İqtisadiyyat

Dünya taxıl bazarında KRİTİK VƏZİYYƏT: Azərbaycanda UN BAHALAŞACAQ?

16 Avqust 2022 19:35
0 Şərh     Baxış: 608

Dünyada əsas taxıl ixracatçıları Rusiya və Qazaxıstanın xaricə satışa limit qoyması və Ukrayna müharibəsi nəticəsində bu ölkənin taxıl ixracına yaranan problemlər dünya ölkələrini qıtlıqla bağlı hərəkətə keçməyə vadar edir. Taxıl qiymətini dünya bazarının müəyyənləşdirməsi və qıtlıq isə qiymət artımını qaçılmaz edir. Hazırda dünya bazarında taxılla bağlı vəziyyət heç də ürəkaçan deyil. Həm qiymət artır, həm də ümumiyyətlə taxıl satışı azalıb. Müharibə bütün daşınmaları, logistikanı məhv edib. Ölkəmiz taxılı idxal edir, indiyədək dövlət subsidiya hesabına qiymət artımın qarşısını alırdı. Amma hazırda qiymətlər bazar şərtlərinə uyğun tənzimlənir.

Belə bir vəziyyətdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi unun bahalaşması gözlənilirmi? Dünya bazarında taxıl qiymətinin artması ölkəmizə necə təsir edəcək?

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycan bahalaşma fonunda anti-inflyasiya tədbirləri olaraq, ələlxüsus da ölkədə ərzağın qiymətinin bahalaşmasının qarşısını almaq, və ya bahalaşması prosesinin sürətini azaltmaq üçün sistemli tədbirlər həyata keçirir:

"Nəzərə alsaq ki, idxaldan asılılığımız kifayət qədər yuxarı səviyyədədir. Buna görə də istənilən daxili tədbirlər bu effekti öldürmüş olacaq. İlk olaraq idxaldan asılılığı aradan qaldırmaq lazımdır. Bu isə 1-2 ilin işi deyil, ən yaxşı halda yaxın 4-5 il ərzində buna nail olmaq mümkündür. Hazırda idxal inflyasiyası faktoru böyük rol oynayır".

Ekspert qeyd edib ki, dünyada mövcud olan qiymət artımının ölkəmizə təsiri qaçılmazdır: "Xüsusilə də idxaldan asılılığımızın belə bir səviyyəsində dünyadakı vəziyyət bizə də təsir edəcək. Ona görə də hazırkı məqamda həm sahibkarlara dəstəyi artırmaq, həm də həssas qrupların - sosial təminatı zəif olan insanların bu məsələdə dəstəklənməsinə ehtiyac var".

E.Əmirov əlavə edib ki, dünyada unun qiymətinin bahalaşması ərzaqlıq buğdanın qiyməti ilə əlaqədardır:

"Ərzaqlıq buğdanın qiyməti isə mayın 1-də olan statistikaya görə maksimum həddi birjalarda 403 dollar olub. İyun ayında bu qiymət enərək 380 dollar olub, sonra isə 340, 324 dollara qədər enmə müşahidə olunub. Avqust ayının 1-ə olan rəqəm 328 dollardır. Aprel ayından özünün pik həddinə çatmış ərzaqlıq buğdanın qiyməti avqust ayında azalan xətlə gedib. Məhz buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) istehlak indeksinin 8,6 faiz azaldığını bildirib. Hər şey yaxşıdır demək olmaz. Amma hesab edirəm ki, müəyyən qədər ajiotaj mövcud vəziyyətdən daha çoxdur. Yaranan ajiotaj təklifi ciddi şəkildə artırır, bu isə qiymətləri artırır. Müharibə başlayan kimi Rusiya, daha sonra isə Qazaxıstan taxıl ixracını dayandırdı. Bu isə Hindistanın da ixracı dayandırması ilə nəticələndi və böyük ajiotaj yarandı. Sonrakı mərhələdə isə dünya taxıl istehsalçıları və ixracatçıları vəziyyətin deyildiyi qədər acınacaqlı olmadığını gördülər. Məsələn, Çin həddindən artıq baha qiymətə böyük həcmdə ərzaqlıq buğda tədarükünə başladı, ABŞ buna görə Çini ittiham etdi. Reallıq onu göstərir ki, böyük dövlətlərin rəhbərləri səviyyəsində bu məsələdə narahatlıq yaşanır. Bu isə təbii şəkildə insanları daha çox məhsul tədarük etməyə, satanları isə məhdudiyyət qoymağa vadar edir. Bu, həm də tələbi artırır, təklif isə azalır. Nəticədə qiymət də artır.

