İqtisadiyyat

Əmək Məcəlləsinə təklif edilən dəyişiklik: Maaşlar hansı mexanizmlə veriləcək?

20 Dekabr 2025 21:03
Baxış: 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər əməkhaqqının verilmə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Təklif olunan yeniliklərə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Eyni zamanda, işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduğu halda aylıq əməkhaqqı avans və qalan hissə olmaqla iki hissəyə bölünərək, on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə də verilə bilər. Bu dəyişiklik bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.

Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ayda iki dəfə əməkhaqqı ödəmək mümkün deyil"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir: "Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".

S.Məmmədov bildirdi ki, yeni layihədə isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əməkhaqqı ödəmək demək olar ki, mümkün deyil: "Xüsusən büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək. Çünki Maliyyə Nazirliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə, bu, hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur".

"Əvvəl olan qayda məcburi idi"

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə deyir ki, hazırda qüvvədə olan qaydalar məcburidir, yeni versiyada isə könüllülük prinsipinə əsaslanır: "Bu qayda əvvəl də var idi. Əmək müqaviləsində qeyd olunurdu ki, əməkhaqqının başqa vaxt verilməsi də müəyyən oluna bilər. Yəni qanunla iki dəfə verilməli idi. Amma əmək müqaviləsində bir dəfə verilməsi nəzərdə tutulubsa, ayda bir dəfə verilə bilər. O səbəbdən də əksər hallarda maaş bir dəfə verilirdi. Əvvəl olan qayda məcburi idi. Amma əməkhaqqının başqa vaxt verilməsi də mümkün idi".

N.Xəlilovun fikrincə, indiki dəyişiklikdə qeyd olunur ki, işçilərə əməkhaqqı ayda bir dəfədən az olmayaraq verilməlidir: "Əslində çox da ciddi bir dəyişiklik yoxdur. Çünki yenə də hər şey tərəflərin razılığından asılıdır. İşəgötürən bir, ya iki dəfə əməkhaqqı verəcəyini yenə də özü təyin edir".

"İşçi üçün iki dəfə maaş verilməsi daha münasibdir"

Ekspertin sözlərinə görə, işçi üçün iki dəfə maaş verilməsi daha münasibdir. Amma bu, işəgötürən üçün əlverişli deyil: "Çünki müəssisədə iş yükü artmış olur. Məsələn, əməkhaqqı ayda bir dəfə olduqda hesablanması, banka tapşırıq verilməsi bir dəfə olurdusa, iki dəfə olduqda bu proses də iki dəfə həyata keçirilməlidir. O səbəbdən müəssisə öz resurslarına əsasən qərar verməlidir ki, iki dəfə əməkhaqqı verməyə imkanı çatacaqmı".

Müsahibimiz düşünür ki, yeniliklərdən sonra iş dünyasında çox da bir şey dəyişməyəcək: "Çünki bu dəyişiklik müəssisələrdə işi artıracağı üçün işəgötürənlər buna getmək istəməyəcəklər. Yalnız xüsusi hallarda tətbiq oluna bilər. Onsuz da bu qaydanı tətbiq etmək istəyən müəssisə əvvəl də tətbiq edə bilirdi. Heç bir məhdudiyyət yox idi".

"Bu, əməkhaqqının gecikdirilməsi hesab olunur"

N.Xəlilovun fikrincə, əməkhaqqı müqavilədə göstərildiyi tarixdə verilməzsə, işəgötürən işçiyə faizi ilə maaşını ödəməlidir: "Əməkhaqqının gecikdirilməsi qanunla müəyyən edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci bəndində göstərilir ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri ucbatından gecikdirilərsə, hər gecikdirilmiş gün üçün əməkhaqqının bir faizi məbləğində əlavə ödəniş verilməlidir. Əgər əməkhaqqı iki dəfə göstərilib lakin bir dəfə ödənilirsə, bu da gecikdirmə hesab olunur və işçiyə əlavə ödəniş edilməlidir".

"İşçilərin motivasiyasına müsbət təsir göstərəcək"

İnsan resursları və işə qəbul üzrə ekspert Sevda Quliyeva isə bildirdi ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, işçilərə əməkhaqqı iki dəfə verilərsə, bu işçilərin büdcə planlamasına müsbət təsir edəcək: "Vətəndaş əməkhaqqını iki dəfə almaqla ödənişlərini daha rahat şəkildə ödəyə biləcək. Bu da işçilərin işə olan motivasiyasının artırılmasına müsbət təsir göstərəcək".

S.Quliyevanın sözlərinə görə, hazırda bir neçə sektorda bu qayda tətbiq edilir. Bəzi müəssisələrin daxilində ayda iki dəfə əməkhaqqı verilməsi nəzərdə tutulub: "Bu addım bütün şirkətlərə tətbiq edilə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.