İqtisadiyyat

Turizm ili Azərbaycanda otel qiymətlərini dəyişəcəkmi?

29 Aprel 2011 16:44
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mehmanxana və otellərin qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. ANS telekanalının məlumatına görə, indi ölkənin regionlarından asılı olaraq bir nəfərin bir günlük dincəlməsi minimum 30-40 manata başa gəlir. Adətən bu qiymətə səhər yeməyi daxil olsa da, nahar və şam yeməyi nəzərə alınmır. Mütəxəssislər bildirir ki, əksər hallarda insanlar istirahətə tək deyil, ən azı 2 nəfərlə, yaxud ailəvi getməyə üstünlük verir. Araşdırmalar göstərir ki, bir nəfərin 7 gün ərzində Azərbaycanda dincəlməsi üçün minimum 280-300 manat lazım olur. 2 nəfərdən ibarət ailə 1 həftəlik istirahət üçün 600 manatdan keçməli olur. Turizm şirkətləri qiymətlərin yüksək olmasını rəqabətin az olması və turizm günlərinin azlığı ilə izah edir.

Qiymətlərdə bahalıq Azərbaycana gələn, yaxud gəlmək istəyən turistlərin istiqamətini başqa ölkələrə yönəldir. Yəni, insanlar eyni qiymətə Azərbaycanda dincəlməkdənsə, xaricdə istirahətə üstünlük verir. Bu isə son nəticədə ölkəyə gələn turistlərin sayının azalmasına və müvafiq olaraq turizm sahəsindən daxil olan vəsaitlərin azalmasına səbəb olur.

Hər il 27 milyondan artıq turist qəbul edən Türkiyədə 1 nəfərin 1 həftəlik dincəlməsi üçün cəmi 400 dollar tələb olunur. Şimali Kipr Türk Cümhuriyyətində isə bu rəqəm 300 avronu keçmir. Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin turizm və mədəniyyət naziri Ünal Üstel bildirib.

"Təbii ki, turizm bazarına nəzər salanda aydın olur ki, münasib qiymətlərimiz var. Məsələn, indi Azərbaycandan Şimali Kipr Türk Cumhuriyyətində dincəlmək üçün gələnlər bir həftəlik istirahət üçün bütün xərclər də daxil olmaqla, 300 avro xərcləyir", - deyə Ünal Üstel vurğulayıb.

Qonşu ölkələrdən Gürcüstan və Rusiyada da turizm obyekytlərində qiymətlərin aşağı, yaxud qiymət fərqinin cüzi olması potensial turistləri Azərbaycanın əlindən alır. Araşdırmalar göstərir ki, xaricə gedən azərbaycanlıların əksəriyyəti Türkiyə, Rusiya və Avropa ölkələrində istirahətə üstünlük verir. Amma Azərbaycanda turizm sahəsinin inkişafına təkcə qiymətlərin yüksək olması mane olmur. Problemlər sırasına turizm infrastrukturunun zəif inkişafı, rəqabət mühitinin tam formalaşmaması və yüksək səviyyəli mütəxəssislərin çatışmazlığı daxildir.

"Gürcüstanda dincəlmək üçün xərclənən pullar otellərin yerləşdiyi yerdən, səviyyə və xidmətlərdən asılı olaraq dəyişir. Ümumiyyətlə, Gürcüstanda 1 nəfər 300 manata 1 həftə istirahət edə bilər. Burada otel və mehmanxanaların səviyyəsi artıq Avropa standartlarına yaxındır. Üstəlik, Gürcüstan hökuməti daha çox turist cəlb etmək üçün pulsuz konsertlər, müxtəlif əyləncə və müalicə kursları təşkil edir. Deyə bilərəm ki, Gürcüstanda turizm obyektlərinin qiyməti Cənubi Qafqaz ölkləri arasında ən aşağı qiymətdir", - deyə Gürcüstanın turizm şirkətlərindən birinin nümayəndəsi Georgi Şengeliya qeyd edib.

Rusiya turizm şirkətlərindən birinin nümayəndəsi Olqa Nisitsa qiymətlərin səfər ediləcək ölkələrin turizm obyektlərinin səviyyəsindən və xidmətlərdən asılı olduğunu bildirib: "Bizim şirkətə daha çox müalicə almaq üçün müraciət edirlər. 21 gün ərzində tam müalicə cəmi 800 dollara başa gəlir".

Azərbaycanda turizm obyektlərində qiymətlərin yüksək olmasını Mədəniyyət və Turizm Nazirliyində də təsdiqləyirlər. 2011-ci ilin Azərbaycanda turizm ili elan olunduğunu əsas gətirən nazir Əbülfəs Qarayev bunun turizm sahəsinin inkişafına gətirib çıxaracağını bildirir. Onun fikrincə, ilin sonuna kimi ölkədə 6 yeni 5 ulduzlu otelin istifadəyə verilməsi, eləcə də Şahdağ qış-yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışı Azərbaycana əlavə reytinqlər qazandıracaq.

Əbülfəz Qarayev hesab edir ki, son illər ölkənin turizm sənayesində kəmiyyət dəyişiklikləri keyfiyyətə keçib. Vaxtilə Bakıdan şimal və qərb bölgəsinə istirahətə gedənlər yollarda böyük əziyyətlə və vaxt itkisiylə qarşılaşırdılarsa, indi bunlar aradan qalxıb. Eyni sözləri qiymət və xidmət səviyyəsi barədə də söyləmək olar.

Nazirlikdə hesab edirlər ki, istirahət obeyktlərinin sayı artdıqca rəqabət güclənəcək. Nəticədə qiymətlər aşağı düşəcək. Üstəlik, regionlarda aeroportların, magistral yolların yenidənqurulması, infrastrukuturun yaxşılaşması ölkəyə turist axınını gücləndirəcək.

Azərbaycanda turizm inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən nazir, bu sahəyə verilən kreditlərin, fonddan ayrılan vəsaitin çoxaldığını, iri infrastruktur layihələrinin həyata keçirildiyini və turistlər üçün vizanın sadələşdirildiyini xatırladıb. O bu il turizm sahəsində ötən illə müqayisədə 10 faizə qədər artımın olacağını proqnozlaşdırır.

Qeyd edək ki, il ərzində ölkəmizə sırf turist kimi gələnlərin sayı 1 milyon 500 min nəfəri keçib. Mehmanxana və mehmanxana tipli obeyktlərin sayı 500-ə, yataq yerlərinin sayı isə 35 minə yaxınlaşıb. Yeri gəlmişkən, rəsmi rəqəmlərə görə, Azərbaycanda turizm sektorunun qeyri-neft sahəsindəki daxili məhsulda payı cəmi 1,6 faiz təşkil edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.