Qiymətlərin yaxın müddətdə düşəcəyi gözlənilmir, eyni zamanda hansısa formada yaxın müddətdə sıçrayışla qalxacağı da gözlənilmir. Müəyyən dəstəklər göstərilməlidir. Bəzi rayonlarda un qıtlığı ilə bağlı məlumatlar var. Aidiyyəti dövlət qurumları bu istiqamətdə dəqiq araşdırmalar apararaq problemin kökünü tapmalıdır. Hazırda ölkə səviyyəsində un problemi də yoxdur. Ona görə də hansısa rayonda unun olmaması ilə bağlı vəziyyəti ciddi təhlil etmək və kökünü araşdırıb aradan qaldırmaq lazımdır. Bu, müəyyən təsərrüfat subyektlərinin gözləmə mövqeyi tutması, unun bahalaşacağı təqdirdə daha baha qiymətə satması, və yaxud təchizat zəncirinin müəyyən hissəsində qırılmalarla əlaqədardır. Buna görə də mütləq şəkildə dövlətin aktiv tənzimləməsinə və müdaxiləsinə çox böyük ehtiyac var ki, bu ajiotaj digər rayonlara keçməsin".

İqtisadçı Xalid Kərimli isə bildirib ki, Ukrayna taxılının zamanında dünya bazarına çıxmaması vəziyyəti gərginləşdirib və qiyməti artırıb:

"Dünyada taxıl ixracatının 8 faizə qədəri Ukraynanın payına düşür. Son aylarda bu istiqamətdə müsbət dəyişikliklər olub. Xüsusilə də Türkiyənin BMT ilə birgə müdaxiləsindən sonra Ukraynanın Odessa limanında qalan 20 milyon ton taxıl dünya bazarına çıxarılıb. Təkcə iyul ayında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) elan etdiyi taxıl qiymətləri indeksinə görə dünya bazarında taxılın qiyməti 11,5 faiz azalıb. Bu, son bir neçə ay ərzindəki azalmanın davamı olub. Taxıl bazarında vəziyyət ilin əvvəlində daha pis idi, məhsul yığımı mövsümünün olması vəziyyəti bir qədər yumşaldıb. Dünya taxıl bazarında isə iyul ayında azalma olub".

Ekspert ölkəmizdə 2022-ci ilin yanvarın 1-dən etibarən taxıl və un istehsalçılarına və idxalçılarına ayrılan subsidiyanın dayandırıldığını xatırladıb: "Bundan sonra zavod çörəyinin qiyməti 40 qəpikdən 65 qəpiyə qədər artdı. Hökumət hazırda taxıl idxalçılarına subsidiya vermir. Düzdür, artıq 2019-cu ildən taxılın idxalı zamanı tətbiq edilən rüsum vergiləri ləğv edilib. Amma 2020-2021-ci ildə subsidiya verirdi, dayandırıldıqdan sonra qiymətlər bazar şərtlərinə uyğun tənzimlənir. Bunun üzərində hökumətin nəzarəti mövcuddur. Hökumət taxıl məhsullarının ölkədən çıxarılmasına da nəzarət edir. 28 adda məhsul, o cümlədən də taxıl məhsullarının ölkədən çıxarılması, yenidən ixracı 2022-ci ilin fevralından İqtisadiyyat Nazirliyinin səlahiyyətinə verilib və birbaşa həmin qurumun icazəsi ilə mümkündür".

X. Kərimli dünya bazarında baş verən proseslərə əsasən hesab edir ki, əgər yaxın aylarda Rusiya-Ukrayna məsələsində ciddi problem olmazsa, taxıl bazarında da dramatik vəziyyət olmayacaq: "Dövlət başçısı da qeyd edib ki, Rusiya ilə Azərbaycanın yaxşı əlaqələri var və taxılı idxal edə bilir, müqavilələr bağlanıb və heç bir məhdudiyyət yoxdur".

İqtisadçı onu da əlavə edib ki, dünya bazarında taxılın qiyməti müqavilələrlə tənzimlənir:

"Ola bilər ki, 2-3 ay müddətinə daha baha qiymətə müqavilə imzalansın. Azərbaycanda taxılın qiyməti artsa da, iştirakçılar yeni məhsul alanda, onu daha ucuz qiymətə alacaqları üçün qiymət yenidən tənzimlənəcək. Dövlət subsidiyalar olmadığı üçün qiymətə nəzarət etdiyinə görə zaman-zaman iştirakçıların marağına uyğun qiymət təyin edir".

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics