Yeni bir Norveç araşdırmasına görə, gündəlik sadə və yavaş tempdə yerimək xroniki bel ağrılarının qarşısını almaqda effektiv vasitə ola bilər.
Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, Norveç Elm və Texnologiya Universitetinin apardığı tədqiqat göstərib ki, hər gün ortalama 78-100 dəqiqə arasında gəzən insanların bel ağrısı riski əhəmiyyətli dərəcədə azalır.
Araşdırmada 11 mindən çox iştirakçının sağlamlıq və gündəlik hərəkət məlumatları təhlil edilib. İştirakçılar bir həftə boyunca bud və bel nahiyələrinə taxılan akselerometr cihazları vasitəsilə nə qədər hərəkət etdiklərini qeydə alıblar.
Nəticədə məlum olub ki:
Gündə 78-100 dəqiqə arasında yeriyənlərdə xroniki bel ağrısı riski 13% daha aşağıdır.
Gündə 100 dəqiqədən çox yeriyənlərdə bu göstərici 23%-ə qədər azalır.
Maraqlısı odur ki, gəzinti sürəti deyil, ümumi yerimə müddəti daha mühüm təsir göstərir.
Tədqiqatın aparıcı müəllifi, sağlamlıq mütəxəssisi Rayane Haddadj bu barədə belə deyib:
"Tədqiqat nəticələri göstərir ki, xroniki bel ağrısından qorunmaq üçün gəzinti müddəti sürətdən daha vacibdir".
Bahalı vasitələrə ehtiyac yoxdur - gəzinti kifayətdir
Dünya üzrə əlilliyin əsas səbəblərindən biri hesab edilən bel ağrılarının qarşısını almaq üçün sadə və iqtisadi üsul gəzinti, alternativ yol kimi təklif olunur.
Mütəxəssislər bildirirlər ki, bu fiziki aktivlik təkcə bel ağrılarının qarşısını almaqla qalmır, həmçinin:
Beyin sağlamlığını dəstəkləyir,
Ürək-damar xəstəlikləri riskini azaldır,
Yaradıcılığı artırır,
Ömrü uzadır.
Araşdırma müəllifləri hesab edirlər ki, bu tapıntılar sağlamlıq siyasətlərində yerimənin təşviq edilməsinin vacibliyini göstərir. Müasir dövrdə oturaq həyat tərzinə qarşı sadə, lakin təsirli həll: hər gün sadəcə 100 dəqiqə yerimək.
Kənan
Milli.Az