Mədəniyyət

Teymur əmi koronavirusdan vəfat edib - YENİLƏNİB

11 İyun 2020 18:57
29 Şərh     Baxış: 14 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:57

04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub. Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub.

Milli.Az bildirirki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə məlumat verilib.

Bildirilir ki, tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulmuşdur. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb.

Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.

Qeyd edək ki, Azərbaycan milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev ömrünün 82-ci ilində vəfat edib.

----------
17:37

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən Trend-ə məlumat verilib.

Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, "Azkonsert" Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində - Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirib. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyyələrini verib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.