Mədəniyyət

Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - ARAŞDIRMA - FOTO

6 Aprel 2020 22:32
5 Şərh     Baxış: 81 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "ölkə.az"-a istinadən"Portret" rubrikasının növbəti sayını sizə təqdim edir.

Əhməd Ruminski...

Onun haqqında mətbuatda demək olar ki, çox az məlumata rast gəlinir. Nadir aktyorlardandır ki, çəkildiyi bircə filmlə bu gün də xatırlanır. Hətta bir çoxları onun oynadığı rolun gerçək peşəsi olduğunu düşünürlər.  Elə "Məşədi, bə mənim bir abbasım hara getdi" deyimini xatırlamaq kifayətdir dediklərimi isbatlamaq üçün. Heç şübhəsiz ki, söhbət "O olmasın, bu olsun" filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir.

Əvvəla onu qeyd edim ki, bu aktyorun bir adı olsa da, soyadına ayrı-ayrı mənbələrdə müxtəlif cür rast gəlinir: "Ruminski", "Əhmədov" və "Anatollu".

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət etmişdi. Atası Məmmədqulu kişi İranda anadan olmuşdu və oğlunu axund görmək istəyirdi. Elə buna görə də balaca Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Hər halda aktyor haqda araşdırma apararkən rast gəldiyimiz azsaylı bilgilər bundan ibarətdir. Araşdırmamızın sonrakı bölümündə isə aktyorun hansı azərbaycanlı aktrisa ilə yaxın münasibətdə olduğu haqda oxuyacaqsınız. Hələlik isə davam edək...

Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfil-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. Amma atası bu təklifə razı olmur. Çünki Əhməd Nəcəfil-Əşrəfə gedəcəyi halda ən azı 20-30 il ailəsindən kənar qalmalıydı.

Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyarmış. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olunur və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazanır. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaradır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxır. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. "Rumlu" təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirmiş. Deyilənə görə, aktyorun 5000-dən çox qəzəli mövcuddur. Amma onlardan demək olar ki, heç biri haqda məlumat yoxdur.

Əhməd Ruminski "O olmasın, bu olsun"dan başqa daha beş filmə çəkilsə də, heç bir rolu hambal qədər uğurlu olmayıb. Elə 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu", yenə də 1958-ci ildə "Kölgələr sürünür", 1960-cı ildə "Səhər", 1961-ci ildə isə "Bizim küçə" bədii filmlərində rol alır. Amma bir daha qeyd edim ki, sözügedən filmlərdən heç birində oynadığı rol hambalı unutdura bilmir. Bəs, Ruminski necə "hambal" olmuşdu? Deyilənə görə, hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Hüseyn Seyidzadə bir neçə aktyoru sınayıb, bəyənməyibmiş. Günlərin birində Əliağa Ağayev deyir ki, "bizim teatrda bir istedadlı aktyor var. Bəlkə onu sınayasınız". Bu o anlama gəlir ki, həmin vaxta qədər Ruminski cəmiyyətdə, eləcə də rejissorlar arasında elə də populyar deyilmiş. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.

Əhməd Ruminski ilə bağlı başqa bir fikirdə isə deyilir ki, o əsl epizod aktyoru imiş. Yəni aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.

Yalnız "Hacı Qəmbər" tamaşasında Cəbi rolunu oynayıb. Maraq üçün deyim ki, bu tamaşada Əhməd Ruminskinin tərəf müqabili "Xoruz baba" kimi tanıdığımız Hüseynağa Sadıxov imiş. Əhməd Ruminskinin Azərbaycan kinosu üçün bəlkə də ikinci ən böyük xidməti əfsanəvi Lütfəli Abdullayevlə bağlıdır ki, bu faktdan da çoxları xəbərsizdir. Həmin illərdə aktyorlar rayonlara qastrollara gedirmişlər və bu səfərlərin birində Ruminski gənc Lütfəlini görür, istedadını bəyənir. O vaxtacan Abdullayevin teatra böyük marağı olsa da, özünü təsdiqləyə bilmirmiş. Bu arada qeyd edim ki, Ruminski Lütfəli Abdullayevdən 12 yaş böyük olub. Məhz onun məsləhəti ilə gənc Lütfəli Bakıya, tanınmış teatr xadimlərindən sənətin sirlərini öyrənməyə gəlir. Hətta sonradan onlar 1938-ci ildə ilk Azərbaycan incəsənəti dekadasında iştirak etmək üçün Moskvaya gedirlər.
Tariyel Qasımov da təsdiq edir ki, Əhməd Ruminski epizod aktyoru olub və bu epizodları da çox böyük məharətlə ifa edib. Aktyor o qədər də cüssəli olmasa da, boyu çox hündür imiş.

Hətta "O olmasın, bu olsun" filmindəki ayrı-ayrı kadrlara baxanda da bunu sezmək olur.   Əhməd Ruminskini həm də gözəl ailə başçısı kimi xarakterizə edirlər:

"O həyatda çox ciddi adam olub. İki oğlu var idi. Deyilənə görə, ailədə də çox ciddi olub. İndi onun övladları Bakıda yaşayırlar. Zarafatı sevən deyildi, baxmayaraq ki, komediya oynayırdı. Özü də hambal rolundan sonra onu bütün ölkə tanıdı, şöhrət qazandı. Amma davranışlarında zərrə qədər də dəyişiklik olmadı".

Əhməd Ruminski dünyasını dəyişəndə 70 yaşı olsa da, heç vaxt fəxri ad almayıb.Yalnız natamam orta təhsili olan bu aktyor öz tay-tuşları olan Əliağa Ağayev, Ağadadaş. Qurbanov, Hüseynağa Sadıxov kimi sənətkarlarla dostluq edirmiş. Amma dostluq etməklərinə rəğmən onlar da Ruminski ilə zarafat eləməyə cəsarət etmirmişlər. Aktyorun qəribə səs tembri olub. Elə filmdəki səs onun özünündür. El dili ilə desək, azacıq burnunda danışmağı varmış. Əhməd Ruminskinin maddi durumu o qədər də yüksək olmayıb. Bakının "Sovetski" məhəlləsində yaşayan aktyor işə piyada gəlib-gedirmiş.

Əhməd Ruminskinin şəxsi həyatı ilə bağlı da maraqlı məlumatlar var. Həmin dövrdə Gənc Tamaşaçılar Teatrında bütün qadın baş rollarını Firəngiz Şərifova oynayırmış. Eyni kollektivdə çalışan Firəngiz Şərifova ilə Əhməd Ruminski arasında uzun müddət davam edən dostluq münasibətləri sevgi əlaqələrinə çevrilib. Amma maraqlıdır ki, Ruminski Şərifovadan nə az, nə çox düz 22 yaş böyük idi.

Mahir epizod aktyoru kimi Azərbaycan kino və teatr tarixində qalan Əhməd Ruminski 1982-ci ildə dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.