İqtisadiyyat

Trampın Bakıdakı oteli - FOTO

10 Fevral 2016 11:39
1 Şərh     Baxış: 3 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidentliyinə namizəd, biznesmen Donald Tramp son günlər qalmaqallarla gündəmə gəlir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, o, müsəlmanları Amerikaya buraxmamaq təklifini irəli sürməklə böyük hay-küy doğurmuşdu. Cavabında CNN-in efirində ekspertlər ona xatırlatmışdılar ki, özünün müsəlman ölkələrində biznesi var və o ölkələrdən biri kimi Azərbaycanın adı da çəkilmişdi.

Tramp nəhəng biznes imperiyasının sahibidir. Milyarder Nyu-York, Çikaqo, Toronto, Las-Veqas, Panama, Mayami, Vaşinqton, Rio-de-Janeyro kimi şəhərlərdə "Trump" adlı brend otellər şəbəkəsinə malikdir. Bakıda da eyni adlı - "Trump" oteli inşa edilib. Otel Heydər Əliyev prospektinin yaxınlığında yerləşir. Ötən ilin son aylarından hazır vəziyyətə gətirilən otelin açılışı hələ yubanır.

Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də onun xüsusi razılığı əsasında inşa edilib. 2014-cü ildə milyarder bəyan etmişdi ki, "Trump İnternational Hotel & Tower Baku" "Trump Organization"un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir.

"Mother Jones" jurnalında Trampın Bakıdakı oteli ilə bağlı məqamlara toxunulub. Qeyd edilib ki, Bakı son illər tamamilə dəyişərək dünyanın müasit şəhərlərindən birinə çevrilib. "Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli "TrampTowers" otelidir", - deyə məqalərədə xüsusilə vurğulanıb.

Donald Trampın Azərbaycandakı "Trump Hotel and Tower" otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib.

Əməkdaşımız otellər şəbəkəsinin Amerikada yerləşən baş ofisi ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb. Baş ofisdən AzVision.az-a verilən məlumata görə, Bakıda yerləşən "Trump" otelinin ilin sonunda və ya gələn ilin əvvəlində açılışı planlaşdırılır.

"Otelin ötən ilin yay aylarında istifadəyə verilməsi planlaşdırılmışdı. Hesab edirik ki, otelin açılışı cari ilin sonlarında baş tuta bilər, ən pis halda "Trump" gələn il istifadəyə veriləcək".

Donald Tramp Bakıda otelin açılışına gələcəkmi?

Baş ofisdən verilən məlumata görə, iş adamı bir çox açılış mərasimlərində iştirak edir, bu onun şəxsi istəyindən asılı olan məsələdir: "O, əksər açılış mərasimlərində şəxsən iştirak edir. Ola bilər ki, Bakıdakı açılışda iştirak etsin. Amma bu haqda bizdə dəqiq məlumat yoxdur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.