İqtisadiyyat

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

9 Sentyabr 2026 18:30
Baxış: 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qlobal neft bazarı yeni təklif şoku ilə üzləşərsə, qiymətlərin 180-200 dollar/barel səviyyəsinə yüksəlməsi artıq yalnız nəzəri ssenari deyil. Geosiyasi risklər, strateji ehtiyatların azalması və məhdud hasilat imkanları bazarın həssaslığını artırır.

Bu fikirlər "Unimetal" MMC-nin investisiya direktoru və həmtəsisçisi Vüqar Əsədovun "Neftin qiymətinin 200 dollara çatması mümkündür" sərlövhəli məqaləsində yer alıb. Milli.Az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Hörmüz boğazı əsas risk olaraq qalır. ABŞ-İran konfliktinin davam etməsi neft bazarı üçün ən böyük risklərdən biridir. Müharibədən əvvəl Hörmüz boğazından gündə təxminən 20 milyon barrel neft və neft məhsulu keçirdi ki, bu da qlobal neft tədarükünün təxminən beşdəbirinə bərabərdir.

Boğazda uzunmüddətli məhdudiyyət yaranarsa, Körfəz ölkələrinin neft ixracının əhəmiyyətli hissəsi risk altında qala bilər. Alternativ boru kəmərləri mövcud olsa da, onların gücü Hörmüzdən keçən bütün həcmi əvəz etmək üçün kifayət etmir.

Hörmüzlə yanaşı, Bab əl-Məndəb boğazı da risk altındadır. Qırmızı dənizdə təhlükəsizlik vəziyyətinin pisləşməsi Avropa və Asiya arasındakı enerji daşımalarının marşrutunu uzadaraq həm logistika, həm də sığorta xərclərini artıra bilər.

Strateji ehtiyatlar təhlükəsizliyi əvvəlki səviyyədə deyil. Son enerji böhranları zamanı ABŞ və digər ölkələr strateji neft ehtiyatlarından istifadə etdilər. ABŞ-nin Strategic Petroleum Reserve ehtiyatı əvvəlki illərin səviyyəsindən xeyli aşağıdır. Bu, yeni təklif şoku zamanı hökumətlərin bazara müdaxilə imkanlarını məhdudlaşdırır. Strateji ehtiyatlar qiymət artımını müvəqqəti yumşalda bilər, lakin uzunmüddətli fiziki neft çatışmazlığını kompensasiya edə bilməz.

Rusiya və Venesuela: əlavə təklif nə qədər sürətli gələ bilər? Rusiya neftinin qlobal bazara çıxışına dair sanksiya siyasətində hər hansı sərtləşmə bazarda əlavə təklif itkisi yarada bilər. Digər tərəfdən, Venesuela böyük neft ehtiyatlarına malik olsa da, hasilatın sürətlə artırılması üçün milyardlarla dollar investisiya və illərlə davam edəcək texniki bərpa tələb olunur. Bu səbəbdən Venesuela uzunmüddətli perspektivdə bazara əlavə neft verə bilər, lakin qısamüddətli təklif şokunu kompensasiya etmək imkanları məhduddur.

OPEC+ və dollar faktoru. Neft bazarının digər zəif nöqtəsi OPEC+ ölkələrinin real "boş hasilat gücü"dür. Qlobal tədarükdə günlük bir neçə milyon barel itki yaranarsa, həmin həcmin qısa müddətdə əvəzlənməsi çətin ola bilər.

Neft gəlirləri azalan ölkələr (Körfəz ölkələri) artıq ABŞ dövlət istiqrazlarının alışını dayandıracaq və əlindəkiləri də satacaq. Nəticədə dollar daha da zəifləyəcək və neft qiymətlərinə əlavə dəstək verə bilər. Körfəz ölkələri ümumilikdə təxminən 300 milyard dollar ABŞ istiqrazlarına sahibdirlər. Digər ölkələr də (məs. Yaponiya, Çin) yaranmış çətin vəziyyətdə öz iqtisadiyyatlarını dəstəkləmək üçün ABŞ istiqrazlarını satacaqlar. Bu isə dolları daha da ucuzlaşdıracaq.

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündürmü? Neftin qiymətinin 180-200 dollar/barel səviyyəsinə çatması üçün bir neçə riskin eyni vaxtda reallaşması lazım olacaq: Hörmüzdə uzunmüddətli məhdudiyyət, ABŞ-İran konfliktinin genişlənməsi, strateji ehtiyatların uzunmüddətli zəif qalması, Rusiya neftinə sanksiyaların qalması və Venesuela neft sənayesinə yatırımların gecikməsi və OPEC+-un yaranan kəsiri kompensasiya edə bilməməsi. Belə bir ssenaridə neft bazarında qiymət reaksiyası kəskin ola bilər.

Bu baxımdan enerji sektorunda "Chevron" (CVX), "Exxon Mobil" (XOM), "Occidental Petroleum" (OXY), "Devon Energy" (DVN), bp və "Equinor" (EQNR) kimi şirkətlər investorların diqqətində qala bilər. Lakin neft qiymətinin yüksəlməsi bu səhmlərin avtomatik olaraq eyni nisbətdə bahalaşacağı anlamına gəlmir; hasilat maya dəyəri, borclanma, kapital xərcləri və dividend siyasəti də mühüm rol oynayır.

Nəticə etibarilə, 200 dollar/barel hazırda baza ssenarisi deyil. Lakin geosiyasi təklif şoku dərinləşərsə, bu səviyyə neft bazarı üçün real "tail-risk" ssenarisinə çevrilə bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.