İqtisadiyyat

İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb

16 Sentyabr 2019 21:31
1 Şərh     Baxış: 748

Qızıl böhran dövrləri üçün ən qiymətli yatırım vasitəsi hesab olunur və dünyada ona tələbat getdikcə artmaqdadır. Tələbatın artımı dünya bazarlarında satılan qızıl külçələrin keyfiyyəti barədə yeni suallar ortaya çıxarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son illərdə daha çox saxta qızıl külçələr qara bazarlardan dünya bazarlarına yol tapır. Müəyyən edilib ki, son üç ildə İsveçrə qızıl emalı şirkətlərinin loqosunu daşıyan, lakin həmin şirkətlərin istehsalı olmayan 45 milyon avro dəyərində qızıl külçə aşkarlanıb. İlkin şübhələr isə hələ 2017-ci ildə ortaya çıxıb. Belə ki, ABŞ-ın ən böyük banklarından biri olan "JPMorgan Chase & Co." bankının əməkdaşları dövriyyədə təsadüfən eyni identifikasiya nömrəsinə malik iki qızıl külçə müəyyən ediblər. Reutersin məlumatına görə, dünya bazarlarında belə külçələrin sayı təxminən min ədəddir. Hər il dünya üzrə 2-2,5 milyon ədəd qızıl külçə istehsal edildiyindən saxta məmulatlar diqqəti o qədər də cəlb etmir. Eyni zamanda, onların orijinala ciddi şəkildə oxşar olması və peşəkarcasına hazırlanması saxta külçələrin aşkarlanmasını çətinləşdirir.

Əvvəllər bazara çıxarılan saxta külçələr ucuz metalların üzərinə qızıl təbəqəsi çəkmək yolu ilə hazırlanırdı. Hazırda isə "saxta" hesab edilən qızıl külçələr saf qızıldan ibarətdir və yüksək material dəyəri var. Lakin onların rəsmi qızıl emalı şirkətləri tərəfindən deyil, qara bazara yaxın işbazlar tərəfindən istehsalı qeyri-qanuni ticarətə meydan açır. İşbazlar isə öz "məhsullarını" dünya bazarına çıxara bilmək üçün tanınmış şirkətlərin loqo və möhürlərindən istifadə edirlər.

Mütəxəssislər bildirirlər ki, son onilliklərdə dünya bazarlarında qızılın qıymətinin yüksəlməsi bir sıra Afrika ölkələrində, Venesuela və Şimali Koreyada, eləcə də dünyanın bir sıra nəzarətsiz regionlarında qeyri-leqal qızıl istismarçı şirkətlərinin sayını artırıb. Lakin dünyanın tanınmış qızıl mədənlərinin möhür və döymələrini daşımayan bu külçələri dünya bazarlarına çıxarmaq mümkün deyil və onlar yalnız qara bazarlarda aşağı qiymətə satılır. Bunu nəzərə alan işbazlar yeni üsulla təmiz əyara malik xam qızılı "rəsmiləşdirməyin" yolunu tapıblar. Qızılın bu üsulla kütləvi istehsalı bir tərəfdən cinayətkar qrupların, digər tərəfdən isə sanksiyalara məruz qalan ölkələrin işinə yaraya bilər.

İsveçrənin İtaliya ilə sərhəddə yerləşən Tessin kantonunun gömrük idarəsindən yerli prokurorluq orqanlarına 2017-2018-ci illərdə ümumilikdə 655 saxta qızıl külçə barədə məlumat göndərildiyi bildirilib. Təxmini dəyəri 45 min avro olan bir kiloqramlıq qızıl külçələr passiv yatırıma üstünlük verən sərmayəçilər tərəfindən yüksək qiymətləndirilir. Buna görə də beynəlxalq satış üzrə mütəxəssislər alıcıları diqqətli olmağa çağırır, yalnız rəsmi satış məntəqələrinə müraciət etməyi məsləhət görürlər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Namidar Dağlaroğlu · 16 Sentyabr 21:4800

    keçi can hayinda qəssab piy axtarir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.