İqtisadiyyat

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

27 İyun 2024 10:11
Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fəaliyyət göstərən sahibkarların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir.

BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir. 2017-ci ildən etibarən qeyd olunan bu günün məqsədi mikro, kiçik və orta biznesin (KOB) davamlı inkişafa və iqtisadiyyata verdiyi töhfəni bir daha xatırlatmaq və ictimaiyyəti məlumatlandırmaqdır. 

KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir.

Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları" təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir. Onların 96,8%-i mikro, 2%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.

KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi son 5 il ərzində KOB-ların sayı 54% artıb. Bu dövrdə KOB-ların qeyri-neft/qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. Bu dövrdə KOB-ların işçilərinin sayı 31% artaraq 370 min nəfəri keçib.

Ötən ilin statistikasına əsasən Azərbaycanda KOB sektoru üzrə cəmi dövriyyə 43,8 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13% artım deməkdir. Son illərin statistik göstəricilərinə əsasən meyarı böyüyən şirkətlərin sayında müsbət dinamika müşahidə edilir. 2022-ci ildə meyarı böyüyən şirkətlərin sayı təqribən 4600, 2023-cü ildə isə 5300-ü keçib. Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu isə ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxələndirilməsində mühüm rol oynayır.

Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunur. Bu iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. KOB subyektlərinə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün prosesi əhatə etməklə, müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional dəstək tədbirlərini, güzəştli kredit və subsidiyaları və sairi əhatə edir. Həmçinin, sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafı müxtəlif dəstək alətləri və xidmətlərlə dəstəklənir.

KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, forumlar, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında da kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanuna, Nazirlər Kabinetinin 5 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş KOB subyektlərinə əlavə dəstəyin göstərilməsini nəzərdə tutan iqtisadiyyatın prioritet sahələrinin siyahısına, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq, KOB subyektlərinə dəstək qarşıdakı dövrə də davam etdiriləcək.

Qarşıdakı illərdə KOB-ların rəqəmsallaşmasına, "yaşıl iqtisadiyyat"a keçiddə KOB-ların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaqdır.  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.