İqtisadiyyat

ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir

10 Sentyabr 2026 18:32
Baxış: 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Transadriatik qaz kəmərinin (TAP) gələcəkdə rolu ABŞ-nin mayeləşdirilmiş təbii qazının (LNG) Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə tədarükü hesabına genişlənə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Gələcəyi müzakirə etmək üçün TAP-ın baş direktoru Luka Skieppati və TAP-ın Yunanıstandakı nümayəndəsi İoannis Marislə görüşməkdən məmnun oldum. TAP Yunanıstanın və regionun enerji resursları tədarükünün şaxələndirilməsində mühüm rol oynamaqda davam edir və gələcəkdə ABŞ LNG-sinin Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü hesabına öz rolunu genişləndirə bilər", - deyə səfir yazıb.

Səfirin bu açıqlaması Yunanıstanda Nea-Mesimvriya qoşulma məntəqəsinin ikitərəfli qaz axını rejimində fəaliyyətinin rəsmi olaraq istismara verilməsinin gözlənildiyi bir vaxtda səslənib. Bu, məntəqədən həm qazın sistemə daxil olması, həm də sistemdən çıxarılması üçün istifadə etməyə, yəni TAP sistemi ilə operatoru DESFA olan Yunanıstanın Milli Qaz Nəqli Sistemi (NNGS) arasında qazın hər iki istiqamətdə nəqlini təmin etməyə imkan verəcək.

İnfrastrukturun inkişafının mövcud qaz şəbəkəsinin çevikliyini artıracağı və TAP-ın əlavə mənbələrdən, o cümlədən Yunanıstanın qaz nəqli sisteminə daxil olan LNG-dən Avropa bazarına qaz nəql etməsinə imkan verəcəyi gözlənilir. Mövcud, ciddi şəkildə tənzimlənən mexanizmlər çərçivəsində belə axınlar üçün texniki, kommersiya və ya hüquqi maneələr yoxdur.

Bundan əlavə, Yunanıstanın "Gastrade" şirkəti bu ilin əvvəlində Frakiya bölgəsində 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılan ikinci üzən saxlama və təkrar qazlaşdırma qurğusunun (FSRU) tikintisinə marağın qiymətləndirildiyini açıqlayıb. Layihənin Yunanıstanın LNG idxalı və ixracı imkanlarını genişləndirməsi, eləcə də Şaquli Qaz Dəhlizi bazarlarına tədarükün etibarlılığını artırması nəzərdə tutulur.

İkinci FSRU konsepsiyasında onun TAP-a və/və ya Yunanıstanın Milli Qaz Nəqli Sisteminə qoşulması nəzərdə tutula bilər.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən 878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.