İqtisadiyyat

Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir

25 Avqust 2025 23:25
Baxış: 491
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son illərdə Bakının daşınmaz əmlak bazarında, xüsusilə də kirayə seqmentində ciddi dəyişikliklər müşahidə olunur. Qiymətlərin formalaşmasına bir sıra amillər - mənzilin yerləşdiyi ərazi, metroya və mərkəzə yaxınlıq dərəcəsi, tikilinin yaşı və mənzilin şəraiti təsir göstərir

Bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, şəhərin mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə kirayə qiymətləri yüksək, mərkəzdən və nəqliyyat xətlərindən uzaq ərazilərdə isə daha aşağıdır:

"Hazırda köhnə mənzillərin orta təklif qiyməti təxminən 455 manat təşkil edir. Yeni tikililərdə bu göstərici 607 manatdan başlayır, bəzi ərazilərdə isə qiymət 800 manata qədər yüksəlir. Ən bahalı seqment isə şəhər mərkəzinə yaxın mənzillərdir. Burada kirayə qiymətləri 1000-1500 manat aralığında dəyişir. Bundan əlavə, xarici vətəndaşlara təklif olunan xüsusi evlərin qiymətləri daha yüksəkdir və bəzi hallarda hətta 2000 dollara qədər çata bilir".

Son vaxtlar qısamüddətli kirayə seqmentində də artım müşahidə edilir. Ekspert bildirib ki, günlük kirayə qiymətləri ötən dövrlə müqayisədə 20-25 faiz yüksəlib.

"Ümumilikdə, şəhər üzrə kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 12 faiz artıb. Avqust-sentyabr aylarında qiymətlərin artım tendensiyasının davam edəcəyi gözlənilir. Hazırda bazarda mənzillərin məhdudluğu müşahidə olunur ki, bu da kirayə seqmentində qiymətlərin qalxmasına əsas səbəbdir".

Daşınmaz əmlak satışı ilə məşğul olan saytlarda apardığımız araşdırmaya görə, hazırda ən ucuz kirayə mənzillər əsasən Abşeron rayonu və Xırdalan şəhərində yerləşir. Bu ərazilərdə yeni tikililərin çoxluğu və mərkəzdən uzaqlıq qiymətlərin daha münasib qalmasına səbəb olur. Masazır, Saray, Hökməli və Binəqədi qəsəbələri də ucuz seqmentə aid edilir. Burada xüsusilə 1-2 otaqlı mənzillər tələbə və gənc ailələr üçün daha əlçatan sayılır.Yeni Yasamalın kənar hissələri və Lökbatan da nisbətən ucuz qiymətlər təklif edir. Metroya uzaqlıq bu məkanlarda kirayə dəyərinin mərkəzə nisbətən aşağı olmasına gətirib çıxarır. Eyni tendensiya Zabrat, Sabunçu və Ələt istiqamətlərində də müşahidə olunur. Bu bölgələrdə əsasən köhnə tikililər və həyət evləri üstünlük təşkil edir və qiymətlər paytaxtın mərkəzi ilə müqayisədə xeyli aşağıdır. ən ucuz kirayə seqmenti Xırdalan-Masazır xətti ilə Binəqədi-Sabunçu qəsəbələrində formalaşır. Şəhərin mərkəzinə yaxınlaşdıqca qiymətlər kəskin şəkildə artır və bəzi hallarda bu fərq bir neçə dəfə təşkil edir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.