narahat olub. Ona görə də belə qabaqlayıcı addım atıb".
Milli.Az